Mediaya vergi güzəştlərinin tətbiqi bu sahənin inkişafı üçün ciddi stimul olacaq MƏQALƏ
Azərbaycanda medianın inkişafının dəstəklənməsi istiqamətində bir çox tədbirlər həyata keçirilir. Bu təşəbbüslər jurnalistlərin peşəkarlığının artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması və onlar üçün əlverişli iş mühitinin yaradılmasına xidmət edir. Bu ildən etibarən isə medianın inkişafı baxımından növbəti və çox mühüm bir qərar qüvvəyə minib. Belə ki, media subyektlərinin fəaliyyətinin sitmullaşdırılması üçün onlara vergi güzəştləri verilib.
Media subyektləri dedikdə nə nəzərdə tutulur?
“Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, media subyekti dedikdə əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs nəzərdə tutulur. Media subyektlərinə audiovizual media subyektləri, çap mediası subyektləri, onlayn media subyektləri və informasiya agentlikləri daxildir. Audiovizual media subyektlərinə televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media daxildir. Çap mediası subyektlərinə isə il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media aid edilir. Onlayn media subyektləri audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan medianı əhatə edir. İnformasiya agentlikləri isə kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən mediadır.
“Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, media subyekti
dedikdə əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya)
yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs nəzərdə tutulur
Media subeyktlərinə hansı güzəştlər verilib?
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verilib. Qeyd olunan qanunun qüvvəyə minməsi ilə bağlı dövlət başçısı 1 aprel tarixində müvafiq Fərman imzalayıb. Media subyektlərinin öz fəaliyyətlərindən reklam gəlirləri də daxil olmaqla əldə etdikləri gəlirlər və Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə fiziki şəxslərin gəlir vergisindən, hüquqi şəxslərin mənfəət vergisindən və sadələşdirilmiş vergidən azaddır. Qeyd edək ki, reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan hallar istisna olmaqla əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.
Media subyektlərinin öz fəaliyyətlərindən reklam gəlirləri də daxil olmaqla
əldə etdikləri gəlirlər və Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar –
2023-cü il yanvarın 1-dən 3 il müddətinə fiziki şəxslərin gəlir vergisindən,
hüquqi şəxslərin mənfəət vergisindən və sadələşdirilmiş vergidən azaddır
Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də bu ildən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azaddır. Qeyd olunan güzəşt və azadolmalar audiovizual media subyektlərinə, yəni televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media subyektlərinə aid deyil. Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi güzəştlərinin verilməsi media təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir və bu tədbirlərin nəticəsi barədə nikbin proqnozlar səsləndirilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, bu güzəştlər medianın maliyyə dayanıqlığının artmasına, daha çox dövriyyə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsinə, həmin vəsaitlərin medianın inkişafına yönəldilməsinə və innovasiyaların təşviqinə əhəmiyyətli töhfə verəcək.
Gülay NƏBİYEVA