Sahibkar Fərid Abdullayev: “Sahibkarlara verilən imtiyazlar azad edilmiş ərazilərə investisiya qoyuluşunu sürətləndirir” MƏQALƏ
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün dövlət tərəfindən verilən güzəştlər həmin bölgənin iqtisadi fəaliyyətinin canlanmasında mühüm rol oynayır. Bu ərazilərin iqtisadi resurslarının və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi bu zonada özəl təşəbbüslərin stimullaşdırılmasına geniş imkanlar yaradır.
Azad edilmiş ərazilərdə sahibkarlar üçün yaradılan şəraitdən yararlanan şirkətlərdən biri də “İmprotex Qarabağ Sənayə Kompleksi” MMC-dir.
“Araz Vadisi” azad iqtisadi zonasında İmprotex Şirkətlər Qrupu tərəfindən təməli qoyulan “İmprotex Qarabağ Sənaye Kompleksi” Sənaye Parkının 5 hektar ərazisində investisiya həcmi 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatları istehsal edəcək. Layihənin həyata keçirilməsi ilə 120-dən çox iş yeri yaradılacaq. Müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən, 100 ədəd xüsusi zirehli texnika və 300 ədəd tentli yarımqoşqu istehsal olunacaq. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır.
“İmprotex Qarabağ Sənayə Kompleksi” MMC-nin direktoru Fərid Abdullayev bildirib ki, “Araz Vadisi” azad iqtisadi zonasındakı fəaliyyətlərindən gözləntiləri böyükdür. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur regionuna göstərdiyi diqqət, dövlət tərəfindən sahibkarlara verilən imtiyazlar bu bölgəyə investisiyaların qoyuluşunu sürətləndirir və stimullaşdırır. Güzəştlər yerli sahibkarların bu ərazidə iş görməsi, istehsal prosesinin, xüsusilə ixrac yönümlü istehsalın qurulması üçün böyük təkandır.
F.Abdullayev qeyd edib ki, istehsal edəcəkləri mallar yerli bazarda idxalın əvəz edilməsi və ixrac baxımından əhəmiyyətli məhsullardır: “Xüsusilə son illərdə tədarük zəncirləri dəyişir, sifariş olunan xammalların gec çatdırılması səbəbindən məhsulların istehsal müddətləri uzanır. Bu baxımdan ölkədə istehsal sahəsi yaratmağımız həm məhsulun qiyməti baxımından sərfəlidir, həm də məşğulluğun təmini baxımından əhəmiyyətlidir. Biz Qarabağ zonasında yerli əhalinin məşğulluğunun təmini üçün də çalışırıq. Artıq bununla bağlı müvafiq qurumlara sorğular göndərmişik. Tikinti işlərinə başlamazdan əvvəl müəssisəmizin yaxınlığında yaşayacaq əhali üçün təlimlərin keçirilməsinə başlamalıyıq ki, gələn il açılış olanda orada yaşayan sakinlər artıq tam püxtələşmiş mütəxəssislər olsunlar və məhsulu tam olaraq, özləri istehsal edə bilsinlər”.
İqtisadiyyat Nazirliyinin və onun qurumlarının sahibkarlara verdiyi dəstəyə görə təşəkkürünü bildirən F.Abdullayev nazirliyin sahibkarlar üçün yaratdığı iqtisadi şəraitin istehsalçılara məhsullarının satışına yardım etməklə yanaşı, onların yeni bazarlara çıxış imkanlarını artırdığnı da bildirib: “İqtisadiyyat Nazirliyi və onun qurumları ilə əməkdaşlıq nəticəsində xarici bazarlarda Azərbaycan istehsalçılarının üzünə yeni qapılar açılır. İqtisadiyyat Nazirliyi və onun strukturları özləri lazımı əlaqələrin qurulmasını təmin edir, Azərbaycanda istehsalın və ixracın artırılması üçün böyük perspektivlər vəd edən ciddi müştərilərlə birbaşa görüşlər keçirilir”.
İlhamə İSABALAYEVA