12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəhidlik zirvəsinin igid fatehi

25 fevral şəhid Asəf Nəsibovun doğum günüdür

“Cəbhəyə yola düşən gün həyət qapısının ağzında qolundan yapışıb “o üzümdən-bu üzümdən öp”, - dedim, gülə-gülə məni qucaqlayıb öpdü. Sonra “Bəlkə bu yerlərə bir də gəlmədim”, - deyə mahnı oxumağa başladı... Elə bil şəhid olacağını bilirdi balam. İş yerində də deyibmiş ki, şəhid olmaq nə yaxşıdır... Şəhid adı xoşuna gəldimi, ay bala?! İndi içim yana-yana öz-özümə deyirəm ki, arzularına çatdın, Asəf, nə deyirdinsə, o da gerçəyə çevrildi, şəhid oldun…”

Xədicə ana 3 il əvvəl nişanlı oğlu Asəfin toyuna hazırlaşırdı. Toy üçün hər cür tədarük də ediblərmiş, həyətlərində çadır qurub “Vağzalı” sədaları altında gəlin gətirmək üçün yalnız toyun tarixini dəqiqləşdirməliydilər... Asəfin nişanlanması pandemiya dövrünə təsadüf etdiyindən, həmin vaxt toy edə bilməyiblər. Sonra isə Vətən müharibəsi və beləcə, Nəsibovların nəinki toy, övladları Asəflə bağlı bütün arzuları param-parça olub. İndi Xədicə ana şəhid oğlunun ətrini paltarlarından alır: “Balamın bəy paltarı hələ də asılı qalıb. Mən indi onun paltarlarını, ayaqqabılarını qoxluyuram... Asəf olduqca diqqətli, mehriban, qayğıkeş övlad idi. O, hətta saçımı belə darayırdı. Xəstələnəndə başımın üstündə fır-fır fırlanırdı”.

"Aprel döyüşləri”ndən başlayan savaş yolu…

İki övlad sahibi olan Nəsibovlar ailəsi Qazax rayonunun Qaymaqlı kəndində yaşayır. Böyük övladları Asəf Nəsibov 25 fevral 1994-cü ildə anadan olub. 2011-ci ildə Qaymaqlı kəndinin Aydın Məmmədov adına ümumtəhsil məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Kimya mühəndisliyi" fakültəsinə daxil olub, 2015-ci ildə bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vurub. 2015-ci ilin iyul ayından etibarən həqiqi hərbi xidmətdə olub. Həmin dövrdə - 2016-cı ildə "Aprel döyüşləri”ndə iştirak edib. Xidmətini başa vurduqdan sonra müxtəlif müəssisələrdə işləyib, 2018-ci ilin noyabr ayından şəhid olduğu tarixə qədər isə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də mühəndis vəzifəsində çalışıb.

…Ermənistanla təmas xəttində yaşadıqları üçün Asəfin uşaqlığı elə güllə səsləri ilə keçib. Bu, onun düşmənə qarşı qisas hissini daha da alovlandırmışdı. Elə buna görə də Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yollanıb, snayper kimi düşmənə qan uddurub. 2020-ci il oktyabrın 29-da şəhid olan Asəf ölümündən sonra döyüşlərdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

“Bəs ordakıların anası yoxdur?”

Asəfin sağollaşmaq üçün sonuncu dəfə rayona gəldiyi günü yaddaşından silə bilməyən atası Səfəralı Nəsibov oğlunun müharibəyə gülə-gülə getdiyini hələ də unuda bilmir: “Səfərbərlik xidmətindən çıxıb birbaşa cəbhəyə tələsirdi, evə gəlmək istəmirdi, anası ilə görüşmək üçün birtəhər yola gətirdim. “A bala, o boyda ordumuz var, sən getməsən dünya dağılmaz ki…”, - deyən anasına Asəfin cavabı hələ də qulaqlarımdadır: “Bəs ordakıların anası yoxdur?” Bu sözdən sonra dilimiz-ağzımız qurudu, anası da israr etmədi. Bir-iki tikə yemək yedikdən sonra onunla birlikdə könüllü olaraq ordu sıralarına yazılan kənd uşaqları ilə yola düşdülər. Cavanların hamısı elə bil toya gedirdilər...”.

Vətənə olan sevgi o biri sevgiləri üstələdi…

Asəf böyük arzularla yaşayırdı - karyerasında irəli getmək, təhsilini daha da təkmilləşdirmək, qısa zamanda ailə qurub övlad sahibi olmaq istəyirdi. İşlədiyi "Sumqayıt Kimya Sənaye" Parkı MMC-də iş yoldaşları ilə toyu haqqında da söhbət edərmiş, “Toy rayonda olacaq ha… gələcəksizmi?”, - deyib o günü səbirsizliklə gözləyirmiş. “Toyuna hazırlaşırdıq. Özü də deyirdi ki, Rəna xanım, doğrudan rayona toyuma gələcəksiz? Deyirdim, vallah, hamımız gələcəyik, sən görəcəksən. Amma elə oldu ki, müharibə başladı. Arzuları yarıda qırıldı, Vətənə olan sevgisi o biri sevgiləri üstələdi”, - deyən Rəna Bağırova iki il eyni otaqda işlədiyi Asəf Nəsibovu xatirələrində təkcə savadlı bir kadr kimi deyil, həm də əsl Vətən oğlu, kişi xarakterli bir insan kimi saxlayıb.

Asəfin ölümünü hələ də heç cür qəbul edə bilmədiyini deyən nişanlısı Aygün Süleymanova göz yaşlarını gizlədə bilmir: “5 il idi onunla tanış olmuşdum. Asəfi hələ də yanımda hiss edirəm. Bilirəm ki, həmişəki kimi, yenə də məni qoruyur. Ömrümün sonuna kimi də belə olacağına inanıram. O, həyatımdakı ən etibarlı dostum, ən yaxın sirdaşım idi”.

“Narahat olmayın, hər şey yaxşı olacaq”

Qardaşından 4 yaş kiçik olan Asif Nəsibov Asəfin ona hər zaman dayaq olduğunu, düzgün yol göstərdiyini deyir: “Asəf əməliyyat olunmuşdu, müharibəyə getməyə də bilərdi. Ancaq həmin əməliyyat kağızını gizlətmişdi ki, biz tapa bilməyək”.

Qardaşı deyir ki, Asəf müharibə dövründə onlarla çox az əlaqə saxlayırdı, adətən 3-4 gündən bir zəng edir, həmişə də qısa danışırdı: “Harada olduğunu heç vaxt bizə demirdi. Sonuncu dəfə oktyabrın 24-də danışdıq. Biz ona zəng edə bilmirdik, həmişə o bizimlə əlaqə saxlayırdı, çünki öz telefonu yox idi, başqa-başqa telefonlardan zəng edirdi. Sonuncu dəfə danışanda dedi ki, narahat olmayın, hər şey yaxşı olacaq. Biz sonradan əsgər yoldaşlarından onun hansı çətinliklərdən keçdiyini eşitdik”.

“Hər gün onun şəkli ilə danışıram”

Asəf 30 ildən çox pedaqoji fəaliyyətlə məşğul olan Xalidə Babayevanın xatirəsində ağıllı, savadlı bir şagird kimi qalıb. Nümunəvi davranışı ilə seçilən Asəf onun tədris etdiyi riyaziyyat fənnini çox sevirmiş: “Mən ona riyaziyyatdan dərs keçirdim, yuxarı sinif şagirdləri dərslərini bilməyəndə onun yanına göndərirdim ki, gedin öyrənin. Kim ona müraciət etsə, sevə-sevə kömək edərdi. İdmanı da çox sevirdi, yarışlardan, olimpiadalardan həmişə qalibiyyətlə qayıdardı. Bir çox xüsusiyyətləri onu yaşıdlarından xeyli fərqləndirirdi. Asəfin fikirləri sinif yoldaşları üçün çox önəmli idi, onunla hesablaşır, sözünü dinləyirdilər”.

Şagirdi ilə bağlı xatirələri bitməyən müəllimə deyir ki, orta məktəbdə oxuduğu zaman Asəfin ən böyük arzusu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunmaq idi: “Ali məktəbə, demək olar ki, özü hazırlaşıb, repetitor yanına getməyib”. X.Babayeva bildirir ki, Asəf ali məktəbə yüksək balla qəbul olunduqdan sonra da müəllimini unutmayıb. Hər dəfə kəndə gələndə ona baş çəkib: “İşləməyə başladıqdan sonra özünə maşın almışdı, hər dəfə kəndə gələndə maşınını evimizin yanında saxlayıb mənimlə görüşürdü. İnanın ki, hər dəfə Asəfin dayanacaqdakı şəklinin yanından keçəndə ürəyimdə onunla danışıram. O, bizim hər birimizin fəxridir”.

“Sən ailənin tək övladısan, özünü qoru”

“Asəf son dəfə yuxuma girəndə mənə deyirdi ki, üstümə yağış yağır, anam çox ağlayır, ona deyin, ağlamasın. Onun göz yaşları burda mənim üstümə tökülür, ona deyin ki, mən yaxşı yerdəyəm”. Bunu isə Asəfin döyüş yoldaşı, Vətən müharibəsində onunla eyni bölükdə xidmət etmiş Cəbrayıl Zeynalov deyir: “Demək olar ki, bütün hərbi əməliyyatlarda bir yerdə olmuşuq. Yaralı olarkən döyüş bölgəsindən məni o çıxarıb. Ən çətin anlarda belə, döyüş yoldaşlarını pis vəziyyətdə qoymazdı. Bizdən yaşca böyük olduğundan, hamımız ona “əmi” deyə müraciət edirdik. Məndən ötrü çox narahat idi. Deyirdi ki, mənim bir qardaşım var, sən isə ailənin tək övladısan, özünü qoru… Amma təəssüf ki, biz onu qoruya bilmədik, düşmən snayperindən açılan atəş həyatına son qoydu, canından çox sevdiyi Vətən torpaqları uğrunda qəhrəmancasına ən ali məqama - şəhidlik zirvəsinə ucaldı…”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?