9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Made in Azerbaijan” brendi altında... REPORTAJ

“AMİNOL” sürtkü yağları zavodundan reportaj

Azərbaycanda qeyri-neft sənayesinin hökumətin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas tərkib hissələrindəndir. İqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir, mövcud təbii və iqtisadi ehtiyatların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, ölkədə sənaye parklarının yaradılması və inkişafı xüsusi önəm kəsb edir. Son illərdə Sumqayıt şəhəri respublikanın sənaye mərkəzi kimi əvvəlki şöhrətini bərpa edib desək, yanılmarıq. Bu yazıda oxucularımızı Sumqayıt Kimya Sənayesi Parkında (SCİP) yerləşən “AMİNOL” sürtkü yağları zavoduna səyahətə dəvət edirik...

ALCO MMC “AMİNOL” ticarət markası ilə Almaniya texnologiyası əsasında sürtkü yağları istehsal edir. Ümumi ərazisi 2,5 ha, istehsal prosesinin getdiyi ərazinin sahəsi isə 2.405 kvadratmetr olan zavod 2017-ci ildə fəaliyyətə başlayıb, illik istehsal gücü 36 min tondur. Burada sərnişin və ağır yük avtomobilləri üçün mühərrik yağları, motosiklet, hidravlik, transmissiya, kompressor, turbin, gəmi, aviasiya yağları, eyni zamanda adblue, antifriz və digər mayelər istehsal edilir. Müəssisə öz məhsullarını “Made in Azerbaijan” brendi altında 15 ölkəyə ixrac edir. Bu ölkələr arasında Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan, Moldova, Misir də var. “AMİNOL” brendi ilə yanaşı, “Socar”, “B.A.S.F.”, “Tomoil”, “Maximum” markalarını da “private label” şəklində istehsal edən şirkət ISO 9001, ISO 14001, ISO 17025, API , ATIEL, “Mercedes-Benz”, “General Electric”, “Volvo”, “Mack”, “Renault” və digər dünya nəhənglərinin sertifikalarına malikdir.

Zavodda iki xammal çənləri parkı, hazır məhsul çənləri parkı, qatqı çənləri parkı, anbar, istehsalat və dolum bölmələri mövcuddur. Birinci xammal çənləri parkının ərazisi 1.220 kvadratmetrdir. Çənlər üçün ayrılmış ərazidə 7 ədəd 200 kubmetr; 1 ədəd 400 kubmetr həcmində çən quraşdırılıb. Çənlərin üçü isitmə sistemi ilə təchiz edilib. Burada qatarlar və ya avtosisternlər ilə çatdırılmış baza yağları saxlanılır. Əzaridəki hər bir çənin temperaturu, doluluq səviyyəsi və həcmi haqqında məlumata idarəetmə panelindən nəzarət olunur. İkinci xammal çənləri parkının ərazisi isə 841 kvadratmetrdir. Bu çənlər üçün ayrılmış ərazidə hər biri 400 kubmetr həcmində 4 çən quraşdırılıb. Daxili hazır məhsul çənlərinin yerləşdiyi ərazidə müxtəlif reseptli yağlar hazırlanır. Sex daxilində yerləşən istehsalat bölməsi 2.405 kvadratmetrlik sahəyə malikdir. Zavodda hazırlanan məhsuların fiziki və kimyəvi xüsusiyyətləri labolatoriyada ASTM (American Society for Testing and Materials) standartlarına əsasən yoxlanılır. Dolum bölməsində yağlar qablaşdırılaraq anbara yığılır. Antifriz və adblue istehsalı üçün nəzərdə tutulmuş müvafiq bina ayrılıb.

Zavodun nəzdində fəaliyyət göstərən müasir sınaq laboratoriyasının əsas iş prosesi sürtkü yağlarının ISO 17025 standartına əsasən fiziki-kimyəvi göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun təyin edilməsidir. Zavodda istehsal olunan məhsulların sınaq laboratoriyasında analizi aparılır, standartlara uyğunluğu müəyyənləşdirilir. Laboratoriyada təkcə zavodun məhsulları deyil, həmçinin xarici ölkələrdən daxil olan məhsullar da analiz edilir. Laboratoriyanın əməkdaşı Matilda Yusifova bildirir ki, istehsal prosesindən sonra müvafiq standarta uyğun olaraq, nümunə götürülərək analiz üçün laboratoriyaya verilir: “Nümunə laboratoriyaya təhvil verildiyi andan etiketlənir və sınaq nümunələrinin izlənilməsi proseduruna əsasən sənədləşmə aparılır. Analizin nəticələri qiymətləndirilərək məhsulun standartlara uyğunluğu müəyyənləşdirilir. Sınağı tamamlanmış nümunələr, müştərinin tələbindən asılı olaraq, ən çoxu 6 ay müddətində laboratoriyanın nəzdində saxlanılır. Sınaqdan əldə olunan analiz nəticələri texniki qeydlər şəklində saxlanılır”.

Zavodda, həmçinin, istehsal olunan yağların, adblue və antifrizin doldurulması üçün plastik bidon istehsalı sexi də fəaliyyət göstərir. Bildirildi ki, bu bidonların istehsalı zamanı istifadə olunan xammallar HDPE (High Density Polyethylene) tipli dünyada tanınmış firmaların məhsullarıdır. 18, 20, 25 və 30 litr həcmində plastik bidonların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın işləmə prinsipi hidravlik və pnevmatik sıxılma prosesinə əsaslanır. Ən maraqlısı odur ki, istehsal zamanı məhsulun artıq qalmış plastik hissələrindən təkrar emal üçün də istifadə etmək olur. Həmin plastik hissələri doğrayaraq qranula şəklinə gətirmək üçün xüsusi qırıcı avadanlıqdan istifadə edilir. Qırıcıda doğrandıqdan sonra istehsala yararlı vəziyyətə gətirilmiş plastik parçalar xüsusi pompa vasitəsilə qaba doldurulur, oradan vakuum pompaları ilə mikserə göndərilir.

Zavodla tanışlığımızın son dayanacağı ərazisi 150 kvadratmetr təşkil edən təsərrüfat anbarıdır. Ehtiyat hissələrin saxlanılması və digər məqsədlər üçün ayrılmış ərazidə yerləşən anbarın təhlükəsizliyinə xüsusi diqqət yetirilir - ətrafında tezalışan maye istehsal edilən obyektlərin olmaması məhz buna hesablanıb. Anbar binası isə hazır məhsulun qablaşdırılmış vəziyyətdə saxlanılması üçün ayrılmış ərazidir. Tara anbarında dolum və istehsalat üçün lazım olan xammallar saxlanılır.

...Bununla da səyahətimiz başa çatır. Sonda onu qeyd etmək istərdik ki, bu cür zavodlar ixracyönümlü məhsulların istehsalının genişləndirilməsi, ölkəmizin neft-qaz amilindən asılılığının azaldılması, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafı, istehsal sektorunda məşğulluğun təmin edilməsi üçün yeni imkanlar açır...

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?