12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar sahənin inkişafına təkan verən yeni mexanizmlər MƏQALƏ

  • Ötən il Azərbaycanda 10 milyard 984 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

  • Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqləri verilib.

  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir (mənfəət) vergisindən azad edilib.

Azərbaycanda həyata keçirilən aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakın səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsinə, bu sahədə sahibkarlığın müasir tələblərə uyğun formalaşdırılmasına və inkişafına yönəldilib. Dövlət başçısı tərəfindən qəbul olunmuş qərarlar, ölkədə aqrar sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ildə ölkəmizdə 133,8 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 4,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bunun da 4,8%-i kənd təsərrüfatı sahəsinin payına düşüb. Ötən il Azərbaycanda 10 milyard 984 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib və bu, 2021-ci illə müqayisədə 3,4% çoxdur. İstehsal edilmiş bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 3,3% artaraq 5 milyard 538 milyon dollar, heyvandarlıq məhsullarının dəyəri isə 3,4% artımla 5 milyard 446 milyon dollar təşkil edib.

Kənd təsərrüfatı məhsullarının ixrac potensialı artır

Azərbaycanda qeyri-neft sektorunun inkişafında önəmli rol oynayan kənd təsərrüfatı sahəsi yerli məhsullarımızın ixracında da əhəmiyyətli yerə malikdir. Bu baxımdan, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı iqtisadiyyatın prioritetlərindən biri kimi müəyyənləşdirilib. Respublikamız artıq nəinki bir çox strateji məhsullara olan tələbatını yerli istehsal hesabına ödəyir, hətta xarici ölkələrə də kənd təsərrüfatı məhsulları ixrac edir. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 679 milyon dollardan artıq dəyərdə kənd təsərrüfatı məhsulları ixrac edilib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 4,1% çoxdur.

Yeni təşviqlər inkişafa zəmin yaradır

Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 2021-ci il 15 iyul tarixli fərmanı ilə (https://president.az/az/articles/) idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların dairəsinin müəyyənləşdirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal olunan yerli məhsulların qiymətinin aşağı salınması üçün aqrar emal müəssisələrinə vergi təşviqlərinin verilməsi müəyyən edilib. Bunları nəzərə alaraq, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqləri verilib. Dəyişikliklərə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən şəxslər müvafiq siyahının təsdiq olunduğu ildən etibarən 7 il müddətinə əldə etdikləri gəlirin (mənfəətin) 50 faizi həcmində gəlir (mənfəət) vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən azad olunublar. Aqrar sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyətinin dayanıqlığının təmin edilməsi və onların növbəti investisiya layihələrinin icrasının stimullaşdırılması məqsədilə həmin müəssisələrə də investisiya təşviqi sənədinə malik olan vergi ödəyicilərinə bərabər həcmdə vergi güzəşti verilib. Nəticədə həm yeni fəaliyyətə başlayan, həm də fəaliyyətdə olan müəssisələr eyni həcmdə güzəşt əldə ediblər.

Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. Lakin bu sektorda çalışan hüquqi və fiziki şəxslərin kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlirlərlə yanaşı, satışdankənar gəlirləri də mövcuddur və həmin gəlirlərə güzəşt tətbiq edilmirdi. Bunu nəzərə alaraq, təşviq siyasətinin davam etdirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir (mənfəət) vergisindən azad edilib. Hüquqi şəxslərə münasibətdə bu, 2023-cü il yanvarın 1-dən 1 il müddətinə, fiziki şəxslərə münasibətdə isə müddətsiz tətbiq edilib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan rezident hüquqi şəxslərin təsisçilərinin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad olunub ki, bu da təsisçi maraqlarına xidmət etməklə əlavə investisiya qoyuluşlarına təkan verəcək.

Sadalanan bütün bu güzəştlər rəqabət qabiliyyəti yüksək olan kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal olunan yerli məhsulların qiymətinin aşağı salınmasına mühüm töhfələr verəcək.

Mövzu ilə əlaqəli materiallar:

https://www.taxes.gov.az/az/post/2267
https://vergiler.az/news/article/22098.html
https://vergiler.az/news/economy/20922.html

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?