İnvestisiya təşviqi mexanizmi təkmilləşdirilir
- Ötən müddət ərzində 473 sahibkarlıq subyektinə 571 investisiya təşviqi sənədi verilib.
- Bu, indiyədək ölkəmizdə olmayan istehsal sahələrinin yaradılmasına səbəb olub.
- İnvestisiya təşviqi sənədi əldə etmiş hüquqi şəxslər böyük üstünlüklər qazanırlar.
İnvestisiya təşviqi mexanizmi barədə ətraflı: https://bit.ly/3CrSxmi
Azərbaycanın böyük şəhərlərində - Bakı, Gəncə və Sumqayıtda, eləcə də Abşeron rayonunda investisiya təşviqi sənədinin verilməsinin məhdudlaşdırılması, əsasən, regional istiqamətlər üzrə təşviq mexanizminin tətbiqinin nəzərdə tutulması ilə bağlıdır.
Bunu “vergiler.az”a İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Bəxtiyar Əliyev Prezident İlham Əliyevin investisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı 20 dekabr 2022-ci il tarixli fərmanını (https://president.az/az/articles/view/58246) şərh edərkən deyib.
Azərbaycan iqtisadiyyatına investisiyaların cəlbinin çox əhəmiyyətli olduğunu vurğulayan nazirlik rəsmisinin sözlərinə görə, yeni fərmanla ölkədə mövcud olan investisiya təşviqi mexanizmi təkmilləşdirilib. Həmin təkmilləşdirmə bir sıra istiqamətləri - sənaye məhəllələrində və aqroparklarda, turizm və rekreasiya zonalarında, regionlarda həyata keçiriləcək layihələri əhatə edir. Sənəddə strateji layihələrin təşviq edilməsi məsələsi də öz həllini tapıb.
B.Əliyev bildirib ki, ölkə başçısının müvafiq tapşırığı ilə strateji layihələrin istiqaməti ilə əlaqədar olan məsələlərin hazırlanması İqtisadiyyat Nazirliyinə tapşırılıb. Hazırda nazirlikdə bu istiqamətdə araşdırmalar davam edir. Sözügedən məsələlərlə bağlı təkliflər fərmanda nəzərdə tutulmuş müddət ərzində təqdim ediləcək: “Fərmanla investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ də cədvəl formasında təsdiq edilib. Bu cədvəldə əvvəl mövcud olmuş istiqamətlərlə yanaşı, bir sıra dəyişikliklər də öz əksini tapıb. Belə ki, ilk dəfə olaraq, tullantıların emalı məsələsi aktual məsələ kimi investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrinin siyahısına daxil edilib. Digər tərəfdən, kənd təsərrüfatı layihələri istiqamət kimi cədvəldən çıxarılıb, onların digər mexanizmlər vasitəsilə təşviq edilməsi nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilər isə bu layihədə nəzərə alınmayıb, çünki işğaldan azad edilmiş ərazilər üzrə layihələr daha geniş güzəşt mexanizmi ilə əhatə edilir. Bununla bağlı məsələlər müvafiq normativ-hüquqi sənədlərdə artıq öz əksini tapıb”.
B.Əliyev əlavə edib ki, ötən müddət ərzində investisiya təşviqi mexanizminin tətbiqi sahibkarlar tərəfindən ölkə iqtisadiyyatına çox böyük məbləğdə investisiyaların qoyulmasına səbəb olub. Belə ki, ötən müddət ərzində 473 sahibkarlıq subyektinə 571 investisiya təşviqi sənədi verilib. Həmin sənədlərin verilməsi nəticəsində ölkə iqtisadiyyatına 5,5 milyard manat məbləğində investisiyanın qoyulması, 37,8 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, verilmiş investisiya təşviqi sənədlərinin 86 faizinin regionlarda həyata keçirilməsi də çox təqdirəlayiq haldır. İnvestisiya təşviqi sənədi almış layihələrin təqribən 60 faizi sənaye, 36 faizi kənd təsərrüfatı, 3 faizdən çoxu turizm və logistika üzrədir.
B.Əliyev qeyd edib ki, investisiya təşviqi sənədlərinin verilməsi ölkəmizdə bu vaxta qədər mövcud olmayan yeni avadanlıqların, texnikaların ölkəmizə gətirilməsinə, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda, indiyədək ölkəmizdə olmayan istehsal sahələrinin yaradılmasına səbəb olub. İnvestisiya təşviqi sənədi əldə etmiş hüquqi şəxslər ölkədə mövcud olmayan avadanlıqların, texnikaların, texnoloji avadanlıqların və qurğuların ölkəyə idxalında böyük üstünlüklər əldə edirlər. Belə ki, ötən müddət ərzində ölkə ərazisinə 867 milyon ABŞ dolları dəyərində müvafiq texnika idxal edilib. Bunun nəticəsində sahibkarlarımız 217,7 milyon dollar məbləğində güzəşt əldə ediblər ki, həmin vəsaiti də digər layihələr və istiqamətlər üzrə investisiya qoyuluşuna yönəldiblər: “Qeyd etmək lazımdır ki, ölkəmizin ixrac potensialı son illər ərzində durmadan artır. 2022-ci ilin nəticələrinə əsasən, qeyri-neft ixracımızın həcmi 3 milyard dollar civarındadır. Burada da investisiya təşviqi sənədi almış layihələrin çox böyük əhəmiyyəti var”.