14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bağa baxarsan, bağ olar... REPORTAJ

Bağ-bağat ta qədimdən insanların həyatında ruzi-bərəkət, firavanlıq, abadlıq, təbiətdə tarazlıq, harmoniya mənbəyi olub. “vergiler.az”ın müxbiri Azərbaycanın ən böyük bağlarından birində – ölkənin əsas badam istehsalçısı olan “AZBADAM” MMC-nin istehsalat sahəsində olub.

İlk addımlar

“AZBADAM” ölkəmizdə badam biznesini inkişaf etdirmək üçün 2016-cı ildə təsis edilib. 2017-ci ildə 80 hektarlıq ilk bağın salınmasına başlanılıb. 2018-ci ildə becərmə davam etdirilib, ümumilikdə 427 hektar sahədə məhsuldar badam sortları əkilib. 2019-cu ildə 90 hektar sahədə yeni badam bağları salınmaqla layihənin birinci mərhələsi başa çatdırılıb. 2020-ci ildə regionda ilk badam emalı zavodunun tikintisinə başlanılıb və zavod 2023-cü ilin avqustunda istifadəyə verilib. Zavodun texnoloji xətti İspaniyanın “Jozep Borrell Group” şirkətindən alınıb. “AZBADAM”ın əsas fəaliyyət istiqaməti həm öz məhsulunun, həm də digər bağlarda yetişdirilən badam məhsullarının emalı və satışıdır.

Ucsuz-bucaqsız badam bağları

Qala qəsəbəsinin girəcəyindən silsilə badam bağları uzanır və adama elə gəlir bu bağların ucu-bucağı yoxdur, onlar sanki sonzuzluğa qədər davam edir. Bağın hər hektarına xarici ölkələrdən gətirilən 700-dən çox ağac düşür. Burada yüksək məhsuldarlıqlı məşhur Aralıq dənizi sortları - "Quara", "Avijor", "Belona" və "Soleta" yetişdirilir.

Asiya mənşəli “Quara” badamı İspaniyada 1980-90-cı illərdə yayılıb. Bu sort quraqlığa dözümlülüyünə, bol məhsuldarlığına görə regionun ən çox becərilən bitkilərindəndir.

“Avijor” çeşidi sentyabrın ortalarında yetişir. Bu yumşaqqabıq badamın içinin məhsuldarlığı 30-31%-dir.

Nəhayət, badam bağları seyrəlməyə başlayır və biz müəssisənin ofisinə daxil oluruq. Ofisin hər tərəfində badam haqqında müxtəlif kəlamlar oxuya bilərsiniz. Onlardan biri diqqətimi xüsusilə cəlb edir: “Adam-badam iysi gəlir, yağlı badam iysi gəlir…”

Zavodda badam əvvəlcə yad cisimlərdən təmizlənir, bundan sonra ləpənin qabığı soyulur, çeşidlənir, qurudulduqdan sonra növlərə və 5 müxtəlif kalibrə bölünərək satış üçün qablaşdırılır. Ən müasir avadanlıqla təchiz edilmiş emal müəssisəsinin illik gücü 2 min ton badam çəyirdəyidir. Bu nəinki yerli bazarı təmin etməyə imkan verir, həm də ixracyönümlü satış strategiyasının hazırlanmasına töhfə verir.

Azərbaycanda badam yığımı avqustun sonunda başlayır və 40-45 gün davam edir.

“Badam dağları”

Ofisdən çıxırıq, bir qədər irəliləyəndən sonra özümüzü “badam dağlarının” əhatəsində görürük. Əvvəlcə bu qalaqlardakının istifadəyə yararsız badamlar olduğunu düşündüm, amma əyilib diqqətlə baxanda onların arasında sağlam badamların olduğunu görürəm. Uşaqlığımın şirin xatirələri gözlərimdə canlanır, ərik çəyirdəklərini daşla sındırardıq. Əlbəttə, badamı da daşla sındırmadan keçmək olmaz. Badımın dadı az qala uşaqlığımdakı dad kimidir...

Badamın yerə sərilmiş örtüyə tökülməsi üçün ağacı silkələmək lazımdır. Bağı becərənlər gün ərzində 5-6 hektar sahədən 8-9 ton məhsul yığırlar. Keyfiyyətinin qorunması üçün badam üç gün qurudulur.

“Havadan hücum” dəstəsi

Badamı təkcə biz sevmirik, digər canlılar da həvəslə yeyirlər. İstehsal prosesini izləyərkən dövrə vurub uçan bir dəstə quş gördüm. Onları kiçik bir traktor oradan uzaqlaşdırırdı. Traktor dayanan kimi quşlar badamlara cumurdu. Sonra traktor yenidən peyda olur və quşları qovmağa başlayırdı. Quşların bu traktora nə qədər nifrət etdiyini təsəvvür edirəm!

Beynəlxalq təcrübəyə görə, badam ağaclarına xüsusi quş qorxuluqları quraşdırılır. Ultrasonik elektron cihazlar quşları insanlar üçün eşidilməz olan səslə qorxudur. Bu metodun üstünlüyü onun insanlar üçün heç bir narahatlıq yaratmamasıdır.

Hara baxsan, badamdır

Başqa bir traktorun badamları boşaltdığı sahəyə gəlirik. Buradan badamlar çeşidlənməyə göndərilir. Beynəlxalq sertifikat normalarına uyğun olaraq bizə maska və papaq verirlər.

Hara baxsan, badam görürsən: yerdə, divarlarda, qutularda... Burada badamı dadmadan gözünüzlə də “yeyib” doya bilərsiniz. Nəhayət, əsas hadisələrin cərəyan etdiyi iki böyük çənin olduğu nəhəng, qapalı otağa daxil oluruq. Buradan kəskin badam qoxusu gəlir, bu, bir qədər nəm qoxusunu da xatırladır... Bu çənlərdə badam təmizlənir və sonra onların seçilməsinə başlanılır. Otağın ən sonunda qabığı soyulmuş ləpələri seçən işçilər oturur və onların çeşidlədiyi badamlar xüsusi qurğulara göndərilir. Otaq müxtəlif növ badam yığılmış nəhəng kisələrlə doludur...

Zavod rəsmilərinin sözlərinə görə, “AZBADAM” 2024-cü ildə daxili tələbatı ödəməkdən əlavə, Avropa İttifaqı, MDB və Mərkəzi Asiya ölkələrinə, eləcə də Türkiyə, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə məhsul ixrac etməyi planlaşdırır.

Qapalı otaqdan çıxmağın, açıq havada gəzməyin vaxtı çatır…

Maraqlı faktlar

Bizim torpağımızda badam yetişdirmək dünyanın digər ölkələrinə nisbətən xeyli asandır. Badam istiliyi və bol işığı sevir. Əlverişli şəraitdə hər hektarın məhsuldarlığı 2.500 kq-a qədər ola bilər. Lakin bağlardan maksimum məhsulu ağaclar əkiləndən 5 - 6 il sonra əldə etmək olur...

Badam tibdə və qənnadı məmulatlarının hazırlanmasında istifadə olunur. Dünya satış bazarlarında ona böyük tələbat var, istehsalçılar badamdan böyük gəlir əldə edirlər. Badam yağı əczaçılıq və kosmetika sənayesində yüksək qiymətləndirilən acı badam sortlarından alınır.

Badam ağacı xoşagəlim qırmızı rəngədədir və cilalandıqda cəlbedici parıltı verir, buna görə də sənət əsərlərinin və mebellərin hazırlanmasında ondan istifadə edilir.

Dünyada ildə bir milyon tondan çox badam istehsal olunur. Onun aparıcı istehsalçıları ABŞ və Avstraliyadır. Statistikaya görə, dünyada badam istehsalının 80 faizi Kaliforniya ştatının payına düşür. Avropada İspaniya, İtaliya və Yunanıstan badam istehsalının aparıcı ölkələri sayılır.

2015-2019-cu illərdə ölkəyə illik 6 milyon ABŞ dolları dəyərində badam idxal edilib.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?