14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli pul nişanları: fiziki köhnəlmə labüddürmü?

Təcrübə göstərir ki, istər kağız, istərsə də metal pul nişanları müəyyən müddət tədavüldə olduqdan sonra fiziki köhnəlmə baş verir. Aşağı nominallı pul nişanları, dövretmə sürəti və istifadə intensivliyindən asılı olaraq, iri nominallı pul nişanlarına nisbətən daha tez köhnəlməyə və aşınmaya məruz qalır. Bəs bunun səbəbi nədir? Dövriyyədə olan kağız və dəmir pulların istifadə müddəti nə qədərdir? “Vergiler.az”ın bu və digər suallarına Mərkəzi Bank aydınlıq gətirib.

Yüksək keyfiyyət parametrləri, müasir mühafizə fəlsəfəsi və vahid dizayn konsepsiyası

Qurumdan bildirilib ki, milli pul nişanları yüksək keyfiyyət parametrləri, müasir mühafizə fəlsəfəsi və vahid dizayn konsepsiyasına əsasən hazırlanıb və dünyanın qabaqcıl valyutaları ilə müqayisə olunan səviyyədədir: “Pul nişanlarının tədavüldə fiziki köhnəlməsinə və estetik cəhətdən korlanmasına səbəb olan amillərdən biri əhalinin pul nişanları ilə davranışıdır. Hazırda milli pul nişanlarımızın (banknotlar və metal pullar) tədavüldə istifadə müddəti 1,5 ildən başlayaraq 5 ildən artıq müddətə qədər təşkil edir. Onların fiziki dayanıqlığının və bununla da dövriyyədə istifadə müddətinin yüksəldilməsi istiqamətində Mərkəzi Bank tərəfindən pulların yenilənməsi prosesləri həyata keçirilir. Belə ki, yenilənmiş 1 və 5 manatlıq banknotlar xüsusi texnologiya əsasında hazırlanıb. Bu da onların ömür müddətinin daha da uzadılmasına imkan verir”.

Pul nişanlarının dəyişdirilməsinə gəlincə, Mərkəzi Bankdan bildirilib ki, bu, iqtisadi, siyasi, təhlükəsizlik, texnoloji və s. kimi amillərdən qaynaqlanır. Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən pul nişanlarının dizaynında və mühafizə sistemlərində dövri yenilənmələr əsasən onların saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə aparılır. Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 16 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib.

Pul nişanlarının tədavüldə fiziki köhnəlməsinə və estetik cəhətdən korlanmasına
səbəb olan amillərdən biri əhalinin pul nişanları ilə davranışıdır.
Hazırda milli pul nişanlarımızın (banknotlar və metal pullar) tədavüldə
istifadə müddəti 1,5 ildən başlayaraq 5 ildən artıq müddətə qədər təşkil edir.

“Dünyanın ən yaxşı yeni banknotu”

Mərkəzi Bank da beynəlxalq təcrübəni nəzərə alaraq, pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarının mövcud konsepsiya çərçivəsində əsas dizayn motivlərini saxlamaqla, pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr həyata keçirib. Bu çərçivədə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları, cari ilin fevral ayından yenilənmiş 20 manatlıq pul nişanı, cari ilin iyun ayından isə yenilənmiş 10 manatlıq pul nişanı tədavülə buraxılıb.

Qeyd edək ki, yenilənmiş 50 manatlıq pul nişanı ABŞ-ın Beynəlxalq Pul Nişanları Assosiasiyası tərəfindən təşkil edilmiş müsabiqədə mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən yaxşı yeni banknotu” tituluna layiq görülərək qalib seçilib.

Yaxın vaxtlarda pul çapı və dizaynı ilə bağlı yeniliklər də gözlənilir. Mərkəzi Bank beynəlxalq təcrübəni nəzərə alaraq ötən dövrdən pul nişanlarının mövcud konsepsiya çərçivəsində əsas dizayn motivləri saxlanılmaqla, dizaynının və mühafizə elementlərinin yenilənməsini davam etdirir. Mərkəzi Bankın sədri vəzifəsinə yeni təyinatla əlaqədar təyinat tarixindən sonra istehsal olunacaq kağız pul nişanlarında yeni rəhbərin imzasının təsvir olunması nəzərdə tutulur.

Onu da deyək ki, hazırda gündəlik dövriyyədə iri nominallı əskinaslara az rast gəlinir. Bununla bağlı suala cavab olaraq bildirilib ki, Mərkəzi Bank ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və zəruri nominal strukturda ödənilməsini ölkədə fəaliyyət göstərən banklar vasitəsilə təmin edir. Banklar öz tələbatlarına əsasən Mərkəzi Bankdan bütün nominallı pul nişanlarını məhdudiyyətsiz şəkildə sifariş edərək əldə edirlər: “Bütün dövrlərdə kommersiya banklarının tələbi Mərkəzi Bank tərəfindən tam həcmdə və adekvat strukturda ödənilib. Hazırda tədavüldə hər hansı nominallı pul nişanlarının çatışmazlığı halı müşahidə olunmur. Belə ki, cari ilin əvvəlinə tədavüldə 100 və 200 manatlıq pul nişanlarının xüsusi çəkisi məbləğlə 84.5%, ədədlə isə 11.3% təşkil edib”.

Hazırda tədavüldə hər hansı nominallı pul nişanlarının çatışmazlığı halı
müşahidə olunmur. Belə ki, cari ilin əvvəlinə tədavüldə 100 və 200 manatlıq
pul nişanlarının xüsusi çəkisi məbləğlə 84.5%, ədədlə isə 11.3% təşkil edib.

Yubiley və xatirə pul nişanları

Beynəlxalq təcrübədə müxtəlif ölkələrin mərkəzi bankları tərəfindən mütəmadi olaraq tədavülə həmin ölkələrə dair ictimai, siyasi, mədəni və tarixi proseslərə, eləcə də əlamətdar hadisələrə həsr olunan yubiley və xatirə pul nişanları buraxılır. Bu pul nişanları qeyd olunan proseslər və hadisələrlə yanaşı, həmin ölkələrin tarixinin, görkəmli şəxsiyyətlərinin, mədəniyyətinin, elm və incəsənətinin, flora və faunasının təşviq edilməsini və onların beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin edən ən uğurlu vasitələrdən biri sayılır.

Azərbaycan Mərkəzi Bankı da xatirə pul nişanlarının tədavülə buraxılmasını təmin edir: “Beynəlxalq təcrübədə yubiley və xatirə pul nişanları həsr olunduğu mövzunun aktuallığı və əhəmiyyətindən asılı olaraq adətən müxtəlif qiymətli metallardan hazırlanır. Onların konkret limit çərçivəsində və məhdud sayda istehsal olunması, ilk növbədə, belə pul nişanlarının numizmatik əhəmiyyətini artırır. Eyni zamanda, yubiley və xatirə pul nişanları qiymətli metallardan hazırlandığı üçün bəzi hallarda onlar əhali tərəfindən yığım aləti kimi də istifadə olunur. Məhz belə təcrübədən irəli gələrək, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən də tədavülə yubiley və xatirə pul nişanlarının buraxılması ilə bağlı siyasət qəbul edilib. Bu çərçivədə yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması təmin edilib” – deyə Mərkəzi Bankdan bildirilib.

Qeyd edək ki, tədavülə buraxılan yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?