22 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uçot sistemi təkmilləşdirilir

Uçot və qeydiyyatla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədi səmərəli vergi nəzarəti sisteminin qurulması, vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin uçotunun təkmilləşdirilməsi yolu ilə effektiv vergi nəzarətinin təmin edilməsidir. Müsahibimiz Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovdur.

- Ələkbər müəllim, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə vergi ödəyicilərinin uçot məlumatlarının dəqiqləşdirilməsi və uyğunsuzluqların aradan qaldırılması istiqamətində hansı addımlar atılıb?

- Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir və vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi daşıyır.

Vergi nəzarəti formalarından biri uçota nəzarətdir. Daha dəqiq desək, Vergilər Nazirliyinin mövcud informasiya sisteminin məlumatlarına və digər dövlət qurumlarından alınan məlumatlara əsasən, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, vergi ödəyicilərinin və uçot vahidlərinin uçotunun aparılmasını əhatə edən vergi nəzarəti həyata keçirilir. Bu nəzarət vergi ödəyicilərinin, təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının və POS-terminalların uçota alınmasını, bank hesablarının açılmasını, baza məlumatları ilə vergi ödəyicilərinin faktiki vəziyyəti arasındakı kənarlaşmaların aşkar olunmasını və müvafiq tədbirlərin görülməsini əhatə edir.

Qeyd edim ki, Vergi Məcəlləsinin yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyən olunduqda, vergi orqanı tərəfindən vergi ödəyicisinə məlumat verilməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilmişdir. Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən, vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir.

Vergi ödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyən olunduqda, vergi orqanı tərəfindən vergi ödəyicisinə məlumat verilməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilmişdir

- Vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) yenidən uçota alınması və uçot yerinin dəyişdirilməsi prosesi necə həyata keçirilir?

- Vergi Məcəlləsinin bu ildən qüvvəyə minmiş 34.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda isə o, iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir.

- Məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınma prosedurları necədir?

- "Sosial sığorta haqqında" Qanunda edilmiş dəyişikliklərdə göstərilir ki, məcburi dövlət sosial sığorta münasibətlərinin iştirakçısı olan şəxslərin uçota alınması və onlar tərəfindən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Bu məqsədlə VÖEN-i olmayan, lakin məcburi dövlət sosial sığorta haqlarının ödəyicisi olan şəxslər vergi uçotuna alınmalı və müvafiq hesabatlar vergi orqanına təqdim edilməlidir.

"Sosial sığorta haqqında" Qanunun 13-cü maddəsinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan (uçot yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir), mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilir) aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə Vergilər Nazirliyinə müraciət edir.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə maliyyə sanksiyalarının tətbiqi Vergi Məcəlləsinə daxil edilmişdir. Məcəllənin 57.1-1-ci maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilmiş müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatadək olan işçidən 6 manat məbləğində sosial sığorta haqqı tutulur (200 x 3% = 6 manat).

Sığorta haqqına cəlb edilən aylıq gəlir

Sosial sığorta haqqı dərəcəsi

Cəmi

Sığortaolunanın gəlirlərindən tutulan Sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Bununla yanaşı, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə işçinin əməkhaqqının 0,5 faizi məbləğində müəyyən edilmişdir.

Misal: Sığortaedənin vəsaiti hesabına ödənilən: İşçinin 1.500 manat əməkhaqqı üçün işəgötürənin vəsaiti hesabına 239 manat sosial sığorta haqqı, 7,5 manat məbləğində isə işsizlikdən sığorta üzrə sığorta haqqı ödənilir (200 x 22% + 1.300 x 15% = 239; 1.500 x 0,5% = 7,5).

Nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu il tarixədək həmin məbləğə görə işəgötürənin vəsaiti hesabına 330 manat sosial sığorta haqqı ödənilirdi (1.500 x 22% = 330 manat).

- Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində edilmiş dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı məsələləri Mülki Məcəllə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunla tənzimlənir. Bununla belə, qeyd etməliyik ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna 28 dekabr 2018-ci il tarixdə edilmiş dəyişikliklər islahat xarakterli olmaqla hüquqi şəxslərin onlayn qeydiyyat məsələlərini təkmilləşdirmişdir. Son dəyişikliyə əsasən, Azərbaycan Respublikasında hüquqi şəxslərin elektron qeydiyyatının yeni üsulu, yəni elektron imza olmadan kod-parol vasitəsilə aparılması nəzərdə tutulmuşdur. Bu dəyişiklik hüquqi şəxslərin onlayn qeydiyyat prosesini sadələşdirməklə bir prosedurla və xərc olmadan aparılmasına şərait yaratmışdır. Məlum olduğu kimi, 2008-ci ildən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Vergilər Nazirliyi tərəfindən "bir pəncərə" prinsipi ilə həyata keçirilir. 2012-ci ildən etibarən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən elektron imza və Asan Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən "ASAN imza" vasitəsilə aparılır. 2018-ci ildə dövlət qeydiyyatından keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin 70 faizi qeydiyyatdan elektron qaydada keçmişdir. 2018-ci ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, hazırda yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı şəxsiyyət vəsiqəsində qeyd olunan fin kod vasitəsilə həyata keçirilir.

Məcburi dövlət sosial sığorta münasibətlərinin iştirakçısı olan şəxslərin uçota alınması və onlar tərəfindən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir

Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan İnternet Vergi İdarəsinə daxil olaraq elektron qeydiyyat sistemində fin kodla indentifikasiyadan keçirlər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və sənədlər bir prosedurla təsdiqlənir, VÖEN-in verilmə prosesi 20 dəqiqə ərzində yekunlaşır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin edilir. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə İnternet Vergi İdarəsində "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı (elektron imza olmadan) təlimatı yerləşdirilib. Bu, vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının aparılması üçün elektron imza tələb olunmur. Eyni zamanda, əmək müqaviləsi bildirişinin elektron imza vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində qeydiyyata alınması zərurəti aradan qaldırılmışdır. Dəyişikliyə əsasən, hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlər onun "elektron kabinet"inə göndərildiyi andan işçilərlə bağlanmış əmək müqaviləsi qüvvəyə minir və əmək müqaviləsi bildirişlərinin məlumatları avtomatik şəkildə Vergilər Nazirliyinin informasiya sistemindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə ötürülür. "Elektron kabinet"ə göndərilmiş qeydiyyat sənədlərinin xüsusi barkodla şifrələnməklə rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi təmin olunur.

...Azərbaycanda vaxtaşırı olaraq həyata keçirilən islahatlar ölkəmizin "Doing Business" hesabatında mövqelərinə də müsbət təsir edəcəkdir. Hazırda "Doing Business 2019" hesabatında Azərbaycan "Biznesə başlama" indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. Hesabatda Azərbaycan üçün "Biznesə başlama" indikatoru üzrə 3 prosedur, 3,5 gün vaxt və 18 manat xərc nəzərdə tutulmuşdur. Qeyd olunan dəyişikliklər nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra enir və yerli investisiyalı MMC bir prosedurla yarım gün ərzində onlayn qaydada qeydiyyata alınır.

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI

Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması