15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vahid bəyannamə sistemi - biznes üçün uğurlu həll MƏQALƏ

Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində müəyyənləşdirilmiş hədəflər biznesin fəaliyyətinin stimullaşdırıcı alətlərlə dəstəklənməsini şərtləndirir. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artım və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması mühüm çağırışlardandır. Bunun üçün də biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılması həyata keçirilir. Bu baxımdan “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra mühüm məqamlar yer alır. Sənəddə qeyd edilir ki, iqtisadiyyatın şəffaflaşması, şaxələnməsi və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiq olunması həyata keçiriləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə strategiyasında biznesin fəaliyyətinin inkişafına yönəlik tədbirlərin sistemləşdirilməsi, etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminin qurulması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə
strategiyasında biznesin fəaliyyətinin inkişafına yönəlik tədbirlərin
sistemləşdirilməsi, etibarlı, müasir və könüllü əməletməyə əsaslanan
vergi ekosisteminin qurulması nəzərdə tutulur

Vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində yenilik

Dövlət Vergi Xidməti tərəfindən vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlər biznes subyektlərinin fəaliyyətinin əksər istiqamətlərini əhatə edir. Vergi inzibatçılığında tətbiq edilən qaydalar və prosedurlar iş adamlarına birbaşa təsir edir. Buna görə də onların dəstəklənməsi üçün verilən güzəştlərlə yanaşı, hesabatlılığın təmin edilməsi, uçotun dürüstləşdirilməsi və vergilərin ödənilməsi sahəsində mexanizmlərin də səmərəli formalaşdırılması diqqətdə saxlanılır. Vergi orqanları tərəfindən həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxt və inzibati yükün azaldılması ilə bağlıdır. Bu səbəbdən də muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan vahid bəyannamə sistemi tətbiq edilir. Vahid bəyannaməyə aid proqram təminatı 2023-cü ilin IV rübündən etibarən istifadəyə verilib və sadələşdirilmiş interfeys formasında sistemə keçid təmin edilib.

Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda vergi ödəyicisi
düzəliş edərək bəyannaməni təsdiqləyə bilər

Vahid bəyannamə - innovativ həll

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər bir müddətdir ki, aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması tətbiq edilir. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinə xidmət mərkəzlərinə müraciət etmədən bəyannamənin rahat şəkildə təqdim olunmasına imkan verir. Vahid bəyannamə ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən tərtib edilir. Sadələşdirilmiş bəyannamə forması vergi ödəyicilərinin uçot-baza və son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən əvvəlcədən doldurulur. Daha sonra vergi ödəyicilərinə təqdim edilir. Vergi ödəyicisi həmin məlumatlarla razı olduqda, bəyannaməni gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək vergi orqanına göndərir. Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda vergi ödəyicisi düzəliş edərək bəyannaməni təsdiqləyə bilər. Vahid bəyannamənin tətbiqini zəruri edən səbəblərdən biri onun mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəzi çətinliklərin yaranması idi. Belə halların aradan qaldırılması, ödəyicilərin hər dəfə xidmət mərkəzlərinə müraciət etməmələri üçün inzibatçılığın mərhələli şəkildə təkmilləşdirilməsi nəticəsində bu mexanizm tətbiq edildi. Mexanizm yenidir və ondan istifadə tədricən artır. Bu sahədə məlumatlılığı artırmaq üçün DVX tərəfindən müvafiq videotəlimat da hazırlanıb. Videotəlimatda “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin sadələşdirilmiş formada onlayn tərtib olunması və göndərilməsi prosesi əks etdirilir.

https://www.youtube.com/watch?v=q1fpHyexJJU

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin sadələşdirilmiş formada onlayn tərtib olunması və göndərilməsinin tətbiqi vergi ödəyicilərinə dəstək məqsədi daşıyır. Üstəlik, bəyannamə vergi orqanları tərəfindən tərtib edilsə də, məlumatları vergi ödəyicisi özü təsdiqləyir. Buna görə də qeyri-dəqiqliklərin əks olunması mümkün deyil. Bu sistem beynəlxalq təcrübədə də tətbiq edilir və vergi ödəyən şəxslər tərəfindən innovativ mexanizm kimi qəbul edilir.

Gülay NƏBİYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?