15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müharibə iştirakçılarına verilən vergi güzəştləri

Azərbaycan qanunvericiliyində vətənin azadlığı uğrunda xidmətləri olan insanlar və onların ailələri üçün imtiyazlar, eləcə də vergi güzəştləri və azadolmalar müəyyənləşdirilib. Mövzunu iqtisadçı Elməddin Məmmədov şərh edir.

Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən:
102.2.1. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
102.2.4. müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;
102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Vergi Məcəlləsinin 102.4-cü maddəsinə əsasən:
- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
- Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.
Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
Misal 1: 2-ci Qarabağ savaşında əlillik dərəcəsi almış fiziki şəxs dövlət müəssisəsində aylıq 700 manat əməkhaqqı müqabilində mühasib vəzifəsində çalışır. Məcəllənin 102.2.4-cü maddəsini tətbiq etməklə gəlir vergisini hesablayaq:
700-200- 400 = 100 manat
100 x 14% = 14 manat.
Qeyd edək ki, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, neft-qaz və dövlət sektorunda çalışan işçilərin əməkhaqlarının 2500 manatadək hissəsindən 200 manat çıxmaqla 14 faiz gəlir vergisinə cəlb olunur. Güzəşt tətbiq edilməsə idi, Qarabağ savaşında əlillik dərəcəsi almış fiziki şəxsdən 70 manat (700-200)*14% gəlir vergisi tutulacaqdı.
Misal 2: Müharibədə həyat yoldaşını itirmiş qadın neft-qaz fəaliyyəti ilə məşğul olan müəssisədə çalışır və aylıq olaraq 600 manat əməkhaqqı alır. Bu halda Məcəllənin 102.2.4-cü və 101.1-ci maddələrinə əsasən işçidən gəlir vergisi tutulmayacaq:
600-200-400 = 0
Misal 3. Oğlu 2-ci Qarabağ savaşında şəhid olmuş ata dövlət müəsisəsində çalışır və aylıq olaraq 500 manat əməkhaqqı alır. Bu zaman Vergi Məcəlləsinin 102.4- cü və 101.1-ci maddələri tətbiq ediləcək və şəhid ataından güzəştli vergi tutulacaq:
500-100= 400 manat
400 x 14% = 56 manat.
Vergi Məcəlləsinin 199.3-cü maddəsində qeyd olunub ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.
Misal 4: Müharibə veteranının mülkiyyətində Yevlax şəhərində yerləşən və sahəsi 200 m2 yaşayış binası vardır. Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış sahəsinin 30 m2-dən artıq hissəsi zona əmsalı tətbiq etməklə hesablanır. Beləliklə, fiziki şəxsin əmlak vergisi:
200 m2-30 m2 =170 m2
170 x 0,2 manat (zona əmsalı) = 34 manat
Məcəllənin 102.2-ci maddəsini tətbiq etdikdə:
34 - 30 = 4 manat.
Nəzərdən keçirdiyimiz misalda fiziki şəxs bələdiyyə orqanına 4 manat əmlak vergisi ödəməlidir.

Fərqanə Allahverdiqızı

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?