15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Təmir xərclərinin kapitallaşdırılması necə həyata keçirilir?

Vergi Məcəlləsində son dəyişikliklərdən biri də icarəçilərin (icarəyə götürənlərin) təmir xərclərinin uçotu ilə bağlıdır. Mövzunu “vergiler.az” üçün sərbəst auditor Altay Cəfərov şərh edib.

Bu məsələ Vergi Məcəlləsinin 115-ci maddəsi ilə tənzimlənir. Məcəllənin 115.6-cı maddəsinə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə icarəçiyə bu Məcəllənin 115.4-cü maddəsinin müddəaları tətbiq edilmir.

Məcəllənin 115.6-1-ci maddəsinə isə göstərilib ki, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

Vergi Məcəlləsinin bəhs etdiyimiz maddəsini sadələşdirilmiş şəkildə açıqlasaq:

- icarəçi icarəyə götürdüyü əsas vasaitləri balansında uçota almırsa, təmir xərclərini fərqli uçota alır;

- icarəçi icarəyə götürdüyü əsas vəsaitləri balansında uçota alırsa, təmir xərclərini normalarla xərcə daxil edə bilər, normadan artıq hissə isə əsas vəsaitlərin balans dəyərinə əlavə ediləcək;

- icarəçi ancaq maliyyə icarəsi, lizinq şərtləri ilə icarəyə götürdüyü əsas vəsaitləri balansında uçota ala bilər. Əks halda, bu, əməliyyat icarəsi sayılır və əsas vəsaitlər balansda uçota alına bilməz;

- əməliyyat icarəsi ilə icarəyə götürülən əsas vəsaitlər təmir xərcləri normaları əsasında xərcə daxil edilə bilməz və belə xərclər icarəçinin balansında kapitallaşdırılaraq uçota alınır;

- kapitallaşdırılmış təmir xərcləri amortizasiya normaları ilə amortizasiya edilərək xərcə daxil ediləcək.

Bəs icarəçilər belə xərcləri vergi və mühasibat uçotunda, hesabatlarda necə göstərəcək?

Misal: “AA” MMC torpaq sahəsini icarəyə götürüb. Sahənin yaxşılaşdırılması üçün 30.000 manat, icarəyə götürdüyü binanın təmiri üçün 50.000 manat, istehsalat sexindəki avadanlıqların təmiri üçün 40.000 manat vəsait sərf edib.

Qeyd etdiyimiz kimi, bu xərclər kapitallaşdırılacaq. Mühasibat uçotuna baxsaq, bu adla birbasa balans hesabının olmadığını görərik. Bəs hesablar planındakı “113 Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” balans hesabı buna uyğun deyildirmi?

Uyğun deyil. Bu hesab torpaq, tikili və avadanlıqların əldə edilməsi və tam istismara verilməsi ilə bağlı ilkin olaraq xərclərin cəmlənməsi üçün nəzərdə tutulub və sonradan əsas vəsitlər, torpaq, tikili və avadanlıqlar istismara verildikdə bu hesaba yığılan xərclər bağlanılır.

Odur ki, təmir xərcləri ilə bağlı xərclərin kapitallaşdırılması “111 Torpaq, tikili və avadanlıqlar” balans hesabında müvafiq sub-hesablarda uçota alınmalıdır. Məsələn, torpaqların yaxşılaşdırılmasını “111-1 Torpaq” b/h əlavə 111-1.2 subhesabı ilə, tikililəri “111-2 Tikililər”, avadanlıqları “111-3 Maşınlar və avadanlıqlar” b/h sub-hesablar açmaqla həm vergi, həm də mühasibat uçotuna almalıdır.

Vergi Məcəlləsinin 114-cü maddəsinə görə, torpaqların yaxşılaşdırılması və tikililər üçün amortizasiya 7%, avadanlıqlar üçün 20%-dir.

Odur ki, “AA” MMC üçün amortizasiya xərci belə hesablanacaq:

30.000 x 7% = 2.100 manat,

50.000 x 7% = 3.500 manat,

40.000 x 20% = 8.000 manat

2.100 + 3.500 + 8.000 = 13.600 manat.

Maliyyə hesabatlarında bu təmir xərcləri qalıq dəyəri ilə ümumi olaraq, uzunmüddəli aktivlərdə torpaq, tikili və avadanlıqlar maddəsində əks olunacaq.

İllik mənfəət vergisi bəyannaməsinin 1-ci əlavəsində əsas vəsaitlər kimi deyil, digər aktivlər kimi nəzərə alınacaq.

Bəs bu təmir xəcləri mənfəət vergisi bəyannaməsində əsas vəsaitlərə niyə aid edilmir? Belə kapitallaşdırılmış xərclərə amortizasiya hesablanırsa, bu aktivlər əmlak vergisinə cəlb edilirmi?

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər - istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Göründüyü kimi, kapitallaşdırılmış xərclər uçot baxımından torpaq, tikili və avadanlıqlar hesabında uçota alınmasına baxmayaraq, belə xərclər əsas vəsaitlər anlayışına uyğun olmadığına görə mənfəət vergisi bəyannaməsində əsas vəsaitlər kimi nəzərə alınmır.

Bundan əlavə, Vergi Məcəlləsinin 201-ci maddəsində qeyd edilib ki, müəssisənin və fərdi sahibkarın əmlak vergisinin hesablanması və ödənilməsi, Məcəllənin 201.1-ci maddəsinə əsasən, vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

Göründüyü kimi, əmlak vergisinə ancaq əsas vəsaitlər cəlb edildiyinə görə kapitallaşdırımış xərclər əmlak vergisinə cəlb edilmir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?