19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və hamiləliyə görə müavinətlər

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, eləcə də hamiləliyə və doğuma görə işçilərə ödənilən müavinətlərin bir sıra oxşar və fəqli cəhətləri var. Mövzunu insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.

Hər iki müavinətin müəyyən olunması Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə” qərarı ilə tənzimlənir. Onlaırn ödənilməsi məcburi dövlət sosial sığorta ödəmələri vasitəsilə həyata keçirilir.

Bu müavinətlərin müəyyən olunmasında, hesablanmasında və ödənilməsində oxşar cəhətlər:

1. Müavinətin təyin olunması üçün əsas

Hər iki müavinət iççi tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən təyin edilir. Bəzən müavinət almaq üçün işçilər sağlamlıqla əlaqədar tibbi arayış təqdim edirlər. Amma bu, müavinətin ödənilməsi üçün əsas deyil.

Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata əsasən verilə bilər.

2. Müavinətin təyin olunmasında azı 6 ay sosial sığorta stajı tələbi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, eləcə də hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə verilir. Sosial sığorta stajı üçünsə “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır. Yəni sosial sığorta stajı işçi işə qəbul olunduqdan sonra ona hesablanmış əməkhaqqı üzərindən işçinin xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları olan dövrdür. İşçi ödənişsiz məzuniyyətdə olanda ona əməkhaqqı hesablanmırsa və onun xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilmirsə, həmin dövr sosial sığorta stajı sayılmır. Onu da qeyd etmək lazımdır ki, təcrübədə bəzən bu, yanlış anlaşılır: 6 ay sosial sığorta stajına yalnız son iş yerindəki staj aid edilir. Əslində isə ümumi staj aid edilməlidir.

Misal 1: İşçi 1 mart 2022-ci ildə ilk dəfə mühasib vəzifəsinə işə qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. O, 1 iyul 2022-ci ildən 1 oktyabr 2022-ci ilədək tərəflərin qarşılıqlı razılığı əsasında 3 ay müddətinə ödənişsiz məzuniyyətdən istifadə edib və ona əməkhaqqı hesablanmayıb. İşçi işəgötürənə 10 oktyabr 2022-ci ildən 20 oktyabr 2022-ci ilədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi təqdim edib. Bu halda işçiyə xəstəlik vərəqəsi əsasında əmək qabiliyyətinin müvəqqəti itirilməsi üçün müavinət ödənilməyəcəkdir. Çünki işçinin azı 6 ay sosial sığorta stajı yoxdur. İlk baxışda, işçinin işə qəbul tarixindən xəstəlik vərəqəsi təqdim edilən günə qədər 7 aydan çox müddət olsa da, işçi 3 ay ödənişsiz məzuniyyətdə olduğu və həmin müddətdə ona əməkhaqqı hesablanmadığı, məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi üçün həmin 3 aylıq dövr sosial sığorta stajı sayılmır.

Misal 2: İşçi 1 mart 2019-cu ildən ilk dəfə mühasib vəzifəsinə işə qəbul olunaraq əmək fəaliyyətinə başlayıb və 1 oktyabr 2019-ci ilədək həmin müəssisədə çalışıb. Bir müddət çalışmadıqdan sonra 1 fevral 2022-ci ildə başqa bir müəssisədə mühasib vəzifəsinə işə qəbul olub. 1 ay sonra – 1 mart 2022-ci ildən 10 mart 2022-ci ilədək əmək qabiliyyətini müvəqqəti itirib və iş yerinə xəstəlik vərəqəsi təqdim edib. Bu halda ona xəstəlik vərəqəsi əsasında əmək qabiliyyətinin müvəqqəti itirilməsi üçün müavinət hesablanacaq və ödəniləcəkdir. Çünki onun azı 6 ay sosial sığorta stajı var.

Azı 6 ay sosial sığorta stajı tələbi eynilə hamiləliyə və doğuma görə müavinətin hesablanması və ödənilməsinə də aiddir. Ancaq bunu qeyd etmək lazımdır ki, bəzən yanlışlıqla xanım işçi çalışdığı müəssisədə azı 6 ay ümumi sosial sığorta stajı olmadığı zaman hamiləliyə və doğuma görə məzuniyyətə buraxılmır, onun hüquqları məhdudlaşdırılır. Bu, ciddi məsələdir, sosial sığorta stajından asılı olmayaraq işçi istənilən halda, Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləliyə və doğuma görə 126 təqvim günü məzuniyyətdən istifadə etməlidir, işçinin bu hüququnu məhdudlaşdırmaq olmaz. Lakin azı 6 ay sosial sığorta stajı olmadığı üçün işçiyə 126 təqvim gününə düşən iş günlərinə görə hamiləliyə və doğuma görə məzuniyyət üçün müavinət hesablanmayacaqdır və ödənilməyəcəkdir.

3. Müavinətin aylıq maksimal həddi

Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Mövcud qanunvericiliyə əsasən, əmək pensiyasının minimum məbləği 1 yanvar 2022-ci ildən 240 manatdır. 240 manatın 25 misli isə 6.000 manat (240x25=6.000) edir. Yəni hər iki halda müavinət hesablanan zaman onun aylıq maksimal həddi 6.000 manatdan çox ola bilməz. Bəzən bunu təcrübədə yanlış olaraq əmək qabiliyyətinin müvəqqəti itirildiyi tam dövr və ya hamiləliyə və doğuma görə məzuniyyətin 126 təqvim günü olan tam dövrü üçün müavinətin ümumi məbləği kimi başa düşürlər. Burada söhbət müavinətin aylıq maksimal həddindən gedir - işçinin əvvəlki aylarda gəlirlərindən asılı olmayaraq ona verilən müavinətin bir aylıq məbləği 6.000 manatdan yuxarı ola bilməz.

Hamiləliyə və doğuma görə ödənilən müavinətlə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin fərqləri isə bunlardır:

1. Ümumi sosial sığorta stajına uyğun müəyyən olunan faiz dərəcələri

Burada diqqət ediləsi məqamlardan biri sosial sığorta stajına və digər hallara əsasən müəyyən olunan faizlərdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı işçiyə sosial sığorta stajı:

- 6 aydan 8 ilədək olduqda – 60%;
- 8 ildən 12 ilədək olduqda – 80%;
-12 ildən yuxarı olduqda isə 100%

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanır və ödənilir. Hamiləliyə və doğuma görə işçiyə ümumi sosial sığorta stajı 6 aydan yuxarı olduqda 100% müavinət hesablanır və ödənilir.

2. Müavinətin aylıq məbləği

Digər fərqli məqamlardan biri də budur ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi üçün ödənilən müavinətin hesablanması zamanı müavinətin aylıq məbləği ikiaylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz. Hamiləliyə və doğuma görə müavinət hesablanan zaman isə bu məhdudiyyət nəzərə alınmır.

Misal 3: Vəzifə maaşı 1.000 manat olan işçi xəstəlik baş verdiyi cari ildən öncəki ildə mükafat və əlavələr alıb və həmin əlavə və mükafatlarla birlikdə onun 12 aylıq orta aylıq qazancı 1.200 manat olub. Bu halda işçiyə vəzifə maaşı 1.000 manat olduğu üçün ödənilən müavinət 1.000 manatın iki mislindən – 2.000 manatdan çox ola bilməz, baxmayaraq ki, onun iki aylıq qazancı 2.400 manatdır. Hamiləliyə və doğuma görə müavinət hesablanan zaman isə 2.400 manat tam olaraq aylar üzrə qazanc kimi nəzərə alınacaq.

Bu hal eynilə əsas və əlavə iş yerləri olan işçiyə də aiddir. Təcrübədə bununla bağlı tez-tez suallar verilir: iki yerdə (əsas və əlavə) çalışan işçinin təqdim etdiyi xəstəlik vərəqəsi əsasında əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə hesablanmalıdır? Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarına əsasən, müavinət işçinin əmək kitabçasının saxlanıldığı əsas iş yeri üzrə müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. Deməli, müavinət əsas iş yerində hesablanıb ödənilir. Hesablanma qaydası isə, həmin qərara əsasən, işçi əsas iş yerindən əlavə başqa müəssisədə də əmək müqaviləsi əsasında işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində əldə etdiyi ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş vəzifə maaşının ikiqat məbləğindən artıq olmamaq şərtilə ödənilir.

Misal 4: İşçinin əsas iş yerində vəzifə maaşı 1.000 manat, əlavə iş yerində isə 1.500 manatdır. İşçi əmək qabiliyyətini müvəqqəti itirərsə, ona ödənilən müavinət əsas iş yerindəki vəzifə maaşının iki mislindən çox ola bilməz. Yəni vəzifə maaşı 1.000 manat olduğu üçün onun iki mislindən – 2.000 manatdan çox ola bilməz. Baxmayaraq ki, işçinin iki iş yerindən aldığı aylıq vəzifə maaşı birlikdə 2500 manatdır.

Bu hal hamiləliyə və doğuma görə müavinətin hesablanması zamanı nəzərə alınmır. Yəni hesablama işçinin əsas və əlavə iş yerlərində əldə olunmuş tam qazancı üzərindən aparılır.

3. Müavinətlərin iş günlərinə görə ödənilməsi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ilk 14 təqvim gününə düşən iş günləri işəgötürən tərəfindən nəzərə alınır. 14 təqvim gününə düşən iş günlərindən artıq hesablanmış müavinət isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Əmək qabiliyyətinin müvəqqət itirilməsi fasiləsiz olaraq davam edərsə, bu zaman ilk xəstəlik vərəqəsi istisna olmaqla, digər xəstəlik vərəqələrinin hər birinə görə hesablanmış müavinət tam olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Hamiləliyə və doğuma görə məzuniyyət üçün 126 təqvim gününə düşən iş günlərini əhatə edən məbləğ isə tam olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Misal 5: 1 mart 2022-ci il tarixindən ilk dəfə mühasib vəzifəsinə işə qəbul olunaraq əmək fəaliyyətinə başlayan işçi işəgötürənə əmək qabiliyyətinin 10 noyabr 2022-ci ildən 30 noyabr 2022-ci ilədək müvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi təqdim edib. Bu halda işəgötürən tərəfindən işçiyə xəstəlik vərəqəsi əsasında 10 noyabr 2022-ci ildən 23 noyabr 2022-ci ilədək (23 noyabr da daxil olmaqla) 14 təqvim gününə düşən iş günləri üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanacaq və ödəniləcək. 24 noyabr 2022-ci ildən 30 noyabr 2022-ci ilədək 30 noyabr da daxil olmaqla) 14 təqvim günündən artıq dövrə düşən iş günləri üçün müavinət isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcək.

Xəstəlik vərəqəsində işə çıxma tarixi qeyd olunmamaqla fasiləsiz olaraq 1 dekabr 2022-ci ildən 20 dekabr 2022-ci ilədək növbəti xəstəlik vərəqəsi müəssisəyə təqdim olunduğu halda isə bu, ikinci xəstəlik vərəqəsi olduğu üçün 1 dekabr 2022-ci ildən 20 dekabr 2022-ci ilədək bütün iş günləri üçün hesablanan müavinət Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları hesabına ödənəcək.

Misal 6: 1 mart 2019-cu ildən ilk dəfə insan resursları üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunaraq əmək fəaliyyətinə başlayan işçi 1 iyun 2022-ci ildən 4 oktyabr 2022-ci ilədək (4 oktyabr da daxil olmaqla) xəstəlik vərəqəsi əsasında hamiləlik və doğuşdan sonrakı dövr üçün məzuniyyətdən istifadə etmək üçün işəgötürənə xəstəlik vərəqəsi təqdim edib. Bu halda həmin xəstəlik vərəqəsi əsasında 126 təqvim gününə düşən bütün iş günlərinə görə müavinət Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları hesabına ödəniləcək.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb