Məcburi dövlət sosial sığorta haqqının tutulması
Məcburi dövlət sosial sığorta haqlarının tutulması ilə bağlı maraq doğuran məqamlara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.
Məcburi dövlət sosial sığorta haqqının tutulması “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin qanunun 14-cü maddəsinə əsasən, neft-qaz və dövlət sektorunda çalışan işçilər üçün sığorta haqqının dərəcəsi bu cədvəldəki kimi müəyyən olunub:
Sığortaolunanın gəlirindən | Sığortaedənin vəsaiti hesabına |
3% | 22% |
Qısa olaraq qeyd edək ki, işçiyə hesablanmış əməkhaqqıdan və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərindən 3% sığorta haqqı tutularaq ödənilir. İşçiyə hesablanmış əməkhaqqıdan məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərindən isə 22% sosial sigorta haqqı hesablanır və işəgötürən tərəfindən işçinin xeyrinə ödənilir.
Təcrübədə tez-tez suallar yarandığı üçün qeyd edim ki, fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlər yalnız gəlir vergisinə aiddir, məcburi dövlət sosial sığorta haqları hesablanan zaman həmin güzəştlər nəzərə alınmır.
Misal 1: İşçi 1 fevral 2022-ci il tarixində dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə əsas iş yeri olaraq mühasib vəzifəsinə işə qəbul olub və ay ərzində bütün iş günlərində (5 günlük iş rejimi) tam çalışıb. İşçi iş yerinə müharibə veteranı və 2-ci qrup əlil olması ilə bağlı müvafiq təsdiqedici sənədlər təqdim edib. Bu halda onun ödəyəcəyi məcburi dövlət sosial sığorta haqqı belə hesablanır:
900x3% = 27 manat.
Həmin işçiyə işəgötürənin ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqı isə
900 x 22% = 198 manat olacaqdır.
Hesablamalardan gördüyünüz kimi, fiziki şəxslərin gəlir vergisindən fərqli olaraq, məcburi dövlət sosial sığorta haqlarının hesablanması zamanı işçinin güzəşt statusları nəzərə alınmır. Çünki bu güzəştlər nəzərə alınsa, işçinin hesabına məcburi dövlət sosial sığorta ödənişləri az olduğuna görə gələcəkdə sosial sığorta hadisələri nəticəsində işçiyə ödəniləcək müavinət və ya pensiya zamanı təyin olunan məbləğ az ola bilər.
İşəgötürən tərəfindən işçinin xeyrinə ödənilən 198 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı işçiyə hesablanmış 900 manat əməkhaqqıdan çıxılmır.
Son olaraq yuxarıda işlətdiyimiz “məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirlər” ifadəsinə aydınlıq gətirmək istərdim. “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmayan gəlirlər sadalanıb. Bunları ayırd etməklə işçinin məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirlərini müəyyənləşirə bilərik.
Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:
- iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş olan (səyyar xarakteri daşıyan), çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;
- faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi;
- müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;
- əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;
- istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
- təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;
- aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;
- məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;
- Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri;
- sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;
- muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla), sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar);
- yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;
- dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
- sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;
- dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya;
- rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı;
- fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına əcnəbilər üzrə formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarıxlı, 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması uzrə Dövlət Proqramının icrası müddətində);
- əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr;
- ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;
- əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mukafat və digər maddı təminatlar;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan: qurum tərəfindən ödənilən maddi yardım (dəstək);
- sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsı kimi əldə edilən gəlirləri, o cumlədən üçüncü tərəfə ödədiyi vasait.
Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı