11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İş günü ərzində istirahət fasiləsi və həftələr arasında istirahət günləri barədə

İş günü ərzində istirahət vaxtının, eləcə də həftələr arasında istirahət günü və ya günlərinin verilməsi işçilərin əsas hüquqlarındandır. Bu hüququn təmin olunması ilə bağlı yaranan suallara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabında aydınlıq gətirir.

Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən, iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.

Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.

Bəs kifayət qədər aydın görünən bu məsələdə hansı suallar yaranır və onlar necə həll olunur?

1. İş günü ərzində istirahət və ya nahar vaxtının müddəti nə qədər olmalıdır?

İş günü ərzində istirahət vaxtının müddəti barədə Əmək Məcəlləsində dəqiq tələb yoxdur. Sadəcə, istirahət vaxtı əmək müqaviləsinin əsas şərtlərindən biridir və bu şərt tərəflərin qarşılıqlı razılığı əsasında, Məcəllənin 103-cü maddəsinə əsasən iş günü ərzində müəyyən olunmalıdır. İstirahət və ya nahar vaxtının minimum və maksimum müddətləri, eləcə də konkret başlanma və bitmə zamanları qanunvericilikdə qeyd olunmayıb. İstirahət və ya nahar fasiləsinin vaxtı 1 saatdan az və ya çox müəyyən oluna bilər. Nə vaxt başlayıb nə vaxt bitməsi isə tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşdirlir.

Adətən, nahar fasiləsi saat 13:00-dan 14:00-dək müəyyənləşdirilir, ancaq bunun üçün başqa vaxt aralığı da seçilə bilər.

2. İş günü ərzində müəyyən olunan istirahət və ya nahar vaxtı iş vaxtına daxil edilirmi?

Əmək Məcəlləsinin 104-cü maddəsinə əsasən, əmək müqaviləsində istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İşçi bu müddəti öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

3. Həftələrarası istirahət günlərinin sayı və müddəti nə qədər olmalıdır?

Həftələrarası istirahət günləri mütləq işçi və işəgötürən arasında yaranan əmək münasibətlərində qeyd olunmalıdır. Əmək Məcəlləsinin 104-cü maddəsinə əsasən, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Məcəllənin 90 və 104-cü maddələrinə əsasən, beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün istirahət günü təyin olunur. Ancaq tərəflərin qarşılıqlı razılığı əsasında həftələrarası istirahət günlərinin sayı az və ya çox da ola bilər.

Təcrübədə istirahət günləri kimi daha çox şənbə və bazar günləri qəbul olunur. Bu, qanunvericilik baxımından mütləq deyil. Yəni həftələrarası istirahət günləri tərəflərin qarşılıqlı razılığı əsasında həftənin digər günlərinə də salına bilər.

Misal: Tutaq ki, işçi növbəli iş qrafiki ilə çalışır. İşçinin həmin qrafik əsasında həftələrarası istirahət günü 1-ci iş həftəsində həftənin 2-ci gününə, növbəti istirahət günü isə növbəti iş həftəsinin 5-ci gününə düşür. Bu, yanlışdır. Çünki 1-ci iş həftəsinin müddətinin 7 təqvim günü olduğunu nəzərə alsaq, onda həftələrarası istirahət günü 1-ci iş həftəsi ilə 2-ci iş həftəsi arasında olmalıdır.

Onu da qeyd edək ki, Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən, işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?