15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mənfəət vergisi ödəyicisinə keçid zamanı uçot və hesabatlılığın tənzimlənməsi

Sadələşdirilmiş vergi ödəyicisindən mənfəət vergisi ödəyicisinə keçid zamanı gəlirlərin, xərclərin, qalıq maddələrin və hesabatlılığın hansı formada olacağı sahibkarlarda sual yaradan məsələlərdəndir. Mövzunu “vergiler.az” üçün sərbəst auditor Altay Cəfərov şərh edir.

Keçid zamanı yaranan suallara aydınlıq gətirmək üçün mövzunu sadə misal üzərində konkret hallara əsasən nəzərdən keçirməyi daha məqsədəyuğun hesab edirəm.

Misal: “AA” MMC pərakəndə ticarətlə məşğul olan sadələşdirilmiş vergi ödəyicisidir. 2022-ci ilin yanvar-mart aylarında aldığı malların dəyəri 50.000 manat olub və 40.000 manatlıq malı 48.000 manata satıb. MMC may ayından başlayaraq topdansatış fəaliyyəti ilə də məşğul olmağa başlayıb. Müəsisənin may-dekabr aylarında topdansatış üzrə gəlirləri 100.000 manat, aldığı malların dəyəri 95.000 manat və pərakəndə ticarətdən gəliri 40.000 manat, aldığı malların dəyəri isə 30.000 manat olub. Bu halda uçot və hesabatlılıq necə aprılacaq?

Göründüyü kimi, MMC 2022-ci ilin may ayından mənfəət vergisi ödəyicisi kimi uçota durmalıdır. Vergi Məcəlləsinin 218.6.1-ci maddəsində göstərilib ki, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda vergi ödəyicisinin sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Nəzərə alaq ki, iyul-sentyabr aylarında 30% çox dövriyyə olub. Bu halda “AA” MMC 2022-ci ilin mayında topdansatış ilə məşğul olmasına baxmayaraq, həm birinci rüb, həm də ikinci rüb sadələşdirilmiş vergi ödəyici olacaq. Tutaq ki, ikinci rübdə pərakəndə ticarətdən gəlir 30.000 manat, topdansatışdan gəlir isə 20.000 manat olub. Onda sadələşdirilmiş vergi belə hesablanacaq:

- Birinci rüb – 48.000x2% = 960 manat;
- İkinci rüb – 30.000+20.000 = 50.000 manat

50.000x2% =1.000 manat.

Fərz edək ki, müəssisənin üçüncü rübdə pərakəndə ticarətdən gəliri 5.000 manat, topdansatışdan gəliri isə 30.000 manat olub. Aydın olur ki, müəssisənin üçüncü rübdəki dövriyyəsində 30%-lik mütənasiblik pozulub, yəni topdansatış dövriyyə 30%-dən çox olub. Ona görə də “AA” MMC artıq mənfəət vergisi ödəyicisi olmalıdır. Bu halda müəssisə mənfəət vergisi ödəyicisi kimi hansı tarixdən müəyyənləşdirilir: 1 iyul 2022-dən yoxsa, 1 oktyabr 2022-ci ildən?

Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, dövr kimi rüb ərzində olan əməliyyatlar götürülür. Yəni hər hansı bir rüb tam başa çatmalıdır ki, bundan sonra elekron qaimə-fakturaların məbləğinin 30% aşıb-aşmadığı müəyyənləşdirilsin. Əgər aşmışdırsa, onda növbəti dövr üçün mükəlləfiyyət dəyişir.

Odur ki, “AA” MMC 1 oktyabr 2022-ci ildən mənfəət vergisi ödəyicisi olacaq və vergi orqanlarına mükəlləfiyyətin dəyişdirilməsi haqqında müraciət etməlidir. Əks halda, vergi orqanları vergi ödəyicisindən həm sadələşdirilmiş, həm də mənfəət vergisi bəyannamələrini tələb edəcək.

- Üçüncü rüb - 5.000 +30.000 = 35.000 manat;
35.000 x 2% = 700 manat (sadələşdirilmiş vergi)

“AA” MMC-nin dördüncü rüb üçün gəlirləri isə aşağıdakı kimi olacaq:

Pərakəndə ticarət üzrə 40.000-30.000-5.000 = 5.000 manat;
Topdansatış üzrə 100.000-20.000-30.000 = 50.000 manat.

- Dördüncü rübdə mənfəət vergisinə cəlb edilən dövriyyə -
5.000+50.000 = 55.000 manat.

Bəs 55.000 manat mənfəət vergisinə cəlb edilən dövriyyənin maya dəyəri necə olacaq? Bunu sadə hesablamalar ilə müəyyənləşdirək.Yəni vergi ödəyiciləri malların uçotunu həm FİFO, həm də orta maya dəyəri ilə apara bilərlər.

Pərakəndə ticarətdə ümumi satışın maya dəyəri 40.000+30.000 = 70.000 manat, ümumi satış isə 48.000+40.000 = 88.000 manat təşkil edib. Bunun da müəssisənin gəliri sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə 83.000 manat, mənfəət vergisi ödəyicisi dövrdə isə 5.000 olub.

Beləliklə, 5.000 manat satışın maya dəyəri 3.977,27 manat olacaq:

(70.000 : 88.000) x 5.000 = 3.977,27 manat.

Həmçinin, topdansatışda ümumi satışın maya dəyəri 95.000 manat, ümumi satış isə 100.000 manat təşkil edib ki, bununla da müəssisənin gəliri sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə 50.000 manat, mənfəət vergisi ödəyicisi dövrdə də 50.000 manat olub.

50.000 manatlıq satışın maya dəyəri 47.500 manat olacaq:

(95.000 : 100.000) x 50.000 = 47.500 manat.

Beləliklə, 2022-ci ilin mənfəət vergisi bəyannaməsində ümumi satış kimi 55.000 manat, satışın maya dəyəri kimi isə 3.977,27+47.500 =51.477,27 manat qeyd olunacaq.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?