13 Dekabr 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim ediləcək

Maliyyə Nazirliyində 2020-ci il və ortamüddətli dövrdə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi, 2020-ci ilin icmal və dövlət büdcəsi layihələrinin tərtibi və qarşıda duran digər vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan nazir Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahat tədbirləri cari ilin ötən dövründə makroiqtisadi dayanıqlığın təmin olunması ilə yanaşı, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına, valyuta ehtiyatlarının artımına xidmət edib. Xüsusilə cari ilin aprel və sentyabr aylarında iki mərhələdə həyata keçirilən geniş sosial dəstək proqramı ilə minumum pensiya, minumum əməkhaqqı, sosial müavinətlər və təqaüdlər, dövlət orqanlarında və bir sıra təşkilatlarda çalışanların əmək haqlarının əhəmiyyətli artımı, habelə şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi vurğulanmalıdır. Bununla yanaşı, fiziki şəxslərin vaxtı ötmüş problemli kreditlərinin qaytarılmasına, ələlxüsus manatın dəyər itirməsi ilə əlaqədar xarici valyutada kreditləri olan vətəndaşlara dövlət dəstəyinin göstərilməsi ilə bağlı inqilabi qərarlar qəbul edilib: “Beləliklə də dövlət başçısı növbəti dəfə əhalinin rifahının yüksəlməsi, etibarlı sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm addımlar atıb. Kifayət qədər geniş maliyyə tələb edən bu sosial dəstək proqramının maliyyə təminatı dövlət büdcəsinin ehtiyyatları səfərbər edilərək, həmçinin bəzi xərclər optimallaşdırılaraq təmin edilib”.

S.Şərifov gələn ilin dövlət büdcəsinin tərtibinin xüsusiyyətləri üzərində dayanaraq deyib: “2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzunmüddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb. Məlum olduğu kimi, 2019-cu ilin dövlət və icmal büdcəsinin hazırlanması zamanı əvvəlki dövrlərdən daha fərqli yanaşma tətbiq edildi, bu zaman yeni qəbul edilmiş büdcə qaydalarının tələblərinə əsasən makro-fiskal çərçivə, o cümlədən ortamüddətli dövrə icmal büdcə xərclərinin yuxarı hədləri müəyyən edildi. Bu yanaşma 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən də davam etdirilib”.

Qeyd olunub ki, 2020-ci ilin icmal və dövlət büdcələrinin əsas parametrləri Maliyyə Sabitliyi Şurasında da baxılaraq razılaşdırıldıqdan sonra büdcənin tərtibi üçün istifadə edilib: “İlk növbədə, 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin büdcə qaydasına əsasən hazırlanması, dövlət büdcəsinin gəlir və xərclərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiyməti və bu qiymətin ortamüddətli dövrə şamil edilməsi, ortamüddətli dövrdə icmal büdcənin xərclərinin yuxarı həddinin təsdiq olunması və qeyri-neft baza kəsirinin ardıcıl olaraq azaldılması ilə bağlı qərarlar qəbul edilib”.

Kollegiya iclasında çıxış edən nazirliyin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov və Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri Əmin Muradov 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi, əsas gəlir və xərc istiqamətləri, habelə növbəti il və ortamüddətli dövrə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi ilə bağlı məlumat veriblər.

Sonda Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələrini bəyənərək Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.