15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara birbaşa və dolayı yolla dəstək planı hazırdır

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər barədə İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində bildirib ki, pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyata göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.

Millət vəkili Vüqar Bayramov bildirib ki, İqtisadiyyat nazirinin tezis və çağırışlarından da göründüyü kimi, koronavirusun Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması hökumətimiz üçün prioritet məsələlərdən biridir və proses birbaşa ölkə başçısının nəzarətindədir: "Ölkə Prezidentinin təşəbbüsü ilə 1 milyard manat vəsait ayrılıb. Sahibkarlara iki istiqamətdə yardımın göstərilməsi nəzərdə tutulur. Onlardan biri sahibkarlara birbaşa yardımdır. Digər istiqamət isə dolayı olaraq dəstək paketinin təqdim edilməsidir. Nəticə etibarilə sahibkarlara yardım və dəstək paketinin təqdim olunması koronavirusun onların fəaliyyətinə təsirinin minimumlaşdırılması ilə bağlıdır. Xüsusilə qeyd etmək istərdim ki, vəsaitin şəffaf bölüşdürülməsi ilə bağlı ölkə Prezidentinin sərəncamına uyğun olaraq hər bir sahibkara ayrılacaq vəsaitlə bağlı məlumatlar koronavirusinfo.az səhifəsində yerləşdiriləcək. Bu məqsədlə formalaşdırılmış 4 işçi qrup vəsaitin bölüşdürülməsi ilə yanaşı, sektor və müəyyən sahələrə dəyən ziyanı, eləcə də hansı sektorlara koronavisun daha çox mənfi təsirlərini araşdırır.

Artıq bu proses başa çatıb. Daha çox mənfi təsir olan sektorlar müəyyənləşdirilib. Növbəti mərhələdə vəsaitin bölüşdürülməsi və dəstək paketinin reallaşdırılması həyata keçiriləcəkdir".

Millət vəkilinin sözlərinə görə, koronavirusun təsirlərinin daha çox 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə etdiyi müəyyən olunub: "Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.

Müəyyən olunan sektorlar təkcə xidmət və ictimai-iaşə sektoru deyil, eyni zamanda turizm və otelçiliyi də əhatə edir. Bütün bu sahələrdə, eləcə də digər sektorlarda sahibkarlarımıza dəyən ziyanlar və mənfi təsirlər aydınlaşdırılıb. Əsas məqsəd budur ki, sahibkarlar əməkhaqqı fondunu qoruyub saxlasınlar. Dövlətin müəyyənləşdirdiyi ziyanı tam aradan qaldırmaq üçün dövlətin dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb".

V.Bayramov qeyd edib ki, dəstək paketi yalnız qısamüddətli deyil, həm də ortamüddətli dövr üçün yanaşmanı əhatə edir. Yəni koronavirusun təsirlərinin minimumlaşdırılması qısamüddətli dövr üçün hədəfdir. Mənfi təsirlər aradan qaldırıldıqdan sonra sahibkar və vətəndaş daha az təsirə məruz qalmalıdır. İqtisadiyyatın koronavirusdan sonra yenidən bərpa olunması, orta və uzunmüddətli dövrdən sonrakı inkişaf çox vacibdir. "İqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarları və müəssisələri iş yerlərini ixtisar etməməyə və işçilərin əməkhaqqını ödəməyə çağırmışdı. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışa əməl edən, iş yerlərini və əməkhaqqını saxlamış sahibkarlara şamil ediləcək. Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini "ağardan" sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar.

Bu, kifayət qədər böyük bir proqramdır. Hazırda muzdlu işçilərin sayı təxminən 1 milyon 550 min nəfərdir ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir. Daha 9 fəaliyyət istiqaməti üzrə 70 faizlik dəstək tətbiq ediləcək.

Proqramın tətbiq mexanizmi ilə bağlı məlumat verən millət vəkili qeyd edib ki, burada ya işçinin real maaşı, ya da respublika üzrə orta aylıq əməkhaqqı əsas götürüləcək: "Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əməkhaqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50 faizinin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir.

İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada da sahibkarın şəffaf fəaliyyəti əsas meyar kimi götürüləcəkdir. Sosial-korporativ məsuliyyəti olan sahibkarlara üstünlük veriləcəkdir. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq.
Dövlət sahibkara dəstək olduğu kimi sahibkar da öz işçisinə dəstək olmalıdır. Bu çətin dövr bitəcək və postkoronavirus dövrü başlanacaq. Sahibkarlar da bu dövrə hazır olmalıdırlar".

V.Bayramov biznes üçün vergi güzəştləri, tətilləri və imtiyazları ilə bağlı üçüncü proqram barədə qeyd edib ki, burada əsasən, pandemiyanın mənfi təsirləri altında olan və həmçinin bir sıra digər sahələrə də müxtəlif güzəştlərdən söhbət gedir. Yekun qərar qəbul edildikdən sonra həmin güzəştlərin mahiyyəti ictimaiyyətə çatdırılacaq.

Yanaşma ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin və koronavirussuz dövr üçün yeni fəaliyyət planı hazırlansın.

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?