Sosial-iqtisadi sahədə görülən işlər ölkəmizin beynəlxalq nüfuzunu artırır
Dünya Bankının (DB) yaydığı hesabatda Azərbaycan iqtisadiyyatının dayanıqlığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatlar yüksək qiymətləndirilib. Qeyd olunub ki, hökumət tərəfindən maliyyə bazarlarının stimullaşdırılması məqsədilə davamlı olaraq həyata keçirilən tədbirlər öz müsbət təsirlərini göstərir. Milli valyuta məzənnəsinin sabit qalması sayəsində son zamanlarda bank sektorunun gəlirliliyi artıb, yüksək kapitallaşma və problemli kreditlərin sayının azalması hesabına 2019-cu ilin ilk yarısında sektorun göstəriciləri yaxşılaşıb.
İqtisadçı ekspert Pərviz Heydərov hesabatla bağlı açıqlamasında bildirib ki, Azərbaycanda son illər ərzində sosial-iqtisadi sahədə görülən işlər öz qiymətini alır. İstər "Fitch Ratings" və "Moody’s" reytinq agentliklərinin, istər Dünya İqtisadi Forumunun (DIF), istərsə də Dünya Bankı kimi beynəlxalq qurumların əsas diqqət yetirdikləri göstəricilərdə ölkəmizin ardıcıl irəliləməsi üçün biznes mühitin durmadan yaxşılaşdırılması, mövcud qanunların təkmilləşdirilməsi, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatların aparılması kimi amillər mühüm yer tutur.
Qeyd edilib ki, ölkədə aparılan islahatlar bu ildən daha da geniş xarakter alıb və bütün istiqamətlər və sahələr üzrə əhatəsini genişləndirib. İqtisadiyyatda struktur dəyişiklikləri dərinləşib, idarəetmə təkmilləşdirilir, dövlət büdcəsi gəlirlərini artırmaq istiqamətində ciddi addımlar atılır, bank sektorunun özünə gələ bilməsi üçün dövlətin və hökumətin üzərinə düşən vəzifələrin mühüm hissəsi öz həllini tapıb.
Hesabatda problemli kreditlərin azalmasının səbəbi kimi ölkə başçısı İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın mühüm rol oynadığı vurğulanıb. Dövlət başçımız tərəfindən problemli kreditlərlə bağlı, o cümlədən pensiya və sosial müavinətlərin artırılması ilə əlaqədar imzalanan fərman və sərəncamlar çoxşaxəli məqsəd daşıyır. Məsələn, ilin əvvəlindən iqtisadiyyatın bir sıra sahələrində tətbiq olunan vergi islahatlarında əsas məqsəd dərəcələrdə və yığımda inzibatçılığı təkmilləşdirmək idi. Bunun üçün isə əsas meyarlar vergidən yayınmanı azaltmaq, uçot bazasının və mal dövriyyəsinin sənədləşdirilməsi də daxil, vergitutma rejimini təkmilləşdirmək və vergi güzəştlərini optimallaşdırmaq yolu ilə iqtisadi səmərəni gücləndirmək idi".
P.Heydərov bildirib ki, "kölgə iqtisadiyyatı"na qarşı atılan inqilabi addımlar sayəsində sosial sahədə ciddi qərarlar vermək mümkün olub.
Ekspert dövlətimizin sosial aspektdə illərlə nümayiş etdirdiyi, cari ildən daha da gücləndirdiyi səylərin maksimal səviyyədə effekt verməsi üçün "kölgə iqtisadiyyatı"nın səviyyəsini azaltmaq zərurətinin hələ də ciddi şəkildə qaldığını bildirib: "2019-cu il ərzində ilkin nəticələr - hətta 1-ci rübün yekunları belə göstərdi ki, istər əmək münasibətlərinin rəsmiləşdirilməsi, istərsə də əmək haqlarının "ağardılması" nəticəsində əhəmiyyətli şəffaflaşma baş tutub. Xüsusən də qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyənlərin sayında artım müşahidə edilməsi o deməkdir ki, islahatlar bəhrəsini verib.
Ümumiyyətlə, dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artmasına gətirib çıxardı. Özü də bütün bunlar nəzərdə tutulduğundan və proqnozlaşdırıldığından xeyli əvvəl baş verdi.
Bunlar bir daha təsdiq edir ki, neft gəlirlərinin büdcədə payı yüksək olduğu dövrdə vergitutma sahəsində iqtisadi inkişafı stimullaşdıran, "kölgə iqtisadiyyatı"nın qarşısını alan islahatlara getmək şansı daha böyükdür. Nə qədər ki, büdcəyə Neft Fondundan transfer imkanı var, bu cür islahatlara getmək lazım və vacibdir. Əsas hədəf isə bu olmalıdır ki, vergi dərəcələri iqtisadi aktivliyi, "kölgə iqtisadiyyatı"nın leqallaşmasını stimullaşdırsın və pərdəarxası qazanc əldə etmək istəyinin mövcudluğuna zəmin saxlamasın".
Dünyanın tanınmış iqtisadi reytinq və hesabat qurumlarının inkişaf etməkdə olan ölkələr haqda söylədikləri rəylər və hazırladıqları hesabatlar böyük əhəmiyyət kəsb edir və buna ciddi yanaşılır. Ən əsası da ona görə ki, xarici investorların, ümumiyyətlə, inkişaf etmiş iqtisadiyyata sahib ölkələrin inkişaf etməkdə olan ölkələrə sərmayə qoyması bilavasitə nüfuzlu təşkilatların hazırladığı hesabatlardan da asılıdır.
P.Heydərov qeyd edib ki, bununla inkişaf etmiş ölkələrin sərmayədarlarında müsbət rəy verilən ölkəyə investisiya qoymaq üçün maraq yaranır və onlarda kəskin risklərlə qarşılaşmayacaqlarına əminlik yaranır. Ona görə də nüfuzlu qurumların Azərbaycan haqqında verdikləri müsbət rəylərdə və hesabatlarda ölkəmizin reytinqinin yüksəlməsi bizim üçün çox əhəmiyyətlidir.
Fəxriyyə İKRAMQIZI