Qeyri-rəsmi məşğulluğun fəsadları: işçi və işəgötürən nələr itirir?
Vətəndaşların qeyri-rəsmi məşğulluğu həm onların sosial təminatına, həm də dövlət büdcəsinin yığımlarına mənfi təsir edir. Bu fikri “vergiler.az”a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov səsləndirib. Onun sözlərinə görə, qeyri-formal məşğulluğun azaldılması istiqamətində atılan addımlar müsbət nəticələr verib:
“Son illərdə görülən sistemli tədbirlər nəticəsində Azərbaycanda qeyri-formal əmək bazarının hüdudları məhdudlaşıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş vergi güzəştləri, eləcə də sosial yığımların işəgötürənlə işçilər arasında fərqli bölgüsü, həmçinin, Əmək və Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə gördüyü tədbirlər bəhrəsini verir. Ancaq hələ də vətəndaşların bir qismi qeyri-rəsmi formada işləməkdə davam edir. Məsələn, ölkədə yüzlərlə qeyri-formal əmək kollektivi var ki, ev təmiri və tikintisi ilə məşğuldur. Fərdi evlər tikir, həyətlərdə gündəlik tələb olunan işləri görür və s. Bunlarda qayda belədir ki, bir nəfər iş icraçısı 4-5 nəfər fəhləni bir yerə toplayıb həmin işləri görürlər. Burada nə əmək kollektivi var, nə bir hüquqi və ya fiziki şəxs kimi qeydiyyat var. Heç bir formada vergi uçotuna durmadan işçiləri də işə cəlb edirlər. Təbii ki, onlarla heç bir müqavilə də yoxdur”.
Kənd təsərrüfatı və ticarət sektorunda da qeyri-formal məşğulluğun mövcud olduğunu deyən S.Məmmədov bəzi özünüməşğul insanların da vergi uçotuna durmadan işlədiklərini qeyd edib. O, qeyri-rəsmi məşğulluğun həm vətəndaşlara, həm də dövlətə çox zərərli olduğunu vurğulayıb: “Bunun zərəri həm işləyən şəxsə aiddir, həm dövlətə. Onlar vergi və sosial yığımlardan kənarda qalırlar. Eyni zamanda, bəzən işəgötürənlər özləri də belə şəxsləri əmək müqaviləsi bağlamadan işə götürür, sonra onun əziyyətini çəkməli olurlar. Çoxsaylı mübahisələr ortaya çıxır. İşçilərin itirdikləri əsasən odur ki, onlar asılı vəziyyətdədirlər. Günlərin bir günü onlara deyəndə ki, sabahdan işə gəlmə, başqa söz deyə bilmirlər. İkincisi, əməkhaqlarının nə vaxt ödəniləcəyi, nə qədər ödəniləcəyi bəlli deyil. Bəzən 3 ay, 5 ay işlədirlər, heç pulunu da vermirlər, çıxıb gedir. Bütün bunlar həmin vətəndaşlara ciddi ziyan vurur”.
S.Məmmədov əlavə edib ki, qeyri-rəsmi işləyən işçilər bir çox sosial təminatlardan məhrum olurlar. Onların sosial yığımları olmadığından hər hansı sığorta hadisəsi baş verəndə heç bir təminat əldə edə bilmirlər: “Onlar istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından sığortalanmayıblar. Sabah istehsalatda işçi xəsarət alanda onu sübut etmək çox çətin olur, əksər hallarda isə mümkün olmur. Ən əsası, pensiya təminatı ilə bağlıdır. Qeyri-rəsmi işlədiyi müddətdə vətəndaşın fərdi hesabında sosial sığorta haqları toplanmadığından pensiyaya çıxmaq ərəfəsində baxır ki, nə yığım kapitalı var, nə də sığorta stajı. Bir sözlə, qeyri-formal işləmək işçilər üçün həm sosial, həm də digər hüquqlarının təminatı baxımından çox ziyanlı, zərərlidir. Eyni zamanda, dövlət büdcəsinə ödənilməli olan sosial yığımlar və vergi yığımı həyata keçirilmədiyindən iqtisadi zərərləri də danılmazdır”.
Dünyada qeyri-formal əmək bazarının tam ləğv olunmasının mümkün olmadığını deyən S.Məmmədov onun həcmi 10 faizdən yuxarı olduqda artıq ciddi sosial problem sayıldığını bildirib. S.Məmmədov dövlət qurumlarının qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində müxtəlif tədbirlərini müsbət qiymətləndirərək, bu tədbirlərin davam etdirilməsini vacib sayır.
