Azərbaycan və Çinin dövlət və özəl qurumları arasında əməkdaşlığa dair 13 sənəd imzalanıb
Pekində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar qatılıb.
Konfransda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev son dövrlərdə ölkələr arasında iqtisadi-ticarət əlaqələrində müşahidə olunan müsbət dinamikadan bəhs edib, avtomobil, sənaye, İKT, nəqliyyat-logistika və iqtisadiyyatın digər sektorlarında birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.
NDRC-nin Xarici Kapital Departamentinin baş direktorunun müavini Can Cianhua və Pekin şəhər İnkişaf və İslahat Komissiyasının Baş direktorunun müavini Duan Yanhonq Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə verdiyi dəstəyi və ölkəmizin bu qlobal təşəbbüsdə strateji mövqeyinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Çinli rəsmilər Azərbaycan hökuməti tərəfindən xarici sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib, Çin şirkətlərinin Azərbaycanda sənaye və infrastruktur layihələrində iştirakının stimullaşdırılmasında maraqlı olduqlarını bildiriblər.
Tədbirdə Azərbaycanın biznes iqlimi barədə çıxışlar edilib, sənaye, mədənçilik, kənd təsərrüfatı və yaşıl enerji sahələrini təmsil edən yerli şirkətlərin təmsilçiləri tərəfindən Çin tərəfinə ümumilikdə 13 investisiya layihəsi təqdim olunub.
Bununla yanaşı, konfrans iştirakçıları üçün yerli qurumlar tərəfindən göstərilən investisiya xidmətləri, təklif olunan güzəştlər və imtiyazlar barədə çap və vizual materialların təqdim olunduğu informasiya sərgisi təşkil olunub.
Tədbir çərçivəsində hər iki ölkənin dövlət və özəl qurumları arasında sənaye, o cümlədən avtomobil və yüngül sənaye, eləcə də ortaq investisiyaların təşviqi sahələrində əməkdaşlığı nəzərdə tutan 13 sənəd imzalanıb. Konfrans B2B və B2G formatlarında görüşlərlə davam edib.