Kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli artım qeydə alınıb
Cari ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb. Bitkiçilik məhsullarının həcmində 25,6 faiz (1,77 milyard manat), heyvandarlıq məhsullarının həcmində 2,9 faiz artım (1,9 milyard manat) qeydə alınıb. Aqrar sahənin ümumi daxili məhsulda payı 5,6 faizə çatıb.
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3 faiz, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7 faiz, tərəvəz istehsalı 13,8 faiz, meyvə və giləmeyvə istehsalı 21,1 faiz, bostan məhsulları istehsalı 37,5 faiz artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub.
Bu ilin birinci yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 4,5 faiz, yun istehsalı 0,8 faiz artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal edilib.
Altı ayda 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9 faiz artıb. Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2 faiz artıb.
İyulun 1-nə kimi 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6 faizi, o cümlədən, buğda sahələrinin 69,9 faizi, arpa sahələrinin isə 94,5 faizi biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60,0 faiz və 18,9 faiz çoxdur. Buğdanın məhsuldarlığı 33,2 sent/ha, arpanın məhsuldarlığı isə 29,9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2,2 sent/ha çoxdur.
Yanvar-iyun aylarında respublika üzrə 636,6 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24 faiz çoxdur.