Kəlbəcər, Laçın və Ağdərədə 6 su elektrik stansiyasının istismara verilməsi planlaşdırılır
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən hazırda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir.
ASC-nin məlumatına görə, belə ki, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur.
Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır. Bundan əlavə, daha 5 stansiyanın - Kəlbəcər rayonundakı “Aşağı Vəng” və “Nadirxanlı”, Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və “Ağbulaq-1” su elektrik stansiyalarının tikintisi başa çatıb.