3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nicat Qocayev: “Qalibiyyətimdə həm də DVX-nin mənə öyrətdiyi bacarıqlar rol oynayıb”

Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin növbəti – 4-cü finalı 19-21 iyul tarixlərində baş tutub. Builki  müsabiqənin qalibləri arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışan Nicat Qocayev də var.

Müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşən N.Qocayevin sözlərinə görə, insan kapitalının inkişafı və peşəkar kadr potensialının artırılması məqsədilə təsis olunmuş “Yüksəliş” istedadlı gənclərin idarəetmə bacarıqlarını və potensiallarını üzə çıxaran müsabiqələrdən biridir. “Yüksəliş”ə ilk dəfə qoşulan qalib bildirib ki, bu müsabiqədə uğurun əsas sirri özünəinamdır: “Qalibiyyət üçün həm şans amili, həm əldə etdiyim təcrübə, həm də DVX-nin mənə öyrətdiyi bacarıqlar rol oynayıb”.

N.Qocayev əlavə edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən “Uğur yolu” müsabiqəsində bir dəfə iştirak etsə də, idarəetmə bacarıqlarının yoxlanıldığı mərhələdən yarımfinala keçə bilməyib. Lakin “Uğur yolu”nda iştirak onun “Yüksəliş”də qalib gəlməsində mühüm rol oynayıb: “Formatına görə “Yüksəliş”ə bənzəyən “Uğur yolu” mənim üçün bir sınaq oldu. Həmin müsabiqədə iştirakdan sonra çatışmayan tərəflərimi analiz etdim, öz üzərimdə daha ciddi işləyərək biliklərimi təkmilləşdirdim. Bu da “Yüksəliş”də mənə uğur gətirən səbəblərdən oldu”.

Gələcəkdə müstəqil dövlətimizin inkişafına töhfə verəcəyinə inanan qalib bildirib ki, müsabiqədə iştirak etməklə qarşısına bir neçə məqsəd qoyub: özünəinamı artırmaq, işlədiyi qurumun şərəfini layiqincə qorumaq və idarəetmə sahəsində uğurla iştirak etmək.

N.Qocayev xatırladıb ki, 5 mərhələdən ibarət olan müsabiqənin ilk mərhələsində namizədlərin ümumi dünyagörüşü, ikinci mərhələdə məntiq, üçüncü mərhələdə isə test formasında idarəetmə bacarıqları yoxlanılıb. Yarımfinal və final mərhələlərində isə ekspertlər iştirakçıların idarəetmə və liderlik qabiliyyətlərini əyani şəkildə qiymətləndiriblər.

Yarımfinal və final mərhələlərini ən çətin sınaq kimi dəyərləndirən müsahibimizin sözlərinə görə, həmin mərhələlərdə namizədlər öz aralarında yarışıblar: “Yarış zamanı dünyagörüşümlə bağlı sualların cavablandırılmasında hansısa çətinlik yaşamadan mərhələni asanlıqla keçdim. Məntiq bacarıqlarının da yoxlanılması problem yaratmadı, çünki DVX-də işə qəbul olunmaq üçün bu sahədə biliklərimi inkişaf etdirmişdim. İdarəetmə bacarıqlarının yoxlanıldığı zaman bir qədər çətinlik çəkməyimə baxmayaraq, bu mərhələdən də uğurla keçməyə nail oldum”.

N.Qocayev “Yüksəliş”in gələcək iştirakçılarına tövsiyələrini də unutmayıb: “Qalib olmaq üçün, hər şeydən əvvəl, yalnız özünüzə inanmalı, kiməsə oxşamağa çalışmamalısınız. Bir var cəmiyyətə öz imkanlarınızı təqdim edəsiniz, bir də var başqalarının xüsusiyyətlərini çatdırmağa çalışasınız. Məncə, özünüz olsanız, daha çox mütaliə etməklə öz üzərinizdə yorulmadan çalışsanız, eləcə də komanda ilə işləmək bacarığınızı inkişaf etdirsəniz, uğur sizinlə olacaqdır...”.

İlhamə İSABALAYEVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ