13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanacaqdoldurma məntəqələrinin əlavə dəyər vergisi öhdəliyi

Tarif Şurasının neft məhsullarının qiymətlərinin tənzimlənməsi barədə qərarına əsasən, yanacaqdoldurma məntəqələri neft məhsullarını tonla alır və litrlə təqdim edirlər. Bunun üçün də yanacaqdoldurma məntəqələrində əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydalarının izahına ehtiyac var. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. 

Hər növ neft məhsulunun tərkibindəki mayenin sıxlığı fərqli olduğundan, yəni 1 ton neft məhsulu 1.000 litr olmadığı üçün tonu litrə çevirmək üçün hər növ neft məhsuluna fərqli xüsusi çəki əmsalı tətbiq edilir ki, bu da vergi ödəyicilərinə neft məhsullarının satışına görə verginin hesablanmasında müəyyən çətinliklər yaradır. Öncə Aİ-92 benzininin 1 litri üçün qiymətin necə formalaşdığını Tarif Şurasının qərarına və xüsusi çəki əmsalına əsaslanaraq ardıcıllıqla izah edək.

  1. Əvvəlcə bir ton Aİ-92 benzininin neçə litr olduğunu müəyyən edək. Bu benzinin xüsusi çəkisi 1,31 olduğundan 1 tonu 1.310 litrdir (1.000 x 1,31 = 1.310 lt.)
  2. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin topdansatış qiyməti 1 ton üçün ƏDV daxil olmaqla 1.052,8 manat olduğu üçün tərkibindən ƏDV məbləğini çıxardıqdan sonra ƏDV-siz məbləğ 892,2 manat (1.052,8:1,18 = 892,2 manat) olar. Bu halda hər litr üçün benzinin topdansatış qiyməti ƏDV-siz 0,68 manat ( 892,2 manat: 1.310 lt. = 0,68 manat) təşkil edir.
  3. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin topdansatış qiyməti 1 ton üçün ƏDV ilə 1.052,8 manat olduğundan, 1 ton üçün ƏDV 160,6 manat ( 1052,8 x 18:118 = 160,6 manat ) təşkil edir. Hər litr üçün ƏDV isə 0,12 manatdır (160,6: 1310 lt. = 0,12 manat) və ya hər litr üçün ƏDV 0,12 manat (0,68 x 18% = 0,12 manat). Bu halda 1 litrin qiyməti ƏDV ilə 0,8 manat (0,68 manat topdansatış qiyməti + 0,12 manat ƏDV = 0,8 manat) olar.
  4. Tarif Şurasının qərarına əsasən, 1 ton üçün yol vergisinin məbləği 26,2 manatdır və ya Vergi Məcəlləsinin 211.1.2-ci maddəsinə uyğun olaraq, benzinin hər litri üçün yol vergisi 0,02 manat olduğundan 1 ton üçün yol vergisinin məbləği 26,2 manat (1.310 lt. x 0,02 manat = 26.2 manat yol vergisi) olar.
  5. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin topdansatış qiyməti ƏDV və yol vergisi ilə birgə 1 ton üçün 1.079 manat, hər litr üçün isə 0,82 manatdır (1.079 manat:1.310 lt. = 0,82 manat) və ya hər litr üçün 0,82 manat (0,68 manat topdansatış qiyməti + 0,12 manat ƏDV + 0,02 manat yol vergisi = 0,82 manat) təşkil edir.
  6. Tarif Şurasının Aİ-92 benzini üçün təsdiq etdiyi topdansatış (1 litr üçün 0,82 man.) və pərakəndə satış (1 litr üçün 0,9 manat) qiymətlərini təhlil edərkən, Aİ-92 benzininin hər litrinə pərəkəndə satış zamanı 0,08 manat ticarət əlavəsi tətbiq olunduğu görünür (0,9 man. pərakəndə satış qiyməti - 0,82 man. topdansatış qiyməti = 0,08 manat ticarət əlavəsi).

Misal: Tutaq ki, "A" yanacaqdoldurma məntəqəsi 2019-cu ilin iyul ayında 30 ton Aİ-92 markalı benzin alıb və həmin benzini iyul ayında da təqdim edib. Tarif Şurasının qərarına əsasən Aİ-92 benzininin topdansatış qiyməti 1 ton üçün 1.052,8 (ƏDV-li) manat, pərakəndə satış qiyməti isə 1.179 (ƏDV-li) manatdır. Bu halda yanacaqdoldurma məntəqəsinin büdcəyə ödəyəcəyi vergi məbləğini müəyyən edək.

Yuxarıda qeyd etdiyimiz şərtləri nəzərə alaraq, məntəqənin aldığı Aİ-92 benzininə görə ödəməli olduğu ƏDV-nin məbləğini müəyyən edək.

  1. 30 ton Aİ-92 benzininin neçə litr olduğunu müəyyən edək. Aİ-92 benzinin xüsusi çəkisi 1,31 olduğundan, 30 ton Aİ-92 benzini 39.300 litr (30.000 lt. X 1.31 = 39.300 lt. ) olar.
  2. Alınmış nəticəyə əsasən, 39.300 litr benzinin ƏDV-siz dəyərini müəyyən edək. Aİ-92 benzininin hər litrinin ƏDV-siz topdansatış qiyməti 0,68 manat olduğundan alınmış 39.300 litr benzinin ƏDV-siz topdansatış qiyməti 26.724 manat (39.300 lt x 0,68 manat = 26.724 manat ) olar.
  3. Beləliklə, ƏDV-siz topdansatış qiyməti 26.724 manat olan benzinə görə hesablanmalı ƏDV-nin məbləğini müəyyən edək. ƏDV-nin dərəcəsi 18 faiz olduğundan, ƏDV-siz topdansatış qiyməti 26.724 manat olan Aİ-92 benzininə görə hesablanmalı ƏDV-nin məbləği 4.810 manat (26.724 manat x 18% = 4810 manat) olar.

Alınmış nəticəyə əsasən, 39.300 litr Aİ-92 benzininə görə hesablanmalı yol vergisinin məbləğini müəyyən edək. Vergi Məcəlləsinin 211.1.2-ci maddəsində göstərilir ki, benzinin hər litri üçün yol vergisinin məbləği 0,02 manat olduğundan, 39.300 litr benzinə görə hesablanmalı yol vergisinin məbləği 786 manat (39.300 lt x 0.02 = 786 manat) olar.

Deməli, "A" yanacaqdoldurma məntəqəsi 2019-ci ilin iyul ayında aldığı 30 ton Aİ-92 markalı benzin üçün topdansatış müəssisəsinə 32.320 manat (26.724 manat topdansatış qiyməti + 4.810 manat ƏDV + 786 manat yol vergisi) məbləğində pul ödəməlidir ki, bu əməliyyatlara görə 4.810 manat dəyərində ƏDV-ni əvəzləşdirmək hüququ yaranır.

Yuxarıda qeyd etdiyimiz şərtləri nəzərə alaraq, məntəqənin 2019-ci ilin iyul ayında pərakəndə qaydada təqdim etdiyi 30 ton Aİ-92 benzini üçün büdcəyə ödəyəcəyi ƏDV məbləğini müəyyən edək. Bunun üçün əvvəlcə təqdim edilmiş 30 ton Aİ-92 benzininin ƏDV-li pərakəndə satış dəyərini tapaq. Yuxarıda qeyd etdiyimiz kimi, 30 ton Aİ-92 benzini 39.300 litrdir. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin 1 ltirinin ƏDV-li pərakəndə satış qiyməti 0,9 manat olduğu üçün təqdim edilmiş 39.300 litr Aİ-92 benzininin ƏDV-li pərakəndə satış qiyməti 35.370 manat (39.300 lt. x 0,9 manat = 35.370 manat) olar.

Sonrakı mərhələdə təqdim edilmiş 39.300 litr məbləğində Aİ-92 benzininin 35.370 manat dəyəri ilə onun daxilində olan yol vergisinin məbləğinin fərqini müəyyən edək. Çünki neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğin tərkibindən ƏDV çıxılaraq vergi hesablanır. Vergi Məcəlləsinin 211.1.2-ci maddəsinə əsasən, benzinin hər litri üçün yol vergisinin məbləği 0,02 manat olduğu üçün alınmış 39.300 litr benzinə görə hesablanmalı yol vergisinin məbləği 786 manat (39.300 lt. x 0.02 = 786 manat) olar. Pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ 34.584 manat (35.370 manat pərakəndə satış qiyməti – 786 manat yol vergisi = 34.584 manat) olar. Beləliklə, həmin məbləğin tərkibindən ƏDV çıxıldıqdan sonra qalan 29.308,47 manat (34.584 : 1,18 = 29.308,47 manat) məbləğindən 5.276 manat (29.308,47 x 18% = 5.276 manat) ƏDV hesablanır.

Son mərhələdə "A" yanacaqdoldurma məntəqəsi 2019-cu ilin iyul ayında təqdim etdiyi 30 ton Aİ-92 benzini üçün hesabladığı 5.276 manat ƏDV-dən həmin benzini alarkən ödədiyi 4.810 manat ƏDV-ni çıxdıqdan sonra büdcəyə 466 manat (5.276 manat – 4810 manat = 466 manat) ƏDV ödəyəcəkdir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?