Hər növ neft məhsulunun tərkibindəki mayenin sıxlığı fərqli olduğundan, yəni 1 ton neft məhsulu 1.000 litr olmadığı üçün tonu litrə çevirmək üçün hər növ neft məhsuluna fərqli xüsusi çəki əmsalı tətbiq edilir ki, bu da vergi ödəyicilərinə neft məhsullarının satışına görə verginin hesablanmasında müəyyən çətinliklər yaradır. Öncə Aİ-92 benzininin 1 litri üçün qiymətin necə formalaşdığını Tarif Şurasının qərarına və xüsusi çəki əmsalına əsaslanaraq ardıcıllıqla izah edək.
Misal: Tutaq ki, "A" yanacaqdoldurma məntəqəsi 2019-cu ilin iyul ayında 30 ton Aİ-92 markalı benzin alıb və həmin benzini iyul ayında da təqdim edib. Tarif Şurasının qərarına əsasən Aİ-92 benzininin topdansatış qiyməti 1 ton üçün 1.052,8 (ƏDV-li) manat, pərakəndə satış qiyməti isə 1.179 (ƏDV-li) manatdır. Bu halda yanacaqdoldurma məntəqəsinin büdcəyə ödəyəcəyi vergi məbləğini müəyyən edək.
Yuxarıda qeyd etdiyimiz şərtləri nəzərə alaraq, məntəqənin aldığı Aİ-92 benzininə görə ödəməli olduğu ƏDV-nin məbləğini müəyyən edək.
Alınmış nəticəyə əsasən, 39.300 litr Aİ-92 benzininə görə hesablanmalı yol vergisinin məbləğini müəyyən edək. Vergi Məcəlləsinin 211.1.2-ci maddəsində göstərilir ki, benzinin hər litri üçün yol vergisinin məbləği 0,02 manat olduğundan, 39.300 litr benzinə görə hesablanmalı yol vergisinin məbləği 786 manat (39.300 lt x 0.02 = 786 manat) olar.
Deməli, "A" yanacaqdoldurma məntəqəsi 2019-ci ilin iyul ayında aldığı 30 ton Aİ-92 markalı benzin üçün topdansatış müəssisəsinə 32.320 manat (26.724 manat topdansatış qiyməti + 4.810 manat ƏDV + 786 manat yol vergisi) məbləğində pul ödəməlidir ki, bu əməliyyatlara görə 4.810 manat dəyərində ƏDV-ni əvəzləşdirmək hüququ yaranır.
Yuxarıda qeyd etdiyimiz şərtləri nəzərə alaraq, məntəqənin 2019-ci ilin iyul ayında pərakəndə qaydada təqdim etdiyi 30 ton Aİ-92 benzini üçün büdcəyə ödəyəcəyi ƏDV məbləğini müəyyən edək. Bunun üçün əvvəlcə təqdim edilmiş 30 ton Aİ-92 benzininin ƏDV-li pərakəndə satış dəyərini tapaq. Yuxarıda qeyd etdiyimiz kimi, 30 ton Aİ-92 benzini 39.300 litrdir. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin 1 ltirinin ƏDV-li pərakəndə satış qiyməti 0,9 manat olduğu üçün təqdim edilmiş 39.300 litr Aİ-92 benzininin ƏDV-li pərakəndə satış qiyməti 35.370 manat (39.300 lt. x 0,9 manat = 35.370 manat) olar.
Sonrakı mərhələdə təqdim edilmiş 39.300 litr məbləğində Aİ-92 benzininin 35.370 manat dəyəri ilə onun daxilində olan yol vergisinin məbləğinin fərqini müəyyən edək. Çünki neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğin tərkibindən ƏDV çıxılaraq vergi hesablanır. Vergi Məcəlləsinin 211.1.2-ci maddəsinə əsasən, benzinin hər litri üçün yol vergisinin məbləği 0,02 manat olduğu üçün alınmış 39.300 litr benzinə görə hesablanmalı yol vergisinin məbləği 786 manat (39.300 lt. x 0.02 = 786 manat) olar. Pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ 34.584 manat (35.370 manat pərakəndə satış qiyməti – 786 manat yol vergisi = 34.584 manat) olar. Beləliklə, həmin məbləğin tərkibindən ƏDV çıxıldıqdan sonra qalan 29.308,47 manat (34.584 : 1,18 = 29.308,47 manat) məbləğindən 5.276 manat (29.308,47 x 18% = 5.276 manat) ƏDV hesablanır.
Son mərhələdə "A" yanacaqdoldurma məntəqəsi 2019-cu ilin iyul ayında təqdim etdiyi 30 ton Aİ-92 benzini üçün hesabladığı 5.276 manat ƏDV-dən həmin benzini alarkən ödədiyi 4.810 manat ƏDV-ni çıxdıqdan sonra büdcəyə 466 manat (5.276 manat – 4810 manat = 466 manat) ƏDV ödəyəcəkdir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI