Lavanda yağının istehsal həcmi artırılacaq
Azərbaycanda lavanda yağının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkət sayılan "The Best Choice" MMC bu il lavanda yağının istehsalını maksimuma çatdırmağı planlaşdırır.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında sözügedən MMC-nin təsisçisi və direktoru Elbrus Əhmədov deyib.
E.Əhmədovun sözlərinə görə, lavanda yağının istehsal göstəricisi ilbəil artır. 2022-ci illə müqayisədə 2023-cü ildə şirkət tərəfindən 1 ton 200 kq lavanda yağı istehsal edilib ki, bu da əvvəlki ildən 30 faiz çox olub. Bu il 1 ton 800 kq lavanda yağının istehsal edilməsi nəzərdə tutulur. Sonrakı 10-12 il ərzində də bu həcmdə məhsulun istehsalı proqnozlaşdırılır.
Şirkət direktoru qeyd edib ki, 2023-cü ildə istehsal etdikləri məhsulun 600 kq-a yaxını ixrac edilib. Lavanda yağının əsas ixrac ölkəsi Türkiyədir: “Məlumdur ki, Türkiyənin özündə lavanda yağı istehsal edilir, bizim məhsulların qiymətləri Türkiyədən də bahadır. Amma laborator analizlərin nəticələrinə görə, bizim yağların keyfiyyəti Türkiyənin yağları ilə müqayisədə daha yüksəkdir”.
E.Əhmədov əlavə edib ki, Azərbaycanda lavanda yağından müxtəlif kosmetik məhsullar – lavanda tərkibli əl kremləri, duş geli, üz üçün təbii toniklər, təbii lavanda suyu, lavanda yağı, lavanda ətirli oyuncaqlar, lavanda şamı istehsal edilir: “Bu ildən lavanda tərkibli əl sabunu istehsalına başlamaq nəzərdə tutulur. Hazırda istehsal üçün tərəfdaş müəssisə axtarılır”.
E.Əhmədov Azərbaycanda lavanda tinglərinin 90 faizinin onlar tərəfindən yetişdirildiyini, bir ildə təxminən 1 milyon lavanda tinginin əkildiyini söyləyib. O, bu tinglərin ixracının da nəzərdə tutulduğunu açıqlayıb.
Xatırladaq ki, “The Best Choice” MMC 2018-ci ildən Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni istiqamət olan tibbi aromatik bitkilərin yetişdirilməsi ilə məşğul olur. Şirkət fəaliyyətini Qəbələ rayonunda 30 hektar ərazidə lavanda (Angustifolia), nanə (Peppermint) və melissa kimi tibbi aromatik bitkilərin yetişdirilməsi, bu bitkilərdən alınan yağların istehsalı və satışı üzərində qurub.
İlhamə İSABALAYEVA