14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq mühasibat standartları nələri dəyişir?

Azərbaycanda Beynəlxalq Mühasibat Uçotu Standartları (IFRS) qəbul edildikdən sonra artıq müəssisələr öz hesabatlarını həmin sənədlər üzərində hazırlayırlar. 

"Baker Tilly" şirkətinin Audit xidmətləri departamentinin baş meneceri Elvin Qasımov Milli Mühasiblər Forumundakı çıxışında bununla bağlı maliyyə hesabatlarında edilən yeniliklərdən danışıb. Onun sözlərinə görə, uçot siyasətinin həmin standartlara söykənməsi müəssisələri onu tətbiq etməyə məcbur edir: "IFRS standartlarını tətbiq etmək onun bütün tələb və şərtlərinə məcburi əməl etmək demək deyil. Dünya iqtisadiyyatının sürətlə inkişaf etməsi, beynəlxalq və transmilli şirkətlərin sayının artması, rəqabətliliyin intensivləşməsi və ümumi əməliyyatların mürəkkəbləşməsi artıq Beynəlxalq Mühasibat Standartları Şurasını da bu standartlara yenidən baxmağa, yeniliklər etməyə məcbur edir".

E.Qasımov qeyd edib ki, hazırda 3 standart daha aktualdır. Onlardan biri - 9 saylı maliyyə alətləri standartı, ikincisi - 15 saylı müştərilərlə müqavilə üzrə gəlirlərdir. Hər iki standart 2018-ci il yanvarın 1-dən tətbiq edilir. Üçüncü isə 16 saylı icarə standartlarıdır. Bu standartın hazırda mühasibləri daha çox narahat etdiyini deyən E.Qasımov artıq cari il yanvarın 1-dən onun tətbiq edilməyə başlandığını bildirib: "Bu o deməkdir ki, 2019-cu il üçün hazırlanan maliyyə hesabatlarında yeni icarə müqavilələri tam şəkildə əks etdirilməlidir. Bu 3 standartın tətbiqi, sözsüz ki, maliyyə hesabatlarında çox ciddi dəyişikliklərə səbəb olacaq".

Baş menecer adı çəkilən standartların tələbləri və faydaları barədə deyib ki, 9 saylı maliyyə alətləri standartı 3 əsas hissədən ibarətdir. Bu standartın tətbiqindən sonra hesabatlarda kifayət qədər böyük statistik dəyişikliklər olub: "Həmin standartda ən vacib məsələlərdən biri standartın baş vermiş itkilər modeli üzərində qurulmasıdır. Bu, gözlənilən itkilər modelinə keçid oldu. Gözlənilən itkilər daha çox statistikaya, makroiqtisadi faktorlara əsaslanır. Artıq danılmaz faktdır ki, müəssisə bu standartı tətbiq edirsə, bu o deməkdir ki, ehtiyatın yaranmaması ehtimalı yoxdur. Sözsüz ki, biz statistikadan, makroiqtisadi faktorlardan danışırıqsa, müəssisələrin VIP sistemi, risklərin analiz edilməsi ilə məşğul olan departamenti olmalıdır. Məlumat bazasının olması da çox vacibdir".

E.Qasımov vurğulayıb ki, hər üç standartda ən vacib məqam məlumat bazasıdır. Çünki uçot sistemi, məlumat bazası nə qədər geniş olarsa, bu standartların tətbiq edilməsi bir o qədər geniş vüsət ala bilər. Bu, ən çox bank sektorunda əksini tapıb. Müştərilərlə müqavilələr üzrə 15 saylı gəlirlər standartına gəlincə, E.Qasımov bunun özündə digər 3 əsas standartın da birləşdirildiyini deyib. Ancaq bütün müəssisələrdə həmin standartın tətbiqinə ehtiyac yoxdur: "Bu standartın həssas hissəsi ondan ibarətdir ki, malların təhvil verilməsi və xidmətlərin təşkili hesabatlarda ayrıca dəyər kimi əksini tapmalıdır. Tutaq ki, indiki vəziyyətdə bir müqavilədə həm mal təminatı, həm xidmət göstərilərsə, sonra bu, bir müqavilə üzərindən bir dəyərlə ölçülür. Məsələn, bir şirkət kompüter satışı edir, onun üzərində kiçik bir xidmət də göstərirsə, bunlar bir dəyərdə göstərilir. Yeni standart isə tələb edir ki, xidmət və mallarla təminat ayrılmalı, hərəsi öz dəyərində ədalətli nümayiş etdirilməli, balansda tanınmalıdır”.

Mütəxəssis bildirib ki, bu standart ən çox istehsalatda, informasiya texnologiyalarında, telekommunikasiya şirkətlərində öz əksini tapmalıdır. Ən vacib nüans ondan ibarətdir ki, həmin standartın tətbiqi gəlirin hansı dövrdə və dəyərdə tanınması haqqında geniş məlumat verir.

İcarələr standartının da statistika baxımından çox vacib olduğunu vurğulayan E.Qasımov bunun maliyyə göstəricilərinə təsir edəcəyini bildirib: "Bu standart daha çox pərakəndə satış biznesinə təsir edəcək. Tutaq ki, sahibkar supermarket fəaliyyəti üçün əmlakı 10 illik icarəyə götürüb. Onun ödədiyi icarə haqqı hər il mənfəət və zərər hesabatlarında xərc kimi qeyd olunacaq, sonda isə dəqiqləşmiş həmin rəqəm aktiv kimi tanınacaq. Bu, nəticədə çox ciddi maliyyə göstəricilərinə, əməliyyat mənfəətinə, eləcə də vergi və amortizasiyadan öncəki mənfəətə təsir edəcək".

Yeni standartların tətbiqinin vacib maliyyə standartlarına kifayət qədər ciddi təsir etdiyini deyən E.Qasımov artıq maliyyə hesabatlarında dəyişikliklərin göründüyünü qeyd edib.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?