13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Elektron Hökumət"in əsas fəaliyyət prinsipləri və əhəmiyyəti

"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Prezident fərmanı ölkədə dövlət informasiya sistemlərinin idarəetmə proseslərini daha da optimallaşdıracaq, xərcləri azaldacaq

Azərbaycanda gedən rəqəmsallaşma prosesi iqtisadiyyatın bütün istiqamətlərinə aiddir və bu, eyni zamanda dövlət qurumlarının rəqəmsallaşmasına dair məsələdir. "Hökumət buludu" layihəsi ilk dəfə Prezident İlham Əliyevin 2016-cı ilin 6 dekabr tarixli fərmanında əks olunub. Bu, "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə konkret bir vəzifə kimi müvafiq dövlət qurumlarının qarşısında qoyulub. Artıq bir neçə ildən sonra hazırlıq prosesi yekunlaşaraq konseptual bir sənəd hazırlanıb və ölkəmizdə "Hökumət buludu"nun inkişafına dair Konsepsiya qəbul olunub.

Gələcəkdə bütün dövlət qurumlarının informasiya ehtiyatları vahid Data-Mərkəzə keçəcək

2019-cu il iyunun 3-də Prezident İlham Əliyev "Hökumət buludu"nun yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" fərman imzalayıb. Gələcəkdə ölkədə bütün dövlət qurumlarının informasiya ehtiyatlarının vahid Data-Mərkəzə keçidi məsələsini həll etməyə şərait yaradacaq bu proseslər məhz bulud texnologiyalarına əsaslanacaq. Ekspertlərin fikrincə, bu da öz növbəsində, ölkədə dövlət informasiya sistemlərinin idarəetmə proseslərini daha da optimallaşdıracaq, dövlət xərclərini azaldacaq, eləcə də ümumi rəqəmsallaşmaya böyük təsir göstərəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "AzLnTelecom" MMC-nin direktor müavini Ceyhun Əliyevin sözlərinə görə, "Hökumət buludu" dünya praktikasında qəbul olunmuş bir layihədir. Bu gün istənilən qurumun IT infrastrukturu var (server otağı, məlumat bazası və sair). "Hökumət buludu" anlayışı mərkəzləşmiş şəkildə, çevik, rahat və müəyyən bir məsafədən idarə oluna biləcək bir bulud texnologiyası layihəsidir. Belə ki, dövlət qurumları artıq mərkəzləşmiş şəkildə məlumat informasiya sistemlərini bir məkanda yerləşdirə biləcəklər.

"Elektron Hökumət"in əsas fəaliyyət prinsipləri və əhəmiyyəti

Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri "Elektron Hökumət"in ("e-Government") formalaşdırılması hesab edilir. "Elektron Hökumət" müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Əsas məqsəd sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "Elektron Hökumət" portalı tətbiq edilir.

Ölkəmizdə "Elektron Hökumət"in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və ölkə başçısının "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında" sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanı və digər normativ hüquqi aktlarla onun fəaliyyəti üçün hüquqi baza yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "Elektron Hökumət"in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə tədbirlər keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, "Elektron Hökumət" portalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.

İyunun 1-dən "myGov" portalı fəaliyyətə başlayıb

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə "Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə" adlı "myGov" portalı təqdim olunub. "myGov" qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir.

Vətəndaşlar "myGov" portalı (www.my.gov.az) vasitəsilə dövlət qurumları tərəfindən verilmiş məlumatlarla tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcəklər. "myGov" portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.

"Hökumət buludu" layihəsinin məqsədi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizovun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə artıq "Elektron Hökumət" inkişafı müəyyən bir mərhələyə çatdıqdan sonra "Hökumət buludu" layihəsinə başlanılır. Bu, optimallaşma və xərclərin azalması ilə bərabər bir neçə digər məqsədlər daşıyır və ümumi daxili məhsula da (ÜDM) təsir edir. Misal üçün, Avropa Komissiyasının hesablamalarına əsasən, Avropada "Hökumət buludu"nun tətbiqi 250 milyard avro dəyərində ÜDM-ə müsbət təsir göstərəcək. ABŞ-da isə "Hökumət buludu" layihəsi fəaliyyətə başlayandan sonra 800-dək müstəqil Data-Mərkəz öz işini dayandırıb və bütün informasiya sistemləri məhz bir vahid Data-Mərkəzə keçirilib. Bu isə öz növbəsində bütün xərclərin 25 faiz azalmasına səbəb olub: "Təcrübə göstərir ki, artıq bu layihə gündəmdə olmalıdır. Ölkədə elektron hökumətin inkişafı elə səviyyəyə gəlib çatıb ki, biz yeni bir addım atmalıyıq. Bu isə "Hökumət buludu"nun yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlərə dair fərmanda öz əksini tapıb. Hazırda "Elektron Hökumət" portalı çox yüksək səviyyədə fəaliyyət göstərir, onun vasitəsilə bütün dövlət qurumları elektron xidmətlərini tam rəqəmsal şəkildə həyata keçirir. Eyni zamanda, rəqəmsal hökumətə keçid planı təsdiq olunub. Bu da imkan yaradacaq ki, bütün informasiya sistemləri yeni bir standartlara uyğun həyata keçirilsin – eləcə də bulud hesablamalar texnologiyaları əsasında. Çünki bu, yeni trendləri gündəmə gətirəcək - iri məlumatların toplanması, iri məlumatların emalı nəticəsində süni intellektdən istifadə edərək yeni layihələrin həyata keçirilməsinə səbəb olacaq".

Qeyd edilib ki, artıq Estoniya, Sinqapur və bir sıra digər dövlətlər bu yoldan keçiblər: "Bu, daim aparılacaq bir prosesdir və zamanın tələbidir. Çox vacib bir məsələdir ki, artıq bizim ölkədə də bu prosesə başlanılır. Üç ay ərzində keçid planı qəbul olunacaq. "Hökumət buludu" elektron xidmətlərin yeni mərhələyə çıxmasına imkan yaradır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gələcəkdə operator rolunda çıxış edəcək".

Azərbaycanın ilk "Tier III" səviyyəli regional Data-Mərkəzi

Cənubi Qafqaz regionunda "Tier III" səviyyəli, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data-Mərkəz məhz Azərbaycanda yerləşir və 2016-cı ilin dekabrında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "AzInTelecom" MMC tərəfindən istismara verilib. Cari il oktyabrın 10-dək istismara verilməsi gözlənilən Yevlaxdakı Data-Mərkəz Bakıdakı əsas analoqunun coğrafi ehtiyat mərkəzidir. Data-Mərkəz hər hansı fövqəladə hallar zamanı məlumatların əldə olunmasının, itməməsinin və əlçatanlığının təmin edilməsi üçün paytaxtdan 300 kilometr məsafədə, Yevlaxda qurulur.

Data-mərkəzlərin sertifikatlaşdırılması sahəsində ixtisaslaşan ABŞ-ın "Uptime" İnstitutunun mütəxəssisləri avqustun 24-dən sertifikatlaşdırma mərhələsinə başlayacaq və bu proses təxminən bir həftə davam edəcək. Hazırda mövcud Data-Mərkəz 99,98 faiz etibarlılıq səviyyəsinə malikdir. İl ərzində onun dayanma vaxtı 1,6 saat mövcud ola bilər. İnformasiya təhlükəsizliyi və məlumatların idarə olunması baxımından ISO20000 və ISO270001 standartlar tətbiq olunur.

Nazirliyin şöbə müdiri R.Əzizovun fikrincə, fiziki təhlükəsizlik baxımından "Hökumət buludu" layihəsi çərçivəsində istifadə olunacaq Data-Mərkəz Nazirlər Kabinetinin qərarı ilə strateji əhəmiyyətli binalar sırasına daxildir. Kibertəhlükəsizlik baxımından isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən standartlar tətbiq ediləcək: "Hazırda ölkədə Kibertəhlükəsizlik Strategiyası", eyni zamanda "İnformasiya təhlükəsizliyi Strategiyası" da hazırlanır. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Elektron təhlükəsizlik xidməti" fəaliyyət göstərir. Bu proseslər göstərir ki, kibertəhlükəsizlik istiqamətində vacib tədbirlər görülməlidir, standartlar eyni olmalıdır. Onu da qeyd etmək lazımdır ki, "Hökumət buludu" layihəsinə keçid dövlət qurumlarını IT infrastrukturunun yaradılmasına istiqamətlənən xərclərdən azad edəcək, əməliyyat xərcləri azalacaq, onlara gələcəkdə 30-40 faiz qənaət olunacaq".

Bütün bunlar göstərir ki, vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını artırmaq üçün rəqəmsal texnologiyadan geniş istifadə üçün ölkəmizdə hər cür şərait yaradılır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?