11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüqar Bayramov: “Dövlət Proqramı qayıdış prosesinin daha da sürətlənməsinə şərait yaradacaq”

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" Qarabağa və Şərqi Zəngəzura qayıdışın ilk mərhələsində vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtması üçün sistemli və ünvanlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur”, - millət vəkili Vüqar Bayramov “vergiler.az”a açıqlamasında deyib.

V.Bayramovun sözlərinə görə, Dövlət Proqramının əsas hədəfləri həm infrastrukturun formalaşdırılması, yenidən qurulması, həm iqtisadiyyatın formalaşması və reinteqrasiyası, sosial inkişaf, həm də ətraf mühitdə tarazlığın qorunması, “yaşıl iqtisadiyyat”ın formalaşdırılmasından ibarətdir: “Həmin hədəflər müasir çağırışlara uyğundur. Çünki işğal müddətində Qarabağ və Şərqi Zəngəzurda infrastruktur tamamilə dağıdılıb. Onların yenidən qurulmasına ehtiyac var və bu istiqamətdə işlər gedir. Çox intensiv şəkildə infrastrukturun qurulması və bərpası müşahidə olunur. Digər tərəfdən, Böyük Qayıdışla bağlı I Dövlət Proqramı konkret olaraq infrastrukturun hansı istiqamətlərdə qurulmasını ehtiva edir. Burada nəqliyyat və logistik infrastrukturun genişləndirilməsi, yaşayış binalarının, fərdi evlərin, inzibati binaların inşası nəzərdə tutulub. Bunlar Proqramda dəqiq və ünvanlı şəkildə qeyd olunub”.

V.Bayramov bildirib ki, iqtisadiyyatın formalaşması istiqamətində işlər həm Proqram çərçivəsində, həm də digər qanunvericilik aktları, o cümlədən Vergi Məcəlləsi çərçivəsində reallaşmaqdadır: "Vergi Məcəlləsi ilə gələn ildən işğaldan azad edilmiş ərazilərimizdə 10 il müddətinə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Bu da təbii ki, iqtisadiyyatın formalaşması və reinteqrasiyası baxımından vacibdir".

İşğaldan azad olunmuş ərazilərə qayıdacaq əhali üçün sosial təminatın vacib olduğunu deyən millət vəkili bu məqamın ölkə başçısının göstərişlərində də xüsusi yer tutduğunu vurğulayıb: “Prezidentin göstərişi ondan ibarətdir ki, öz ata-baba yurdlarına qayıdan vətəndaşlarımız işlə təmin olunsun. Xüsusilə baş planlar təqdim edilən zaman həmin ərazilərdə məskunlaşacaq vətəndaşlarımızın iqtisadiyyatın hansı sektorlarında çalışacağı da qeyd olunurdu. Bu məqamlar sosial təminat və sosial inkişaf baxımından vacibdir. Bu baxımdan, orada məskunlaşacaq əhalinin sosial təminatı I Dövlət Proqramı çərçivəsində də prioritetdir”.

V.Bayramov əlavə edib ki, Proqramda “yaşıl iqtisadiyyat”, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına uyğun olaraq yaşayış məntəqələrinin salınması, alternativ enerji mənbələrindən daha çox istifadə edilməsi nəzərdə tutulub. Buraya ətraf mühitin qorunmasına və işğal müddətində Ermənistanın törətdiyi ekoloji soyqırımdan sonra ekologiyanın yenidən formalaşması, yaşıllıqların artırılması kimi hədəflər daxildir. Bu da təbii ki, həm müasir çağırışlara, həm də işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin salınması konsepsiyasına uyğundur.

“Bütövlükdə Proqramın əsas özəlliyi ondan ibarətdir ki, sənəddə konkret hədəflər və fəaliyyətlər müəyyən olunub. Hər fəaliyyətə məsul olan dövlət qurumu müəyyənləşdirilib. Mövcud ola biləcək risklərin öncədən görülməsi və qarşısının alınması nəzərdə tutulub. Bu baxımdan, I Dövlət Proqramının imzalanması birmənalı şəkildə qayıdış prosesinin daha da sürətlənməsinə şərait yaradacaq”.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?