8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çoxnövbəli iş rejimində növbələrin müəyyən olunması və əməkhaqqının hesablanması

Bəzi müəssisə və təşkilatlar məşğul olduqları fəailyyət sahəsinə görə gecə və axşam vaxtı da fəaliyyət göstərirlər. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov “vergiler.az”a açıqlamasında çoxnövbəli iş zamanı növbələri ilə bağlı sual doğuran məsələlərə aydınlıq gətirir.

Fərz edək ki, üçnövbəli iş rejimi ilə çalışan müəssisədə növbələr üzrə iş vaxtları aşağıdakı kimidir:

1-ci növbə - saat 08:00-dan 16:00-dək;

2-ci növbə - saat 16:00-dan 24:00-dək;

3-cü növbə - saat 00:00-dan 08:00-dək.

Qeyd etmək zəruridir ki, gecə vaxtı yerinə yetirilən iş rejiminə, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddi Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilib. Lakin qərarda “çoxnövbəli iş” terminindən istifadə edilsə də, bu anlayışın izahı verilməyib. Çoxnövbəli iş rejimində növbələrin müəyyən olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 iyul 2001-ci il tarixli 9-1 nömrəli izahatına əsaslanmaq lazım gəlir: burada çoxnövbəli iş rejimi və növbələrin müəyyən olunması öz əksini tapıb.
İzahatın 4-cü bəndinə əsasən, “çoxnövbəli iş rejimi” dedikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən, iş saatları həftələr üzrə bərabər bölüşdürülür.
Onu da qeyd edək ki, iş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir.
Yuxarıda nəzərdən keçirdiyimiz misalda 3-cü növbədə iş saatlarının yarısından çoxu (saat 00:00-dan 06:00-dək – 6 saat) gecə vaxtına təsadüf etdiyi üçün 3-cü növbə gecə növbəsi, iş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir. 1-ci növbə isə gündüz növbəsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin izahatının 6-cı bəndinə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya ikinövbəli iş rejimlərinə aid edilmir. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə ödənilən əməkhaqqı ilə çoxnövbəli iş rejimində çalışan işçilərə ödənilən əməkhaqqı fərqlidir.

Misal 1: Müəssisənin fəaliyyət sahəsinə uyğun olaraq iş saatları 16:00-dan 24:00-dəkdir. Tarif maaşı 600 manat olan işçinin əməkhaqqı necə hesablanma-lıdır?
Qeyd edək ki, bu müəssisədəki iş rejimi çoxnövbəli iş hesab edilmir. Burada işçilər yalnız bir növbədə işləyirlər. İzahatda göstərilir ki, belə hallarda bu iş rejimi ilə çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir. Aprel ayında 22 iş günü olduğunu nəzərə alsaq, bir iş saatına düşən əməkhaqqı aşağıdakı kimi olacaq:

22x8 saat = 176 saat
600:176 saat = 3,40 manat
İşçinin 2 iş saatı (saat 22:00-dan 24:00-dək) gecə vaxtına təsadüf edir.
Normal iş saatlarına görə əməkhaqqı:
(6 x 3,40) x 22 iş günü = 448,8 manat
İş vaxtının gecə vaxtına düşən hissəsinə görə əməkhaqqı:
2 x (3,40 + 20 %)x22 iş günü = 179,52 manat.
İşçinin alacağı aylıq əməkhaqqı:
448,8 + 179,52 = 628,32 manat.

Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşını ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır.
Misal 2: Fərz edək ki, istehsalat və ya otelçilik fəaliyyəti ilə məşğul olan müəssisə 24 saat fəaliyyət göstərir. Bu müəssisədə üçnövbəli iş rejimi tətbiq olunur. Növbələr aşağıdakı şəkildə müəyyən edilib:
1-ci növbə – saat 09:00-dan 17:00-dək (gündüz növbəsi)
2-ci növbə – saat 17:00-dan 01:00-dək (axşam növbəsi – gecə növbəsindən əvvəlki iş növbəsi olduğu üçün)
3-cü növbə – saat 01:00-dan 09:00-dək (gecə növbəsi – iş vaxtının 22:00-dan 06:00-dək yarıdan çoxu gecə vaxtına düşdüyü üçün)
Bu cür müəssisələrdə birinci növbə gündüz növbəsidir və həmin növbə üçün əməkhaqqı adi qaydada hesablanır. İkinci növbə axşam, üçüncü növbə isə gecə növbəsi olduğu üçün əməkhaqqına yuxarıdakı misallarda göstərdiyimiz qaydada əlavələr edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?