9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Natamam iş vaxtı və qısaldılmış iş vaxtı: fərqlər

Təcrübədə bəzən “natamam iş vaxtı” anlayışı digər normalarla qarışıq salınır və buna görə də işəgötürənlə işçi arasında müzakirə obyekti olur. Mövzunu “vergiler.az” üçün insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.

Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı - natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, eləcə də on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələri ilə natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən edilməlidir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Əmək Məcəlləsinin 94-cü maddəsində işəgötürən və işçi arasında tərəflərin razılığı ilə natamam iş vaxtının müəyyən oluna bilməsi qeyd edilsə də, bəzən təcrübədə natamam iş vaxtı əvəzinə, “yarım ştat”, “ştatın ¼-i” və ya “1/3-i” ifadələri işlədilir. Amma bu, sovet dövründən miras qalmış ifadələrdir. Mövcud qanunvericilikdə bu bu ifadələr yoxdur, “natamam iş vaxtı” ifadəsi göstərilib. Yəni Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik 8 və ya həftəlik 40 saat – “tam iş vaxtı”, bu normalardan az müəyyən olunan iş vaxtı isə “qısaldılmış iş vaxtı” və ya “natamam iş vaxtı” adlanır.
Natamam iş vaxtının tətbiqi bəzən müəyyən çətinliklər yaradır. Natamam iş vaxtını fərqli formalarda tətbiq etmək mümkündür.

Misal: Tutaq ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində həftəlik 5 iş günü olmaqla günləlik 8 və həftəlik 40 saatdan ibarət tam iş vaxtı müəyyən olunub. Bir müddət sonra xanım işçi hamilə olması ilə əlaqədar işəgötürənə tibbi arayış təqdim edir və Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, natamam iş vaxtı təyin olunması üçün işəgötürənlə razılıq əldə olunur.
Bu halda tərəflər arasında müxtəlif formalarda natamam iş vaxtı təyin oluna bilər:

1. Gündəlik iş vaxtı azaldılmaqla. Məsələn, gündəlik iş vaxtı 4 saat, həftəlik iş günləri isə tam, yəni 5 iş günü müəyyən oluna bilər;

2. Gündəlik iş vaxtı tam, 8 saat qala bilər, ancaq həftəlik iş günləri azaldılmaqla 3 iş günü müəyyən oluna bilər;

3. Həm gündəlik iş saatları, həm də həftəlik iş günləri azaldıla bilər.

Yuxarıdakı hallar olduqda, hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müfaviq tibbi rəyə görə və ya 14 yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlar ərizə ilə müraciət etdikdə işəgötürən mütləq bunu nəzərə almalı və tərəflərin razılığı ilə natamam iş vaxtı müəyyən olunmalıdır. Sadalanan hallar olmasa belə, işəgötürən və içi arasında razılığa əsasən natamam iş vaxtı müəyyən oluna bilər. Natamam iş vaxtı əmək müqaviləsi bağlanan zaman, eləcə də əmək münasibətləri davam edən zaman müəyyən oluna bilər. Natamam iş vaxtının aşağıda qeyd olunan formada rəsmiləşdirilməsi məqsədəuyğundur:

1. Əmək müqaviləsində natamam iş vaxtı ilə bağlı müvafiq dəyişiklik edilməsi və ya əmək müqaviləsinə əlavənin tərtib olunması;

2. Elektron informasiya sistemində (e-gov.az) müvafiq dəyişikliyin aparılması.

Yeri gəlmişkən, təcrübədə bir məqama xüsusi diqqət yetirmək lazımdır. Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, bir sıra hallarda həftəlik 36 saatdan çox olmayaraq qıdaldılmış iş vaxtı tətbiq olunur. Məcəllənin 94-cü maddəsində isə natamam iş vaxtının müəyyən olunduğu hallar göstərilib. Əmək Məcəlləsinin müvafiq maddələrində qeyd olunan hallarda işçi və işəgötürən arasında 30 saatlıq iş vaxtı müəyyən olunduqda bu, qısaldılmış, yoxsa natamam iş vaxtı sayılmalıdır? Çünki Əmək Məcəlləsinin 91-ci maddəsində həftəlik qısaldılmış iş vaxtının müddəti 36 saatdan çox olmayaraq qeyd olunur. Başqa sözlə, həftəlik iş vaxtı 36 saatdan çox deyil, az ola bilər. Bu məqama ona görə xüsusi diqqət yetirilməlidir ki, qısaldılmış iş vaxtında tam əməkhaqqı ödənildiyi halda, natamam iş vaxtında əməkhaqqı vaxta mütənasib formada ödənilir. Odur ki, işçi və işəgötürən həftəlik iş vaxtını müəyyən etdikdən sonra əmək müqaviləsində qısaldılmış və ya natamam iş vaxtı barədə müvafiq qeyd aparsalar, daha məqsədəuyğun olar.

İş vaxtlarına uyğun olaraq əməkhaqqının ödənilməsi isə aşağıdakı kimi olacaq:

1. Tam iş vaxtı: tutaq ki, vəzifə maaşı 500 manat olan işçi gündəlik 8 saat, həftəlik 40 saat olmaqla 5 iş günü çalışır.

2. Qısaldılmış iş vaxtı: bir müddət sonra Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, iş vaxtı dəyişdirilərək həftəlik 36 saatdan çox olmayaraq qısaldılmış iş vaxtı təyin olunur. Buna baxmayaraq, vəzifə maaşı azaldılmır, 500 manat saxlanılır.

3. Natamam iş vaxtı: işəgötürən və işçi arasında razılaşma əsasında gündəlik 4, həftəlik 20 saat müəyyən olunub. Bu halda işçiyə vaxta əməkhaqqı mütənasib qaydada ödəniləcək. Ona tam iş vaxtı üzrə gündəlik 8, həftəlik 40 saata uyğun olaraq 500 manat əməkhaqqı ödənilirdisə, natamam iş vaxtında gündəlik 4, həftəlik 20 saat işə münasib olaraq 250 manat əməkhaqqı ödəniləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?