Ənənəvi bankçılıqdan elektron bankçılığa keçid böyük imkanlar vəd edir
Azərbaycanda dövlət səviyyəsində görülən tədbirlər, eləcə də pandemiya şəraitinin yaratdığı reallıqlar nağdsız ödənişlərə münasibəti xeyli fəallaşdırıb. Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bank sistemində mövcud olan əsas tendensiyalarla bağlı suallarımızı cavablandırıb.
- Fərid müəllim, ölkəmizdə nağdsız ödənişlər üzrə göstəricilərin ümumi mənzərəsini necə səciyyələndirmək olar?
- 2020-ci ilin nağdsız ödəniş göstəriciləri ötən ilin bütün ayları ilə müqayisədə müsbət dinamika nümayiş etdirir. Bu tendensiyanı Mərkəzi Bank tərəfindən həyata keçirilən kompleks tədbirlərin nağdsız ödənişlərə müsbət təsiri ilə xarakterizə etmək olar. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Mərkəzi Bank tərəfindən bank sektoru ilə birlikdə reallaşdırılan irimiqyaslı layihələr, habelə aidiyyəti qurumların dəstəyi ilə həyata keçirilən müxtəlif istiqamətli tədbirlər inkişafa dəstək olub. Eyni zamanda, qlobal miqyasda baş verən hadisələr də nağdsız ödənişlərin inkişafına ciddi təsir göstərməkdədir. Xüsusilə pandemiya cəmiyyətin hər bir üzvünə rəqəmsallaşmanın zəruriliyini bir daha göstərdi və nağdsız ödənişlərdən istifadənin üstünlüklərini ön plana çıxardı.
Mərkəzi Bank pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması məqsədilə bank sektoru ilə birlikdə kompleks tədbirlər həyata keçirib. Pandemiya şəraitində elektron ticarət əməliyyatlarından istifadənin genişlənməsi, eləcə də təhlükəsizlik məqsədilə nağd puldan istifadə əvəzinə ödəniş kartları ilə təmassız ödənişlərə üstünlük verilməsi nağdsız ödənişlərin payını daha da yüksəldib. Mərkəzi Bank təmassız ödənişlərdən istifadənin genişləndirilməsi məqsədilə cari ildə təmassız ödəniş limitini 50 manatdan 100 manatadək yüksəldib və pandemiya şəraitində gündəlik formada təkrarlanan ödənişlərin fiziki təmas olmadan təhlükəsiz həyata keçirilməsi imkanı yaradılıb.
- Nağdsız ödənişlərə marağın artırılması, əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması üçün daha hansı addımlar atılır?
- Dövlət Proqramının icrası çərçivəsində Mərkəzi Bankın təşkilatçılığı, habelə aidiyyəti qurumların dəstəyi ilə bir sıra layihələrin reallaşdırılması davam etdirilir. Mərkəzi Bank, Təhsil Nazirliyi, “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dəstəyi ilə 6 universitetdə - Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ödəniş funksionallı “Smart təhsil kartları”nın verilməsi layihəsi gerçəkləşib. Karantin rejimi bitdikdən sonra bu tədbir digər təhsil ocaqlarını da əhatə edəcək. Mərkəzi Bank, “Azərbaycan Dəmir Yolları” QSC, “Visa” beynəlxalq kart təşkilatı və “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi layihəsinin ilkin mərhələsi reallaşdırılıb. Layihənin birinci mərhələsində dəmir yollarında Bakı-Sumqayıt hərəkət xətti üzrə iki stansiyada gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi imkanı yaradılıb. Qeyd edək ki, bu funksionallıq mərhələli şəkildə bütün stansiyalarda aktivləşdiriləcək.
Mərkəzi Bank tərəfindən rəqəmsal ödənişlərdən istifadənin təşviqi və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində beynəlxalq kart təşkilatları və aidiyyəti qurumlar ilə birlikdə stimullaşdırıcı və maarifləndirici tədbirlərin həyata keçirilməsi davam etdirilir.
- Bank sisteminin rəqəmsallaşması istiqamətində hansı işlər görülür?
- Mərkəzi Bank tərəfindən ölkədə nağdsız ödəniş imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığın artırılması daim diqqət mərkəzində saxlanılır. Dövlət Proqramının icrası çərçivəsində Mərkəzi Bank bu ilin 1 oktyabr tarixində Ani Ödənişlər Sistemini (AÖS) real rejimdə istismara verib. Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılıb. Hazırda 17 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və milli poçt operatoru “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.
Ölkədə rəqəmsal maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi (RİS) yaradılıb və 13 oktyabr 2020-ci il tarixində istismara verilib. Layihə çərçivəsində hüquqi və fiziki şəxslər tərəfindən məsafədən maliyyə-bank xidmətləri əldə edilən zaman “Öz müştərini tanı” siyasətinə uyğun olaraq onların identifikasiya edilməsi ilə pilot olaraq bank hesablarının açılması və ödəniş kartlarının əldə olunması imkanı yaradılıb. Bununla da banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edilməsi, tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsi zərurətinin aradan qaldırılması, o cümlədən məlumatların tamlığı, əlçatanlığı və məxfiliyi təmin edilib. Qeyd edək ki, hazırda 11 bank RİS platformasına inteqrasiya olunub. Bu sistemin funksional imkanlarının və əhatə dairəsinin genişləndirilməsi, o cümlədən xidmət təchizatçılarının sayının və göstərilən rəqəmsal xidmətlərin çeşidinin artırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Onu da deyək ki, istər pandemiya, istərsə də postpandemiya dövründə elektron bankçılıq xidmətlərinin genişləndirilməsi prioritetlərdən biri olacaq. Ənənəvi bankçılıqdan elektron bankçılığa keçidin sürətlənməsi təqdim olunan maliyyə xidmətlərinin əlçatanlığını artırmaqla yanaşı, bank xidmətlərinin daha aşağı xərc və yüksək sürətlə təklif edilməsi imkanlarını genişləndirəcək.
Fərqanə Allahverdiqızı