Azərbaycan İranla KOB sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycanla İran İslam Respublikası arasında KOB sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov və İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib. Görüşdə O.Məmmədov KOBİA-nın fəaliyyəti, pandemiya dövründə KOB-lara göstərilən dövlət dəstəyi, agentliyin dəstək mexanizmləri və sosial sahibkarlıq təşəbbüsləri barədə məlumat verib. Həmçinin 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsinin dövlətin prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılıb, biznesin bu torpaqlara qayıtması, sahibkarlıq fəaliyyətinin təşkili, kiçik və orta sahibkarlıq sektorunun formalaşdırılması üçün Azərbaycan dövlətinin müəyyənləşdirəcəyi strategiyaya uyğun olaraq KOBİA-nın müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutduğu qeyd edilib. Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini KOBİA-ya təqdim edir, agentliyin dəstəyi ilə artıq Şuşa şəhərində ilk sahibkarlıq subyekti - çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.
Səfir Seyid Abbas Musəvi ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirərək işğaldan azad edilmiş sərhədyanı ərazilərdə birgə investisiya layihələrinin həyata keçirilməsinin hər iki tərəfin KOB-ları üçün faydalı olacağını qeyd edib.
Azərbaycan və İran arasında KOB sahəsində əməkdaşlığa, bu istiqamətdə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə işğaldan azad edilmiş ərazilərdə xarici investorlarla birgə həyata keçirilməsi mümkün layihələrə, iki ölkənin KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsinə, KOBİA və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı (ISIPO) və digər müvafiq qurumlarla əməkdaşlığın yaradılmasına dair fikir mübadiləsi aparılıb.