12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əvəz Quliyev: “Bir sıra sahələr üzrə vergi güzəştlərinin müddəti artırılacaq” MÜSAHİBƏ

2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə minməsi nəzərdə tutulan, hazırda Milli Məclisdə üç oxunuşdan keçən Vergi Məcəlləsində dəyişikliklər layihəsi sahibkarlıq mühitinin təşviqini, sosial xarakterli güzəştlərin tətbiqini və sahibkarlara daha innovativ inzibatçılıq alətlərindən istifadə imkanlarını ehtiva edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev layihənin əsas istiqamətlərini “İqtisadi Zona” proqramına müsahibəsində açıqlayıb. 

- Əvəz müəllim, Vergi Məcəlləsində budəfəki dəyişikliklər biznes tərəfindən çoxdan gözlənilirdi. Dəyişikliklərin əsas istiqamətləri və qayəsi nədən ibarət olacaq?

- Ötən illərdə olduğu kimi, bu dəfə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərin əsas hədəf istiqamətləri eyni olaraq qalır. Bunlar sahibkarlıq fəaliyyəti subyektlərinin vergi yükünün optimallaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli vergi güzəştləri ilə əhalinin vergi yükünün azaldılması, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə çərçivəsində vergi nəzarəti tədbirlərinin təkmilləşdirilməsidir.

- Artıq bir sıra vergi güzəştlərinin tətbiqi müddəti başa çatır. Dövlət hansı sektorlara dəstək, güzəşt verməkdə davam edəcək?

- Bildiyiniz kimi, uzun illərdir ki, kənd təsərrüfatı sektoru, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib. Bu siyasətin davam etdirilməsi nəzərdə tutulur. Bununla bağlı növbəti ilin yanvar ayının 1-dən kənd təsərrüfatı sahəsi üzrə nəzərdə tutulan vergi güzəştləri daha 3 il müddətinə artırılır. Əlavə olaraq, bu sektorla bağlı olan heyvan və quş ətinin satışı sahəsində əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər tətbiq edilirdi. Bu güzəştlər də 2024-cü ildən növbəti 3 il müddətinə artırılır. Eyni zamanda, buğdanın idxalı və satışı, çörəyin, unun satışının, buğdanın, kəpəyin istehsalı və idxalının güzəşt müddətinin bitməsi nəzərə alındığı üçün onlar üçün də vergi güzəştləri davam etdiriləcək. Həmin məhsullar üzrə ƏDV-dən azad olunmanın gələn il yanvarın 1-dən növbəti 3 il müddətinə artırılması nəzərdə tutulur. Bunlarla yanaşı, icbari tibbi sığorta haqları üzrə göstərilən tibbi xidmətlərin ƏDV-dən azadolma müddətinin artırılması gözlənilir. Bundan başqa, Qarabağ Dirçəliş Fondu, “YAŞAT” Fondu və Heydər Əliyev Fondu kimi sosial-ictimai məqsədlər üçün yaradılmış fondların vəsaiti hesabına göstəriləcək tibbi xidmətlərin ƏDV-dən azad olması tətbiq ediləcək.

Uzun illərdir ki, kənd təsərrüfatı sektoru, torpaq vergisi istisna olmaqla,
bütün vergilərdən azad edilib. Bu siyasətin davam etdirilməsi nəzərdə tutulur

- Builki dəyişikliklərdə dövlətin sosial yönümlü vergi siyasəti prinsipi yenə də saxlanılırmı? Başqa sözlə, sosial istiqamətdə və əhalinin vergi yükünün azaldılması istiqamətində hansı güzəştlər tətbiq olunacaq?

- Bildiyiniz kimi, 2016-cı ildən başlayaraq, əhalinin bank əmanətləri üzrə faiz gəlirlərinə tam şəkildə vergi azadolması tətbiq edilirdi. Bu azadolma 2023-cü ilin fevral ayının 1-də bitib. Ötən müddət ərzində aparılan iqtisadi təhlillərin nəticəsi olaraq, növbəti ildən əhaliyə yeni mexanizmlə bank əmanətləri üzrə vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Belə ki, hazırda layihə formasında olan dəyişikliyə əsasən, əhalinin yalnız milli valyutada banklarda yerləşdirilən əmanətləri üzrə faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad ediləcək. Əgər əhali tərəfindən banka yerləşdirilmiş əmanətin müddəti 18 aydan az deyilsə və əmanət məbləği 18 aydan tez olmayaraq geri götürülməyəcəksə, bu zaman həmin əmanətlər üzrə 1 yanvar 2024-cü ildən başlayaraq, 3 il müddətinə bütün faiz gəlirlərinə tam şəkildə azadolma tətbiq ediləcək.

- Sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və sahibkarın vergi yükünün azaldılması istiqamətində dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?

- Bu istiqamətdə də əhəmiyyətli dəyişikliklər nəzərdə tutulur. Bu gün Azərbaycanda ödənilən dividentlər üzrə vergi dərəcəsi 10 faizdir, növbəti ildən isə bu, 5 faizə endiriləcək. Eyni zamanda, sahibkarlıq subyektləri üçün növbəti dəstək tədbiri olaraq, kommersiya xərcləri olan nümayəndəlik, mənzil və işçilərin yemək xərclərinin norma daxilində gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulur.
Növbəti ildən tibb müəssisələri üçün də vergi güzəştlərinin tətbiqi gözlənilir. Məlumdur ki, nağdsız ödənişlərin stimullaşdırılması bu gün əsas məqsədlərdən biridir. Bu baxımdan, tibb müəssisələrinin nağdsız qaydada formalaşan dövriyyələrinin 50 faizinin onların ƏDV tutulan əməliyyatlarının dövriyyəsindən çıxılması nəzərdə tutulur. Bununla da tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəşti tətbiq olunacaq. Bu güzəşt qeyd edilən sahədə şəffaflaşmanın daha da artmasına kömək edəcək.

Sahibkarlıq sahəsində digər bir güzəşt ondan ibarətdir ki, 2019-cu ildən başlayaraq, elm, təhsil, idman və mədəniyyət sahələrinə ianə edən vergi ödəyicilərinin ianə etdikləri məbləğin onların mənfəətinin 10 faizindən çox olmayan hissəsi mənfəət vergisindən azad edilir. Yeni dəyişikliyə əsasən, mənfəət vergisindən azad olmaqla həmin elm, təhsil, idman və mədəniyyət sahələrinə köçürülən faiz nisbəti 10 faizdən 15 faizə qaldırılır.

Vergi Məcəlləsində builki dəyişikliklər vergi nəzarəti tədbirlərinin təkmilləşdirilməsi,
“kölgə iqtisadiyyatı” ilə mübarizənin aparılması, xüsusilə əmtəəsiz
əməliyyat aparan vergi ödəyiciləri ilə mübarizənin gücləndirilməsini ehtiva edir

- Vergi nəzarəti tədbirlərinin təkmilləşdirilməsi fonunda “kölgə iqtisadiyyatı”na qarşı mübarizədə hansı dəyişikliklər gözlənilir?

- Vergi Məcəlləsində builki dəyişikliklər vergi nəzarəti tədbirlərinin təkmilləşdirilməsi, “kölgə iqtisadiyyatı” ilə mübarizənin aparılması, xüsusilə əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə mübarizənin gücləndirilməsini ehtiva edir. Bununla bağlı riskli və əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə mübarizə, onların aşkarlanması, eyni zamanda, vergi ödəyicilərinin riskli kateqoriyaya salınması, həmin riskli vergi ödəyicilərinin siyahısından çıxarılma ilə bağlı dəqiq mexanizmlərin müəyyən olunması nəzərdə tutulur. Bununla yanaşı, vergi ödəyicilərinin risk kateqoriyasına düşməsinə səbəb olan meyarlar optimallaşdırılmaqla azaldılacaq. Xüsusi olaraq bunu qeyd etmək istəyirəm ki, vergi ödəyicilərinin aldıqları mal, iş və xidmətlər qanuna müvafiq olaraq, aidiyyəti sənədlərlə rəsmiləşdirilməlidir. Son dövrlərdə tətbiq olunan və qanunvericilikdə nəzərdə tutulan vergi orqanında uçotda olmayan şəxsdən alınan mallar alış aktları ilə, eyni zamanda elektron alış aktları vasitəsilə rəsmiləşdirilir. Bu sahədə də müvafiq tənzimlənmə aparılır və elektron alış aktı ilə rəsmiləşdiriləcək xərclərin müəyyən hissəsinin gəlirdən çıxılan xərclər kimi tanınması nəzərdə tutulur. Burada xərctanınma prosesində müəyyən optimallaşmalara gedilir.

Onu da qeyd edim ki, indiyədək nəzarət-kassa aparatının çeki ilə olan xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulmurdu. Daha doğrusu, nəzarət-kassa aparatının çekləri xərcləri təsdiq edən sənəd hesab olunmurdu. Lakin bu ildən başlayaraq, nəzarət-kassa aparatı ilə alınacaq malların müəyyən bir hissəsinin vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilməsi nəzərdə tutulur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?