İsmayıl Hüseynov: “Uğur yolu” karyera yüksəlişi üçün unikal platformadır” UĞUR YOLU
Artıq ikinci ildir ki, İqtisadiyyat Nazirliyi öz əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı, peşə bacarıqlarının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir.
Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”ın oxucuları ilə bölüşüb.
İ.Hüseynov 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisasını bakalavr pilləsi üzrə, 2016-cı ildə Qafqaz Universitetinin Maliyyə menecmenti ixtisasını magistratura pilləsi üzrə bitirib. Elə həmin ildən Sahibkarlıgın İnkisafı Fondunda əmək fəaliyyətinə başlayıb.
“Qaliblər nazirliyin gələcək idarəçiləri arasında yer almaq imkanı əldə edirlər”
“Uğur yolu”nda artıq ikinci dəfədir iştirak edən müsahibimiz deyir ki, keçən müsabiqənin finalçısı kimi bu yarışmanın yaratdığı bəzi imkanlardan artıq faydalanıb. Həmin müsabiqənin finalçıları və qalibləri üçün təşkil olunmuş, ölkənin ən qabaqcıl təlimçiləri tərəfindən həyata keçirilən təlimlər nəticəsində peşəkar karyerasında irəliləyiş əldə edə bilmək üçün zəruri olan səriştələrini inkişaf etdirib ki, bu da ona həm iş həyatında uğur qazanmaqda, həm də “Uğur yolu-2022” müsabiqəsinin qalibi olmaqda töhfə verib.
Müsabiqənin ilkin mərhələləri iştirakçıya məntiq, sosial intellekt və liderlik
potensialının peşəkar səviyyədə qiymətləndirilməsi imkanı yaradırsa,
növbəti mərhələlər komanda daxilində müxtəlif tipli tapşırıqların birgə icrası və idarəçi
rəhbərlər qarşısında təqdimat bacarıqlarını nümayiş etdirmək üçün şans verir.
“Uğur yolu”nu karyera yüksəlişi yaşamaq istəyən özgüvənli insanlar üçün unikal bir platforma sayan İ.Hüseynovun fikrincə, müsabiqə intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan iddialı kadrlar üçün çox geniş imkanlar vəd edir. Belə ki, müsabiqənin ilkin mərhələləri iştirakçıya məntiq, sosial intellekt və liderlik potensialının peşəkar səviyyədə qiymətləndirilməsi imkanı yaradırsa, növbəti mərhələlər komanda daxilində müxtəlif tipli tapşırıqların birgə icrası və idarəçi rəhbərlər qarşısında təqdimat bacarıqlarını nümayiş etdirmək üçün şans verir. Müsabiqəni uğurla başa vurmuş namizədlər isə fərdi inkişaf planları əldə etmək, idarəçi rəhbərlərlə çalışmaq, təlimlərdə iştirak edərək özlərini inkişaf etdirmək və nazirliyin gələcək idarəçiləri arasında yer almaq fürsətləri əldə edirlər.
İştirakçı düşünür ki, bu müsabiqənin yaratdığı ən böyük üstünlüklərdən biri İqtisadiyyat Nazirliyində çalışan parlaq insanları tanımaq, onlarla əlaqələr qurmaq və müxtəlif layihələrdə bərabər iştirak edə bilmək fürsətinin yaranmasıdır. Paralel olaraq, idarəçi rəhbərlərlə mütəmadi formada təşkil olunan görüşlər iştirakçıların həm onlar tərəfindən tanınmasına, həm də idarəetmə bacarıqlarını praktiki formada inkişaf etdirməyə şərait yaradacaq: “Bu müsabiqə potensialımızı müəyyənləşdirmək və fərqli keyfiyyətlərimizi üzə çıxarmağa kömək edir. Məsələn, normal iş mühitində demək olar ki, davamlı olaraq eyni komandalar daxilində müzakirələrdə iştirak edib, tapşırıqları icra etdiyimizdən bəzən insan komandaya öyrəşdiyini və fərqli komandada işləməyin çətin olacağını düşünür. Lakin müsabiqə ərzində 10-a yaxın komandada müxtəlif tapşırıqların həlli ətrafında müzakirələrdə uğurlu iştirakım, əslində eyni dəyərlərə sahib şəxslərdən ibarət istənilən komandada produktiv ola biləcəyimi təsdiqlədi”.
“Bilik və bacarıqların yüksək olması növbəti mərhələlərə keçmək üçün kifayət etmir”
İ.Hüseynovun qənaətinə görə, müsabiqədə səriştə əsaslı qiymətləndirmə modelindən istifadə olunduğu üçün konkret olaraq hansısa sahələr üzrə bilik və bacarıqların yüksək olması növbəti mərhələlərə keçmək üçün kifayət etmir. Çünki liderlik, strateji düşünmə, komandada işləmək, kommunikasiya bacarıqları, sosial məsuliyyət və nəticələrə yönəlmək kimi səriştələr praktiki “ümumi bacarıqlar” (“case”) ətrafında aparılan müzakirələrə əsasən qiymətləndirilir. Bu baxımdan o, müsabiqəyə qatılmaq istəyən həmkarlarına cari işlərindən əlavə müxtəlif layihələrə cəlb olunmağı və layihə komandalarında aktiv iştirak etməyi tövsiyə edir.
Müsabiqənin bütün mərhələlərinin faydalı olduğunu, müsabiqənin
nəticələri əsasında qarşıda bizi daha maraqlı məqamların gözlədiyini düşünürəm.
Qalib əlavə edir ki, müsabiqədə iştirak edən həmkarlarının fikir yürütmə, “case”lərdə təqdim olunan məlumatların təhlili, sintezi və qiymətləndirilməsi, problem həll etmə, qərarvermə və idarəetmə səviyyəsinin yüksək olması müsabiqənin ciddi formada rəqabətli keçməsini təmin edirdi. Xüsusilə də yarımfinal və final mərhələlərində iştirak edən namizədlərin bilik və bacarıqlarının yüksək olması növbəti mərhələyə keçmək və qalib gələ bilmək üçün daim aktiv olmağı tələb edirdi. Əslində, belə potensiallı və yüksək istedadlıların arasında qalib ola bilmək qalibiyyəti daha da önəmli edən əsas faktordur.
İ.Hüseynov bildirir ki, müsabiqədə hər mərhələ üzrə təqdim olunan tapşırıqların özünəməxsus çətinlik dərəcəsi və maraqlı məqamları var idi. Belə ki, ilkin mərhələ üzrə təqdim olunan rəqəmsal, verbal və abstrakt məntiq testləri kifayət qədər çətin və qısa müddət ərzində həll edilməsi tələb olunan tapşırıqlar idi. Növbəti mərhələdə təqdim olunan sosial intellekt və liderlik potensialını ölçən testlər 3 saat ərzində namizədi müxtəlif situasiyalarda və müxtəlif rollarda olmağa vadar edir və bu qarışıq məqamlarda onların davranışının necə olacağını müəyyənləşdirirdi. Yarımfinal və final mərhələsindəki tapşırıqlar isə namizəddən müxtəlif komandaların daxilində özünü ifadəetmə, başqalarını inandırmaq, komandaya rəhbərlik etmək, başqaları ilə əməkdaşlıq etmək və resurslardan səmərəli istifadə etmək kimi bacarıqları nümayiş etdirməyi tələb edirdi: “Müsabiqənin bütün mərhələlərinin faydalı olduğunu, müsabiqənin nəticələri əsasında qarşıda bizi daha maraqlı məqamların gözlədiyini düşünürəm. Finalçılarla keçirdiyimiz ilk görüşün nəticələrinə əsasən deyə bilərəm ki, müsabiqədə iştirak bizə kifayər qədər savadlı, bacarıqlı, uğurlu və potensiallı şəxslərdən ibarət böyük bir ailənin üzvü olmaq şansı verib. İdarəçi rəhbərlə keçirəcəyimiz görüşlər, onların təcrübələri ilə tanışlıq və tövsiyələrini dinləmək isə gələcək karyeramızda çox ciddi nailiyyətlər əldə etməyimizə töhfə verəcək. Son olaraq layihənin həyata keçirilməsinə qərar verən, layihəni təşkil edən, layihə ərzində yanımızda olan və dəstəyini əsirgəməyən bütün “Uğur yolu” kollektivinə dərin təşəkkürümü bildirirəm”.
İlhamə İSABALAYEVA