15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Göydəniz Qəhrəmanov: “Turizm reyestri bu sektorda qəbul edilmiş standartların tətbiqinə imkan verəcək” MÜSAHİBƏ

İqtisadiyyatın qeyri-neft sektorunda mühüm yer tutan turizmi inkişaf etdirmək Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritetlərindəndir. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm şirkətlərinin fəaliyyəti ilə bağlı “vergiler.az”ın suallarını cavablandırır:

- Ölkəmizin turizm şirkətləri postpandemiya dövründə öz fəaliyyətlərini tam bərpa edə biliblərmi?

- Turizm sektoru pandemiya dövründə ən çox ziyan çəkən sahələrdən olub. Təəssüflər olsun ki, pandemiya dövründə sərt karantin rejiminin tətbiqi bir müddət davam etdiyi üçün turizm sektorunda çalışan insanların çoxu digər sahələrə üz tutdular. Nəticədə turizm sektorunda çalışan işçilərin sayı 2019-cu illə müqayisədə 50 faizədək azaldı. Ümid edirik ki, turizm sektorundan gedənlər yenidən bu sahəyə qayıdacaqlar. Pandemiya tam bitməyib, buna baxmayaraq, turizm sektorunda xoş bir dinamika müşahidə edilir. Artıq paytaxtda, regionlarda Azərbaycana səfər edən xarici turistləri görürük. Eyni zamanda, yerli turistlərimiz də xaricə üz tutur. Bu o deməkdir ki, turizm sektoru pandemiyadan sonra inkişafa doğru addımlar atır. Ancaq aydın məsələdir ki, hələ pandemiyadan əvvəlki dövrün – 2018-2019-cu illərin göstəricilərinə çata bilməmişik. Düşünürəm ki, 2023-cü ilin yay turizm mövsümündə pandemiyadan əvvəlki dövrün göstəricilərini əldə edə biləcəyik

- Azərbaycanda turizm lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarıldıqdan sonra turizm şirkətlərinin sayı durmadan artmaqla yanaşı, bu imkandan sui-istifadə edənlər də çoxaldı. Bu vəziyyətdən çıxmaq üçün nəzarət mexanizmi tətbiq edilirmi?

- Bir necə il əvvəl turizm fəaliyyəti üçün lisenziya tələbinin ləğvi turizm sənayesi iştirakçılarını həm bürokratik əngəllərdən, həm də 5.500 manatlıq rüsum xərclərindən azad etdi. Ancaq çox təəssüf olsun ki, bundan sui-istifadə edənlər də oldu. Qısa müddətə açılıb-bağlanan, göstərdikləri xidmətlərin keyfiyyəti qənaətbəxş olmayan bu cür şirkətlər rəqabət şəraitinin sağlamlığına mənfi təsir göstərirlər. Məsələn, belə şirkətlərin fəaliyyəti nəticəsində güclü dempinq başladı və illərlə təcrübəsi, rəsmi ofisi olan şirkətlər çətinliklə üzləşdilər. Hazırda turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizmi hazırlanır. Bu ilin əvvəlindən qüvvəyə minmiş “Turizm haqqında” Qanuna uyğun olaraq, yaradılacaq turizm reyestri belə hallara nəzarət etməyə, bu sektorda qəbul edilmiş standartların tətbiqinə imkan verəcək. Bunun sayəsində həm otellər, həm də turizm şirkətləri mütləq qaydada reyestrdən keçməli, qəbul edilmiş standartları fəaliyyətlərində tətbiq etməli olacaqlar. Bununla da onların fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılacaq. Bu isə yaxın gələcəkdə rəqabətin sağlamlaşmasına gətirib çıxaracaq, bu sahədəki çatışmazlıqları aradan qaldıracaq. Düşünürəm ki, yaxın bir ayda bu reyestrin mexanizmləri ictimaiyyətə təqdim ediləcək.

Ölkəmizdə turist sayının daha çox olmasını istəyiriksə, sürətli
qatarların, hava limanlarının fəaliyyətinə yenidən baxılmalıdır.

- Turizm şirkətlərinin fəaliyyəti üçün çətinliklər yaradan hansı məsələlərin həllini vacib hesab edirsiniz?

- Bizə çətinlik yaradan ilk məsələ regionlarda sürətli qatarların olmamasıdır. Apardığımız sorğular göstərir ki, turistlər avtomobillə, avtobusla 3 saatdan çox yol getmək istəmirlər. Ucqar rayonlarımız turizm baxımından cəlbedici olsa da, turistlər yolun uzaqlığına görə həmin yerlərə səfərdən imtina edirlər. Sürətli qatarların olması regionlara turistlərin cəlbinə böyük təkan verər. Digər tərəfdən, regionlardakı hava limanlarının hamısı işləmir. Məsələn, Zaqatalada hava limanı olsa da, illərdir ki, fəaliyyət göstərmir. Qəbələ hava limanı isə çox az sayda reys qəbul edir. Ölkəmizdə turist sayının daha çox olmasını istəyiriksə, sürətli qatarların, hava limanlarının fəaliyyətinə yenidən baxılmalıdır.

- Turistlərin çoxu Azərbaycanda turizm xidmətlərinin, tur paketlərin qiymətinin baha olmasından gileylənir. Bu bahalıq nədən qaynaqlanır?

- Qiymətlərin bahalığı regionlarda otellərin sayının az olması ilə bağlıdır. Təəssüf olsun ki, bəzi rayonlarımızda cəmi 1-2 otel var. Rayonlardakı otellərin, istirahət mərkəzlərinin sayı nə qədər çox olarsa, qiymətlər də o qədər münasib olar. Bazar özü bu qiymətləri tənzimləyəcək. Bu baxımdan, rayonlarda otel və istirahət mərkəzlərinin sayı artırılmalı, aşağı büdcəli otellər açılmalı, yerli insanlar turizm sektoru üzrə iş yerlərinə, xüsusilə turizm menecmenti sahəsinə cəlb edilməli, yerli turizm menecmentləri hazırlanmalıdır. Eyni zamanda, yerli sahibkarları otel inşaatı ilə maraqlandıra bilsək, onlara subsidiyalar verilsə, otellərin sayı artar və qiymətlər tənzimlənərək rəqabətə daha dözümlü olar.

Yerli sahibkarları otel inşaatı ilə maraqlandıra bilsək, onlara subsidiyalar
verilsə, otellərin sayı artar və qiymətlər tənzimlənərək rəqabətə daha dözümlü olar.

- Turizm şirkətləri Azərbaycana turistlərin cəlbində nə kimi rol oynayır?

- Bu gün Azərbaycana turistlər, əsasən, üç yolla səfər edirlər. Birinci yol budur ki, turistlər özləri otellərdə yer bronlayır, viza, bilet alır və ölkəmizə gəlirlər. İkinci yol turistin öz ölkəsinin turizm şirkətinin, üçüncü yol isə Azərbaycan şirkətlərinin xətti ilə ilə səfərlərin təşkilidir. Hazırda xaricdən ölkəmizə turist cəlbində kifayət qədər böyük rol oynayan yetərli qədər professional turizm şirkətlərimiz var. 2021-ci ildə Azərbaycanda turoperator və turizm şirkətlərinin xətti ilə qəbul edilmiş və göndərilmiş turistlərin sayı 2020-ci ilə nisbətən təxminən iki dəfə artsa da, bu say pandemiyadan əvvəlki göstəricilərdən hələ də xeyli azdır. 2021-ci ildə Azərbaycanda turoperator və turizm şirkətlərinin xətti ilə qəbul edilmiş və göndərilmiş turistlərin sayı 2019-cu illə müqayisədə 70 faiz az olub. Hesab edirəm ki, yerli turizm şirkətlərinin xarici partnyorları ilə apardığı əməkdaşlıq sayəsində yaxın gələcəkdə Azərbaycanda daha çox sayda turist görəcəyik.

- Turizm şirkətləri ölkəyə turist cəlbindən yetərli qədər mənfəət əldə edə bilirlərmi?

- Azərbaycanda 2021-ci ildə turizm şirkətlərinin əldə etdiyi gəlir 2020-ci illə müqayisədə artıb. Ancaq ümumilikdə götürdükdə şirkətlərin ötən il əldə etdiyi gəlirin məbləği 2019-cu illə müqayisədə 70 faizədək azalıb. Turizm şirkətləri gəlirlərin əldə edilməsinə görə hələ də pandemiyadan əvvəlki göstəricilərə çata bilməyiblər. Nəzərə alaq ki, turizm şirkətləri turizm xidmətlərinin təqdim edilməsində vasitəçidirlər. Onların gəlirləri tur paketlərin üzərinə müəyyən faizlərin əlavə edilməsi hesabına olur. Otellərin, nəqliyyat vasitələrinin qiyməti əsasında turpaket formalaşdırdıqdan sonra turizm şirkətləri onların üzərinə təxminən 2-3 faizlik gəlirlərini əlavə edirlər. Bu gün turistlər özləri onlayn viza ala, otellərdə yerlərini onlayn rezervasiya edə bilirlər. Bu nüansları nəzərə alan şirkətlər müştərilərini itirməmək üçün paketlərin üzərlərinə az gəlir faizi əlavə etməklə kifayətlənirlər. Təəssüf olsun ki, qeyri-sağlam rəqabət bu gün şirkətlərin əldə etdiyi mənfəəti minimum dərəcəyə salıb. Ancaq gələcəkdə bu mənfəəti artırmaq mümkündür. Sağlam rəqabət olacaqsa, şirkətlər dempinqə deyil, xidmətlərin kəmiyyət və keyfiyyətinin, turistlərin sayının artırılmasına üstünlük verəcəklər. Yalnız bu halda daha çox mənfəət əldə etmək mümkün olacaq.

2021-ci ildə Azərbaycanda turoperator və turizm şirkətlərinin
xətti ilə qəbul edilmiş və göndərilmiş turistlərin sayı 2020-ci
ilə nisbətən təxminən iki dəfə artsa da, bu say
pandemiyadan əvvəlki göstəricilərdən hələ də xeyli azdır.

- Azərbaycandakı turizm şirkətləri daha çox “gəlmə”, yoxsa “getmə” turizminə maraq göstərirlər?

- 2015-ci ilə kimi Azərbaycanda turizm şirkətləri əsas etibarilə turistləri ölkədən yola salmağa – “getmə” turizminə maraq göstərirdilər. ATAA-ya üzv olan şirkətlərin 90 faizi 2016-cı ilə kimi “getmə” turizmi ilə məşğul olurdu. 2016-cı ildən sonra “gəlmə” turizminə də böyük əhəmiyyət verilməyə başlandı. 2018-2019-cu illə müqayisədə ölkədə “gəlmə” turizmi ilə məşğul olan şirkətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Artıq assosiasiyaya üzv olan şirkətlərin 30-35 faizi “gəlmə” turizmi ilə də məşğul olur. Ancaq bu, o demək deyil ki, “gəlmə” turizmi lə məşğul olanlar “getmə” turizmlə maraqlanmırlar. Onlar indi fəaliyyətlərini paralel şəkildə təşkil edirlər. Yerli turizm şirkətləri artıq fəaliyyətlərini “gəlmə” turizminə yönəltməyə daha çox niyyətlidirlər. Düşünürəm ki, bu, ölkəyə gələn turistlərin sayının artmasına ciddi təsir göstərəcək.

- Azərbaycanda ölkədaxili turlar zamanı səyahət sığortasının tətbiqinə önəm verilmir. Sizcə, turizm şirkətləri üçün həm xarici, həm də daxili turların təşkili zamanı səyahət sığortasının tətbiqinin məcburiyyətə çevrilməsinə ehtiyac varmı?

- Xarici səfərlər zamanı səyahət sığortası turpaketlərə əlavə edilir. Xarici səfərlərlə bağlı olan turpaketlərin əksəriyyəti sığortalanır. Bu, xaricdə turistlərin xəstəliklə bağlı xərclərini qarşılamaq üçündür. Yerli turlar zamanı isə turistlərin səyahətinin sığortalanması daha azdır. Yerli turlar üçün nadir hallarda səyahət sığortalarından istifadə edilir. Düşünürəm ki, səyahət sığortasını turistlərə turizm şirkətləri özləri təklif etməlidirlər.

Bununla yanaşı, Azərbaycanda çalışan sığorta şirkətləri də bu məsələdə fəal olmalı, turizm şirkətlərinə səyahət sığortasının tətbiqini təklif etməlidirlər.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?