15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Roman Qaraşov: “İstehlakçılar bəzən virtual məkanda da aldadılır”

  • Belə platformalar çox zaman istehlakçılarla “WhatsApp” nömrələri və ya saxta nömrələrlə əlaqə saxlayır;

  • “Elektron ticarət haqqında” Qanunda satıcının alıcıların zəruri məlumatlarla tanış olmasına imkan yaratması ilə bağlı öhdəliyi nəzərdə tutulub;

  • İstehlakçılar özlərini o zaman daha yaxşı qoruya bilərlər ki, ödənişlərini məhsulları qəbul edib yoxladıqdan sonra həyata keçirsinlər.

Bu gün istehlakçıların diqqət yetirməli olduğu ən əsas məqam məhz sosial şəbəkələr vasitəsilə edilən satışlardır, çünki bəzən virtual məkanda istehlakçılar aldadılır.

Bunu “vergiler.az”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.

Onun sözlərinə görə, belə platformalar çox zaman istehlakçılarla “WhatsApp” nömrələri və ya saxta nömrələrlə əlaqə saxlayır, həmin nömrələr vasitəsilə sifarişi qəbul edir, pulun hansısa şəxsin bank hesabına köçürülməsini təmin edir: “Hər bir şirkətin özünün saytı, sosial şəbəkə hesabı və ya səhifəsi ola bilər. Lakin bəzən mövcud olan şirkətin adından istifadə etməklə və ya uydurma adlarla yeni səhifələr yaradırlar ki, həmin adın nə əmtəə nişanı qeydiyyata alınır, nə də ümumiyyətlə, elə bir mağaza fəaliyyət göstərir. Öz saxta platformalarında müəyyən məhsulların satışının həyata keçirildiyi elan edilir, hansısa mağazaların fotoları paylaşılır. Çox zaman belə “mağaza”ların öz kuryeri olmadığından məhsulu sifarişçilərə taksilər vasitəsilə göndərirlər, vətəndaş məhsulu alır, açır, baxır, amma onun nə zəmanət talonu, nə kassa çeki, qəbzi olur, bir sözlə, heç bir təminatı olmur. İstehlakçı məhsulu qaytarmaq istədiyi zaman isə taksi sürücüsü “bizə yalnız məhsulun ünvana çatdırılması deyilib, mənim başqa sifarişlərim var, getməliyəm” deyərək məsuliyyəti üzərinə götürmür. Buna görə də istehlakçı məhsul sifariş edərkən haradan sifariş verdiyinə çox diqqət yetirməlidir. “Elektron ticarət haqqında” Qanunda satıcının alıcıların zəruri məlumatlarla tanış olmasına imkan yaratması ilə bağlı öhdəliyi nəzərdə tutulub. Satıcı özü barədə (adı, VÖEN-i, əlaqə məlumatları, sahibkarlıq fəaliyyətinə xüsusi razılıq tələb olunduğu halda belə razılıq və s.) məlumatlarla alıcları tanış etməlidir”.

Sosial şəbəkə üzərindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin qadağan olunmadığını nəzərə çatdıran R.Qaraşov bildirib ki, belə vəziyyətin yaranmaması üçün istehlakçı məhsul ünvana çatdığı zaman onu açıb diqqətlə baxmalı, məhsulun yararlı olub-olmadığını müəyyən etməlidir. Bundan sonra isə ödənişini həyata keçirərək müvafiq sənədi, qəbzi almalıdır. Əks halda bu, riskli alış hesab olunur və belə satış zamanı istehlakçının özünün səhlənkarlığından da pozuntular baş verir: “Təbii ki, həmin sahibkarların hərəkətləri də qanunsuzdur və onlar qanunsuz fəaliyyətlə məşğul olan sahibkar kimi müvafiq qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Lakin həmin şəxslərin məsuliyyətə cəlb olunması heç də o məhsulların geri qaytarılması, dəyişdirilməsi demək deyil. Bu cür fəaliyyətlə məşğul olan kifayət qədər şəxslər var. İstehlakçılar özlərini o zaman daha yaxşı qoruya bilərlər ki, ödənişlərini məhsulları qəbul edib yoxladıqdan sonra həyata keçirsinlər, fotolara çox da aldanmasınlar. Çünki bəzən məhsula aid olduğu iddia edilən fotolar oxşar məhsullara aid olur”.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?