12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslərə ödənilən dividendlərlə bağlı vergi güzəştləri

Fiziki şəxslərə ödənilən dividendlərlə bağlı vergi güzəştləri və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Məsələyə tam aydınlıq gətirmək üçün 102.1.22-ci maddəyə nəzər yetirməliyik.

Maddədə 2016-cı il fevralın 1-dən yeddi il müddətində gəlir vergisindən azad olunan gəlirlər siyahısında yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri də göstərilib.

Maddənin əsas məqamlarını nəzərdən keçirək:

Güzəşt fiziki şəxslərin banklarda olan əmanətlərinə görə əldə etdiyi faizlərə verilir. Yəni faizlər ödəniləndə onlardan ödəmə mənbəyində 10 faiz vergi tutulmur.

İkinci məsələ, yerləşdirilən investisiya qiymətli kağızlarına görə emitent tərəfindən fiziki şəxlərə ödənilən dividendlərdən 10 faiz vergi tutulmur.

Bununla yanaşı, emitent tərəfindən yerləşdirilən investisiya qiymətli kağızları üzrə diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) ödənişlərindən də vergi tutulmur.

Son olaraq yerləşdirilən investisiya qiymətli kağızlar üzrə fiziki şəxslərə emitent tərəfindən ödənilən faizlərdən vergi tutulmur.

Nəzərdən keçirdiyimiz hallar üzrə bir neçə sual meydana çıxır:

  • Emitent kimdir?
  • İstənilən şəxs emitent ola bilərmi?
  • İnvestisiya qiymətli kağızları nədir?

Deməli, Məcəllənin 102.1.22.ci maddəsində göstərilən güzəşti əldə etmək üçün birinci emitent olmalıdır. İkincisi, emitent investisiya qiymətli kağızını buraxmalıdır ki, fiziki şəxslər bundan istifadə etsinlər, emitent bundan yararlansın. Son nəticə kimi yuxarıdakı ödənişlər ödəmə mənbəyində 10 faiz vergidən azad olunur.

Bunun üçün "Qiymətli kağızlar bazarı haqqında" Qanuna da nəzər yetirməliyik. Qanunda yazılmışdır: "Emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir".

Maddə 4. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar

4.1. Səhmlərin buraxılışı haqqında qərarı səhmdar cəmiyyəti səhmdarlarının ümumi yığıncağı qəbul edir.

4.2. İstiqrazların buraxılışı haqqında qərarı emitentin nizamnaməsi ilə müəyyən edilən orqan qəbul edir.

Qanunun yuxarıdakı və digər maddələrinə nəzər yetirsək aşağıdakılar aydın olur:

  • istənilən kommersiya hüquqi şəxs emitent kimi çıxış edə bilər;
  • həm MMC-lər, həm də səhmdar cəmiyyətləri emitent ola bilər;
  • investisiya qiymətli kağızları dedikdə səhmlər və istiqrazlar nəzərdə tutulur.

İndi isə qeyd olunanları bir neçə misal üzərində nəzərdən keçirək.

Misal1: Tutaq ki, "AA" ASC emitent kimi qaydalara uyğun olaraq qeydiyyata alınmışdır və qaydalara uyğun olaraq bütün addımları atır. 2019-cu ilin sonunda səhmdarları olan fiziki şəxlərə 100.000 manat divident ödəyəcəkdir. Bundan əlavə, ASC 500.000 manat dəyərində 10 faizlik istiqrazlar buraxmışdır, istiqrazlara görə ilin sonunda investorlara faizlərini ödəyəcəkdir.

Sual: Bu əməliyyatlardan vergilər necə tutulur?

Səhmdara ödənilən dividendlərdən 10 faiz vergi tutulmayacaqdır. Ona görə ki, yuxarıda açıqlandığı kimi, ASC-də hər iki hal mövcuddur: həm emitentdir, həm də onun səhmləri investisiya qiymətli kağızlarıdır.

Baxdığımız misalda 500.000 manatlıq istiqrazlara görə ödəniləcək 10 faizlik (50.000 manat) məbləğdən də vergi tutulmayacaqdır.

Misal 2: Tutaq ki, "AA" MMC emitent kimi qaydalara uyğun olaraq qeydiyyata alınmışdır və qaydalara uyğun olaraq bütün addımları atır. 2019-cu ilin sonunda təsisçiləri, payçıları olan fiziki şəxlərə 100.000 manat divident ödəyəcəkdir. Bundan əlavə, MMC 500.000 manatlıq 10 faizlik istiqrazlar buraxmışdır və istiqrazlara görə ilin sonunda investorlara faizlər ödəyəcəkdir.

Sual: Bu əməliyyatlardan vergilər necə tutulur?

Bu halda təsisçilərə, payçılara ödənilən dividentlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulacaqdır. Ona görə ki, cəmiyyətin əməliyyatı yuxarıdakı tələblərin ikisinə də cavab vermir. "AA" MMC emitent kimi qeydiyyatda olsa da, paylar investisya qiymətli kağızları sayılmır, ancaq səhmlər investisiya qiymətli kağızları sayılır. Odur ki, ödənilən 100.000 manatdan 10 faiz (10.000 manat) vergi tutulacaqdır.

MMC-nin emitent kimi buraxdığı istiqrazlardan isə vergi tutulmayacaqdır. Ona görə ki, MMC olmasına baxmayaraq, emitent kimi investisiya qiymətli kağızı olan istiqraz buraxa bilər. Bu halda da faizlərdən 10 faiz vergi tutulmur.

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?