15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqi şəxslərin əmlak satışından əldə etdiyi gəlirlərin vergiyə cəlb edilməsi

Vergi Məcəlləsində 2020-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də hüquqi və fiziki şəxslər tərəfindən yaşayış, qeyri-yaşayış sahələrinin, torpaq sahələrinin təqdim edilməsi üzrə vergilərin tutulması, hesablanması və hesabatlılığı məsələləridir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Qeyd olunan əməliyyatlar üzrə dövriyyələr dəyişikliyə qədər sadələşdirilmiş vergiyə cəlb olunur, həmin əməliyyatlar üzrə vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləri sayılırdı. Həmin vergi ödəyicilərinin digər əməliyyatlar üzrə gəlirləri isə fərqli qaydada vergiyə cəlb edilirdi.

Bundan əvvəlki yazıda yaşayış, qeyri-yaşayış və torpaq sahələrini təqdim edən fiziki şəxslərin vergi öhdəliklərinə diqqət yetirmişdik. İndi isə eyni mövqedə olan hüquqi şəxslərin hüquq və vəzifələrinə aydınlıq gətirməyə çalışmışıq.

Bu ildən tətbiq olunan yeniliklərə əsasən, hüquqi şəxslərin təqdim etdikləri daşınmaz əmlaklara görə vergi öhdəlikləri Vergi Məcəlləsinin 218.4.5-ci maddəsi ilə tənzimlənir.

Misal 1: Tutaq ki, "AA" MMC-nin Bakı şəhərində qalıq dəyəri 100.000 manat olan 300 kv.m yaşayış və ya qeyri-yaşayış sahəsi vardır və MMC həmin sahəni satır. Bundan əlavə, onun mülkiyyətində Bakı şəhərində 40.000 manatlıq, 1 hektar torpaq sahəsi vardır və onu da satmaq istəyir. Bu zaman vergitutma və hesabatlılıq necə olmalıdır?

Hüquqi şəxslərdə bu məsələ fiziki şəxslərdən fərqlidir. Burada əsasən, Vergi Məcəlləsinin 218.4.3-cü, 218.4.5-ci, 219.3-1-ci, 220.8-ci maddələrinə istinad edilməlidir. 218.4.3-cü maddəyə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. 218.4.5-ci maddədə isə göstərilib ki, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləri hesab olunur. 218.4.3-cü maddədə "...həyata keçirən fiziki şəxslər", 218.4.5-ci maddədə isə "...həyata keçirən şəxslər" ifadələrinə diqqət yetirilməlidir. Odur ki, bu əməliyyatlar vergitutma baxımından hüquqi şəxslərdə fiziki şəxlərlə tam eyni deyildir. Yəni 218.4.3-cü maddə yalnız fiziki şəxslərə şamil olunur, hüquqi şəxslərə aid deyildir. Amma 218.4.5-ci maddədə isə ümumi anlayış ("...şəxslər") qeyd edildiyi üçün bu maddə hüquqi şəxslərə də şamil olunur.

Bu halda, yuxarıdakı misalda göstərilən torpaq sahəsi üçün verginin məbləği belə hesablanır:

10.000 kv.m *0,5 manat = 5.000 manat.

Bakı şəhərində yerləşmə zonasına uyğun əmsalları (1,2-dən 4,0-a kimi) tətbiq etməklə verginin dəqiq məbləğini müəyyən etmək olar. Bundan əlavə, torpaqların təyinatından (sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı) asılı olaraq 1,5 əmsalı tətbiq olunur.

1 yanvar 2020-ci il tarixinədək hüquqi şəxslər üçün də yaşayış və qeyri-yaşayış sahələrinin satışı əməliyyatları sadələşdirilmiş vergi tutulan əməliyyatlar sayılırdı və fiziki şəxslərdə necə hesablanırdısa, hüquqi şəxslərdə də eyni qaydada hesablanırdı və vergilər notariuslar tərəfindən tutularaq ödənilir, hesabatlılıq notariuslarda olurdu. 1 yanvar 2020-ci ildən sonra isə hüquq şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin satışı malların, əmlakın təqdim edilməsi kimi qiymətləndirilir. Əgər hüquqi şəxs ƏDV ödəyicisidirsə, ƏDV və mənfəət vergisi hesablanaraq ödənilir və bunlar hesabatlarda əks olunur.

Misal 2: Tutaq ki, "AA" MMC ƏDV ödəyicisidir və qalıq dəyəri 100.000 manat olan əmlakı 150.000 manata satıb. Bu halda ƏDV belə hesablanacaq:

150.000:1,18x 18% = 22.881,37 manat

MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən mənfəətini 27.118,63 manat göstərməlidir:

150.000 – 22.881,37 – 100.000= 27.118,63 manat .

Ümumi mənfəət (bütün digər əməliyyatlarla) isə sonda 20 faiz mənfəət vergisinə cəlb edilir.

Hüquqi şəxs olan vergi ödəyiciləri bu məsələdə daha diqqətli olmalıdırlar: onlar, bəzən səhv olaraq, yaşıyış və qeyri-yaşayış sahələrini satarkən 1 yanvar 2020-ci il tarixinə kimi qüvvədə olan qaydalardan istifadə edirlər.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?