İslahatların əsas məqsədi sahibkarlığın şəffaflaşmasını təşviq etməkdir
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Sahibkarlığın inkişafında vergi siyasəti: xarici təcrübə və Azərbaycan nümunəsi" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirin moderatoru, UNEC-in "Elmi fəaliyyətin təşkili və idarə edilməsi" Departamentinin direktoru, professor Zahid Məmmədov sahibkarlığın inkişafında vergi siyasətinin mühüm rolundan bəhs edib, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan, xüsusilə vergi sahəsində yenuliklərdən danışıb. Zahid Məmmədov bildirib ki, son illər Azərbaycanda iqtisadiyyatın bütün sahələrində, xüsusilə vergi siyasətində köklü dəyişiklikləri müşahidə etmək mümkündür və bu yeniliklər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da geniş yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində ölkəmizdə vergi fəlsəfəsinin kökündən dəyişikliklərə məruz qaldığını bildirən departament rəhbərinin fikrincə, müasir dövrün tələblərinə uyğunlaşmanın mərkəzində Azərbaycan vətəndaşı, Azərbaycan sahibkarı və onun rifahı dayanır.
"Dəyirmi masa"da Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi, vergi üzrə mütəxəssis İlya Sokolov çıxış edərək bildirib ki, bazar iştirakçıları üçün həm uzaqgörənlik, həm şəffaflıq, həm də vergi daxilolmalarının balanslaşdırılması vacibdir. O, biznesin və biznes istehlakçılarının tələblərinin ödənilməsini də əsas məsələlərdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, əsas məsələ tərəflər arasında vergi siyasətini xarakterizə edəcək dialoqun qurulmasıdır: "Vergilər təkcə fiskal siyasətdən ibarət olmamalıdır, həmçinin tənzimləyici funksiya daşımalıdır".
İ.Sokolov təmsil etdiyi institutun Rusiyada "kölgə iqtisadiyyatı"nın həcminin əhəmiyyətli dərəcədə mövcud olduğu alkoqollu içkilər bazarı və burada tətbiq edilən vergilərin istehlakçılara təsirləri barədə araşdırma apardığını deyib.
Tədbirdə çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Azərbaycanda vergilərin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb. Vergi siyasətinin iqtisadiyyata investisiya qoyuluşlarının təşviqində mühüm rolunu qeyd edən S.Musayevanın sözlərinə görə, son illərdə iqtisadiyyatda qeyri-şəffaflığın aradan qaldırılması istiqamətində tədbirlər görülüb, sahibkarlıq subyektləri üçün bir sıra stimullaşdırıcı addımlar atılıb.
S.Musayeva qeyd edib ki, vergi siyasətində vergi yükünü artırmadan vergitutma bazasının genişləndirilməsinə daha çox əhəmiyyət verilir. "Kölgə iqtisadiyyatı”nın qarşısının alınması məqsədilə əmək münasibətlərinin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyaları tətbiq edilir, gəlirlərin və xərclərin hesabatının aparılmaması ilə bağlı mübarizə tədbirləri sərtləşdirilir.
S.Musayeva Vergi Məcəlləsinə qəbul edilən son dəyişikliklərin əhəmiyyətini vurğulayıb: "Dəyişikliklərdən ən mühümü dəyərin yaranması prosesində mikro, kiçik sahibkarlığın rolunu artırmaqdır. Ölkədə mikro, kiçik və orta sahibkarlığın meyarları mövcuddur. Vergi qanunvericiliyinə görə, mikro sahibkarlara kifayət qədər ciddi, çoxşaxəli vergi stimulları yaradılıb. Onlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarını saxlayırlar, ümumi dövriyyədən 2 faiz vergi ödəyirlər. Gəlir və ya mənfəət vergisi ödəyicisi olduqları halda isə həmin vergilər üzrə 75 faiz güzəşt qazanırlar. Kiçik və orta sahibkarların klasterləşdirilməsi, həmin şirkətlərin öz ardınca çoxlu sayda mikro, kiçik sahibkarlıq subyektlərini aparması həmin klaster şirkətə iri həcmli vergi güzəştlərinin verilməsi ilə nəticələnir. Eyni zamanda klaster iştirakçısı olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kifayət qədər vergi təşviqlərinin verilməsinə gətirib çıxarır".
İqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların qoyulmasının vergi qanunvericiliyi ilə dəstəkləndiyini deyən S.Musayeva Azərbaycandakı sənaye və texnologiyalar parklarında rezident kimi qeydiyyatdan keçən şirkətlərə 7 il müddətində bir sıra vergilər üzrə güzəştlər verildiyini bildirib. Qeyd edib ki, Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, bu güzəştlərin müddəti 7 ildən 10 ilə qədər artırılıb: "Yəni sənayeləşmədə iştirak edən, həmin sahəyə investisiya qoyan sahibkarlar bu sənaye infrastrukturunun qurulması ilə bağlı ölkəyə gətirdikləri bütün texnoloji avadanlıqlara görə, eləcə də müəssisə işə düşdükdən sonra həmin fəaliyyət nəticəsində əldə etdiyi mənfəətə görə 10 il müddətində vergi təşviqləri əldə ediblər".
İslahatların əsas məqsədinin sahibkarlığın şəffaflaşmasını təşviq etmək olduğunu deyən S.Musayeva qeyd edib ki, gəlirlərin və xərclərin şəffaflaşması, eləcə də şəffaf uçotun təşviqi məqsədilə qanuna bir sıra normalar gətirilib. Bununla yanaşı, qanunvericiliyin tələbini pozmağa, gəlirlərin və xərclərin uçotunun düzgün aparılmamasına görə kifayət qədər ciddi tədbirlər nəzərdə tutulub: "Bu tədbirlərin davamı kimi vergi qanunvericiliyinə edilən dəyişikliklərin əsas prioritetləri müəyyənləşdirilib. Yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci ildən sonra təməli tökülən binalara görə sahibkarlıq subyektləri öz vergi öhdəliklərini gəlir və xərc prinsipi əsasında quracaqlar. Yəni təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisi (ƏDV) ödəyəcəklər. Vergi rejiminin dəyişməsinin istehlakçılara təsirini azaltmaq məqsədilə qanunvericiliyə daha bir dəyişiklik edilib: vətəndaşların təqdim edilən daşınmaz əmlaklara görə qeyri-nağd ödədiyi vəsaitlərdən ƏDV-nin 30 faizi özlərinə qaytarılacaq".
S.Musayeva deyib ki, Vergi Məcəlləsinin ƏDV ilə bağlı fəsli əsaslı şəkildə dəyişib. Eyni zamanda fərdi mənzillərin satılması ilə bağlı güzəşt müddəti 5 ildən 3 ilə endirilib: "Bu vaxta qədər fərdi mənzillərdə satış zamanı qeydiyyat müddəti minimum 5 il olduğu halda, bu müddət 2020-ci il yanvarın 1-dən 3 ilə endirilib. Eyni zamanda, fərdi mənzillərin satışı zamanı 30 kvadratmetr sahə vergidən azad olunur".
Sonda S.Musayeva tədbirdə iştirak edən elm adamları və sahibkarların suallarını cavablandırıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev, Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, Auditorlar Palatasının sədri Vahid Novruzov və digər iştirakçılar çıxış edərək vergi qanunvericiliyinə dəyişiklikləri müsbət qiymətləndiriblər.
Fərqanə ALLAHVERDİQIZI