Nəqliyyat vasitələrinə çəkilən təmir məsrəflərinin mühasibat uçotunda əks olunması
Nəqliyyat vasitələrinin təmirinə çəkilən məsrəflər üçün müəyyənləşdirilmiş normalarla faktiki xərclər arasındakı fərq mahasibat uçotu baxımından bəzi suallar yaradır. Mövzunu mühasibat mütəxəssisi Emin Salamov şərh edir.
Əsas fondlara çəkilən təmir məsrəflərinin mühasibat uçotunda əks olunması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarına uyğun olaraq tənzimlənir.
Əsaslı təmir məsrəfləri - əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərtilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.
Cari təmir məsrəfləri – əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradançıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəfləridir.
Bununla yanaşı, büdcədən maliyyələşən təşkilatlarda nəqliyyat vasitələrinin cari təmir xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2011-ci il tarixli 120 nömrəli Qərarına əsasən, aylıq yürüş həddinə uyğun olaraq (xidməti minik avtomobilləri üçün aylıq yürüş həddi 2000 km götürülüb), yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində təyin olunur.
Misal:Tutaq ki, xidməti minik avtomobilinin hər 100 km məsəfə üçün yanacaq sərfiyyatı 11 litrdir. Bu zaman onun illik cari təmir məsrəfi 792 manat olacaq:
2000 : 100x11=220
220 x 30% = 66 x 12 = 792 manat.
Bu misalda 2000 km aylıq yürüş həddi, 11 litr nəqliyyat vasitəsinin 100 km məsafə qət etdiyi halda yanacaq sərfiyyatı, 30% aylıq cari təmir məsrəfidir.
Lakin bəzi hallarda nəqliyyat vasitəsinin cari təmir məsrəflərinin ödənişi və uçotda əks olunması ilə əlaqədar bir sıra çətinliklər yaranır ki, bununda başlıca səbəblərindən biri nəqliyyat vasitələrinin ehtiyat hissələrinin xarici ölkədən alışı və digər problemlərlə əlaqədardır. Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin alışı şirkətlər tərəfindən xarici valyuta ilə alındığından qiymətlər tez-tez dəyişə bilir (əksər hallarda artır) və bu zaman məcburi şəkildə nəqliyyat vasitlərinin cari təmir xərci üçün Maliyyə Nazirliyi tərəfindən ayrılmış təmir məsrəflərindən artıq xərc çıxır.
Məsələn, normal halda nəqliyyat vasitəsi üçün bir illik məcburi cari təmir xərcləri aşağıda qeyd edilib.
2000x12=24.000 km illik yürüş.
Hava filtri il ərzində 2 dəfə (10 000 km dən bir) təmir edilərsə,
2x18 =36+10 (xidmət haqqı)=46 manat;
Salon filtri ildə bir dəfə təmir edilərsə,
1x15=15+10 (xidmət haqqı)=25 manat;
Şamlar il ərzində 2 dəfə (ən azı 10.000 km dən bir) təmir olunarsa,
2x52=104+10 (xidmət haqqı)=114 manat;
Ön əyləc qəlibləri (dəst) ildə bir dəfə
x114+10 (xidmət haqqı)=124 manat;
Arxa əyləc qəlibləri (dəst) ildə bir dəfə
1 x 88+10(xidmət haqqı)=98 manat;
Şinlərnormal halda növündən asılı olaraq 55.000-60.000 km-dən bir dəyişdirilir və cari dövrdə dəyişilməsi vacib olarsa,
4 x 90 (bir ədədin qiyməti)=360 + 10 (xidmət haqqı)=370 manat;
Digər xərclər (su pompası, amorizator, lampa və sair) üçün isə minimum illik -150 manat tələb olunur.
Beləliklə, 1 maşın üçün illik təmir xərci 927 manatdır:46+25+114+124+98+370+150=927 manat.
Yuxarıda qeyd edilən qiymətlər minimum qiymətlərdir, xərclər isə il ərzində nəqliyyat vasitəsi üçün çəkilməsi vacib olan xərclərdir.
Yuxarıda qeyd edilənlərə nəzər yetirsək, büdcə təşkilatı normadan 135 manat (927 – 792 = 135) artıq xərc çəkməli və ya nəqliyyat vasitəsindən istifadəni dayandırmalıdır.