9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçilərin əməkhaqqının ödənilməsi ilə bağlı əməliyyatlar

Təcrübədə işçilərin əməkhaqqının ödənilməsi əməliyyatları ilə bağlı bir sıra sualların aydınlaşdırılmasına ehtiyac yaranır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Misal: Kiçik sahibkarlıq subyekti olan “AA” MMC işçilərinin bir hissəsinə əməkhaqqı kartları sifariş verib və ödəməli olduğu 5.000 manat əməkhaqqını həmin kartlara köçürüb. İşçilərin qalan hissəsinə kartlar sifariş verilməyib və 3.000 manat əməkhaqqı həmin işçilərin banklardakı şəxsi hesablarına köçürülüb. Son vaxtlar işə qəbul edilən işçilərə isə hələ kartlar sifariş verilməyib və onların 1.500 manat əməkhaqqı nağd formada verilib.

Bundan əlavə, “AA” MMC-nin regionlarda da obyektləri var. Oradakı işçilərə də əməkhaqqı ödənilməlidir.

Burada suallar yaranır:

- “AA” MMC tərəfindən əməkhaqqının yuxarıda göstərilən qaydada ödənilməsi qanun pozuntusu hesab olunurmu?

- Regionlardakı işçilərin əməkhaqqı harada və necə ödənilməlidir?

Bu suallara cavab tapmaq üçün Əmək Məcəlləsinin 174-cü maddəsinə baxmalıyıq.

Maddə 174. Əməkhaqqının verilmə yeri, forması və ödənilmə vahidi

1. Əməkhaqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

2. Əməkhaqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

Burada aydın göstərilib ki, əməkhaqqı işin işçi tərəfindən icra edildiyi yerdə ödənilməlidir. Yəni “AA” MMC regionda olan işçilərin əməkhaqqını iş yerində, regionda ödəməlidir. Əməkhaqqı işçinin öz istəyi ilə onun bank hesabına köçürülə, yaxud işçinin ərizəsində, məktubunda göstərdiyi ünvana göndərilə bilər.

Əməkhaqqı nağd formada verilməli olduqda regiondakı iş yerində verilməli, nağdsız formada verilməli olduqda isə əməliyyat nağdsız aparıldığından bank hesabına köçürülməlidir.

“AA” MMC 5.000 manatı tam qaydalara uyğun ödəyib: əməkhaqqını nağdsız qaydada, işçilərin kart hesabına köçürüb.

3.000 manatın işçilərin bank hesabına ödənildiyinə gələdikdə isə, Əmək Məcəlləsinin 174-cü maddəsində işçinin əməkhaqqının öz istəyi ilə nağdsız formada bank hesabına ödənilməsi qaydası göstərilib. Həmin qaydalara əsasən, 3.000 manat da qaydalara uyğun ödənilib.

Bəs 1.500 manatın nağd ödənilməsi düzgündürmü?

Misalımızda bildirilib ki, “AA” MMC kiçik sahibkarlıq subyektidir. Burada kiçik sahibkarlıq subyektləri üçün müəyyənləşdirilmiş meyarlar nəzərə alınmalıdır. Bundan əlavə, elə hallar ola bilər ki, müəssisə dövriyyəsinə görə deyil, işçilərin sayına görə kiçik sahibkarlıq subyekti hesab edilsin.

Ona görə də yuxarıda göstərilən halda “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.4.-cü maddəsinə istinad olunmalıdır. Həmin maddəyə əsasən, müəssisə bir sıra hallarda işçilərin əməkhaqqını nağd formada verə bilər.

Odur ki, 1.500 manat məbləğində əməkhaqqının nağd ödənilməsi halı ilə bağlı vergi ödəyiciləri “Nağdsız hesablaşmalar haqqında” Qanunun göstərilən maddəsinə uyğun olaraq özləri konkretləşdirməlidir.

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?