Vətəndaşın alış-verişlə bağlı bütün suallarına cavab bir ünvanda - istehlakchi.az MƏQALƏ
Bəzən hər hansı mal və məhsulu alarkən istehlakçı hüququnu bilməməyimiz bir sıra çətinliklərə səbəb olur. Məsələn, aldığımız məhsulu necə dəyişdirə və qaytara biləcəyimizdən bixəbər olmağımız satıcılarla insidentlər yaşamağımıza gətirib çıxarır. İnternet və texnologiyanın inkişaf etdiyi əsrimizdə hər keçən gün onlayn ticarət öz yerini gücləndirir, mobil telefon və kompüterlə bazarlıq işlərimiz bir xeyli asanlaşır. Amma bu növ bazarlığa üstünlük verənlərin də bəzən çətinliklərlə qarşılaşması qaçılmazdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu kimi narahatlıqlara çözüm olacaq yeni bir variant təklif edir. Agentliyin təşəbbüsü ilə ərsəyə gətirilən istehlakchi.az məlumat platformasında bu sahə ilə bağlı vətəndaşı maraqlandıran ən xırda məqamlarla bağlı geniş bilgilər əldə etmək mümkündür. Sayt bir sıra vacib bölmələrdən təşkil olunub və hər bölmə üzrə geniş məlumatlar təmin edilib.
İstehlakçının işi necə asanlaşdırılacaq?
Platforma Azərbaycan dilində fəaliyyət göstərəcək. Sayt sadə interfeys üzərində qurulduğundan, məlumatlara daha asan çıxış təmin edilib. Başlıqlar, onları əhatə edən fotoşəkillər və əsas mətnlər kompleks şəkildə yerləşdirilib ki, bu da oxucuya əlavə zaman xərcləmədən informasiyalarla tanış olub maariflənmə imkanı verir. Agentliyin sektor müdiri Gülnar Hüseyn bildirib ki, platformada həm qida, həm də qeyri-qida ilə bağlı məsələlərdə istehlakçıların hüquqlarından bəhs olunur. Hazırda təkmilləşdirmə mərhələsində olan sayta digər dövlət qurumlarının qoşulması da arzuolunandır ki, məhz bunun sayəsində istehlakçılara bir ünvandan daha çox xidmət göstərmək mümkün olsun.
Unikal axtarış sistemi
Saytın axtarış sistemi unikallığı ilə diqqət çəkir. İstehlakçı ona lazım olan məlumatı çox zaman sərf etmədən axtara və seçimlər arasından rahat keçid edə biləcək. Tutaq ki, vətəndaş hansısa hüququ ilə maraqlanır və onunla bağlı bir söz yazdıqda sistem lazım olan informasiyanı ekrana çıxaracaq. Bir sözlə, axtarış sistemi elə qurulub ki, istehlakçı informasiyanı daha tez tapsın və vaxt itirməsin. Axtarış sisteminin yüksək səviyyədə işləməsi vətəndaşı dəqiqələrlə saytda “gəzməkdən”, uzun mətnləri sona kimi oxumaqdan sığortalamış olur.
Məlumat almaq hüququ
Platformanın yaradılmasında əsas məqsəd istehlakçılara hüquqları barədə bələdçilik etməkdir. “Məlumat almaq hüququ” adlı bölmə sırf bu məsələyə həsr olunub. Burada yer alan məlumatları oxuyan vətəndaş istehlakçıların mal, iş və xidmət haqqında düzgün və lazımi informasiyalar almaq hüququnun olduğu və bunun necə təmin edildiyi barədə geniş bilgilər əldə edəcək. İnzibati məsuliyyətə səbəb olan məsələlərlə bağlı da istehlakçılar bu bölmədəki məlumatlara nəzər yetirə bilərlər.
Malın, işin və xidmətin lazımi keyfiyyətdə olması hüququ
Burada isə istehlakçıya mal, iş və xidmətlərin keyfiyyətinin qanunvericiliyin tələblərinə, müqavilə şərtlərinə və satıcının təqdim etdiyi məlumata uyğun olmasının vacibliyindən bəhs edilir və uyğun olmadığı halda isə istehlakçının bunu tələb etmək hüququnun yarandığı izah edilir. Müqavilə şərtlərinə görə, satıcı alıcıya hansı məhsulu verməlidir və zəmanət şərtləri nə qədər olmalıdırsa, vətəndaş bu bölməyə üz tutaraq maariflənə bilər.
Zərərin ödənilməsi hüququ
Bəzən elə olur ki, istehlakçılar keyfiyyətsiz və ya sağlamlıq üçün təhlükəli mal və ya xidmət alırlar. Belə olan halda, məsələni araşdırmaq və hüququnu bilmək istəyən vətəndaşın üz tutmalı olduğu ilk ünvan istehlakchi.az platforması olacaq. Bu bölmədə dəymiş zərərin hansı formada qarşılanacağı ilə bağlı məlumatlar yerləşdirilib ki, vətəndaş da onu oxumaqla zərərin ödənilməsini hansı hallarda tələb etmək hüququ olduğunu biləcək.
Müraciət etmək hüququ
Tutaq ki, hansısa məhsul almışıq və hüquqlarımızı da bilirik. Amma bəzən müraciət etməli olduğumuz ünvanı səhv salırıq. Belə olan halda, suallara cavab tapmaq üçün saytın bu bölməsinə nəzər yetirmək kifayətdir ki, istehlakçı hüquqlarımız pozulduğunda hara və necə müraciət etməli olduğumuzu aydınlaşdıraq. Qısası, bu bölmədə kimin qapısını döymək lazım olduğu sadə dillə izah edilir.
Hara müraciət edim?
Saytdakı bu bölmədə istehlakçı hüquqlarımızın pozulduğunu düşündüyümüzdə ilk müraciət yerimizin mal və məhsulu əldə etdiyimiz sahibkar olduğu göstərilir. Sahibkar müraciətimizə baxmaqdan imtina edərsə, o zaman inzibati orqanlara, məhkəməyə, mediasiya orqanlarına və ictimai birliklərə müraciət etmək hüququ yaranır. Bölmədə inzibati orqanların siyahısı və əlaqə vasitələri yerləşdirilib ki, istehlakçılar da bundan rahatlıqla istifadə edə biləcəklər.
Malın dəyişdirilməsi və qaytarılması
Artıq onlayn alış-verişin geniş vüsət aldığı dövrdə səngiməyən şikayətlərdən biri də sözsüz ki, alınan malın dəyişdirilməsi və qaytarılması məsələsidir. Amma portal bu problemi həll etmək üçün də çözüm yolu təklif edir. Belə ki, vətəndaş lazımi keyfiyyətdə olan qida və qeyri-qida mallarını necə qaytara və dəyişdirə biləcəyinə bu bölmədə cavab tapacaq. Zəmanət müddəti ərzində qüsur və ya saxtalaşdırma aşkar edilən malın dəyişdirilməsi və ya qaytarılması qaydaları da burada aydın izah edilir. Bundan başqa, sərbəst seçim hüququ, malın, işin, xidmətin təhlükəsizliyi hüququ, ictimai təşkilatlarda birləşmək hüququ və s. kimi vacib informasiyalara da sayt vasitəsilə əlçatanlıq təmin olunub.
Onlayn alış-verişdə nəyi bilmək vacibdir?
Müasir dövrdə günümüzü elektron ticarətsiz təsəvvür etmək çətindir. Xüsusən, koronavirus pandemiyasından sonra onlayn alış-verişlərə maraq ciddi şəkildə artıb ki, bu da özü ilə bərabər çoxlu şikayətlər gətirib. Amma etiraf etməliyik ki, vaxta qənaət baxımından onlayn alış-verişin alternativi yoxdur. Xüsusən, malların dəyişdirilməsi və qaytarılması qaydalarında alıcı və satıcı arasında münaqişələri nəzərə alan istehlakchi.az platformasının mütəxəssisləri bu problemi yüngülləşdirmək üçün böyük bir bölmə yaradıblar. Burada onlayn alış-veriş zamanı diqqət edilməli məsələlər xırdalığına qədər təsvir olunub. İstehlakçılar bu bölmədə satıcıya dair, müqavilə ilə bağlı tələblərlə tanış ola, müqavilənin icrası və ya icrasından imtina halları üzrə informasiyalar əldə edə bilərlər. Bundan başqa, “Məsuliyyət” yarımbaşlığı ilə yaradılan alt bölmədə istehlakçılar elektron ticarət haqqında qanunvericiliyi pozan şəxsin hansı məsuliyyət daşıdığından bixəbər qalmayacaqlar.
Balaca istehlakçıların böyük hüquqları
Platformada azyaşlı istehlakçılar da diqqətdən kənarda qalmayıb. Bu bölmə yazı stilistikası, izah metodları ilə ibtidai sinifdə təhsil alan uşaqların belə, rahat dillə anlayacağı şəkildə hazırlanıb. Burada uşaqlara istehlakçı, istehsalçı və satıcı sözlərinin izahı verilib, malın qaytarılması və dəyişdirilməsi qaydası izah olunub və hüquqlar barədə geniş yol xəritəsi təqdim edilib. Bölmədə göstərilir ki, 7 yaşa qədər balacalar nəsə ala, sata bilməz, amma 7-14 yaşında olan uşaqlar alış-veriş edə bilərlər. Məsələn, mağazadan ərzaq, kitab, dəftər, oyuncaq və s. kimi gündəlik əşyalar ala bilərlər.
Perspektiv planlar
Yaxın zamanda sayta istehlakçıların ürəyincə olacaq yeni və faydalı funksiyaların əlavə edilməsi gözlənilir. Məsələn, belə yeniliklərdən biri hüquqlarda nəzərdə tutulmayan, amma vətəndaşları maraqlandıran məsələlərə həsr olunacaq. Bu da son deyil. Platformaya izahlı videotəlimatlar da yerləşdiriləcək ki, bu da mətn oxumaq istəməyənlərin işinə yarayacaq. Videolarda izahlar rahat, hamının anlayacağı dildə, əyani misallarla istehlakçılara çatdırılacaq.
Faiq KƏRİMOĞLU