12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara və işçilərə tətbiq edilən əlavə güzəştlər

Azərbaycan qanunvericiliyində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar və işçilər üçün bir sıra güzəştlər nəzərdə tutulub. Bu barədə “vergiler.az”ın suallarına vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirib.

Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti – işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdir.

“Sosial sığorta haqqında” Qanunun 14-1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.

Qanunun 14-1.1.1-ci maddəsinə əsasən sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşağıdakı qaydada dövlət büdcəsi hesabına subsidiyalaşdırılır:

- 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;

- 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;

- 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;

- 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.

Qanunun 14.5.1-ci maddəsinə əsasən, 10 il müddətində muzdlu işə aid olmayan fəaliyyətdən gəlir (Fərdi sahibkarlıq fəaliyyəti məşğul olan) əldə edən sığortaolunan, həmçinin qanunun 14.5.1-1 maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər, yəni sabit vergi ödəyiciləri tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 100 faizi subsidiyalaşdırılacaq.

Yeni qaydalar aşağıda qeyd olunan fəaliyyət sahələrinə şamil edilməyəcək:

- maliyyə xidmətləri;

- avtonəqliyyat vasitələri ilə yük daşıma;

- dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla).

Misal: İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan “AA” MMC ay ərzində işçilərə 850.000 manat əməkhaqqı hesablayıb. Hesablamaya əsasən, sığorta olunanın hesabına 132.000 manat, sığorta edənin hesabına isə 258.000 manat məcburi dövlət sosial sığorta haqqı ödənilib. 132.000 manat işçidən tutularaq dövlət büdcəsinə ödəniləcək. MMC-nin özünün ödədiyi 258.000 manat məbləğ isə dövlət tərəfindən subsidiyalaşdırılacaq.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərlə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib. Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-1 sətrinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxslərdir (xüsusi rütbəli şəxslər istisna olmaqla).

Əmək Məcəlləsinin 21-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;

- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;

- mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda.

Sadalanan şərtlərdən biri pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.

Əmək Məcəlləsinin 118-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə olaraq əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən həmin mütəxəssislərə 600 manat birdəfəlik müavinət verilir.

Qeyd edək ki, Əmək Məcəlləsinə edilmiş dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?