10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların vergi yükü əvvəlki ilə nisbətən aşağı düşüb

Martın 4-də Prezident Administrasiyasının dəstəyi, Vergilər və Xarici işlər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə keçirilən görüş zamanı vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra ölkədə vergi yükünün aşağı düşməsi ilə bağlı bəzi açıqlamalar verilib. Diplomatik korpus nümayəndələrinə təqdim edilmiş şərhlərdə vergi qanunvericiliyində son dəyişikliklərin ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbediciliyinin artırılması, biznes aparılması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılmasına xidmət etdiyi vurğulanıb, habelə konkret misallarda vergi yükünün aşağı düşməsi nümayiş etdirilib. Həmin şərhlərin maraq doğurduğunu nəzərə alaraq, onlardan bəzilərini diqqətinizə çatdırırıq.

Qeyd edilməlidir ki, 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində vergi yükünü azaltmağa imkan verən əsaslı güzəştlər sistemi tətbiq edilib. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində sadələşdirilmiş verginin dərəcəsi ölkə üzrə 2 faizə salınıb, muzdlu işdə çalışan işçilər üzrə 8.000 manatadək əmək haqlarının gəlir vergisindən azad edilməsi, habelə mikrosahibkarlıq subyektlərinə gəlirlərini 75 faizə qədər azaltmağa imkan verən ciddi vergi güzətləri təqdim olunub, kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə vergi stimullaşdırmaları və güzəştlər müəyyən edilib. Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində sahibkarlıq subyektlərində, xüsusilə ticarət sektorunda çalışan sahibkarların vergi yükünün və ya xərclərinin əhəmiyyətli azalması baş verib.

"Kölgə iqtisadiyyatı"nda çalışan bir sıra vergi ödəyicilərində uçot sisteminin qaydaya salınması, vergidən yayınmaların qarşısının alınması, bazarda rəqabət mühitinin təmin edilməsi istiqamətində aparılan işlər öz müsbət nəticələrini verməkdədir. 2019-cu ilin ilk 2 ayında dövlət büdcəsinə daxilolmalarda artım müşahidə edilir. Artım neft sektorunun gəlirləri hesabına deyil, qeyri-neft sektorunda fiskal tənzimləmələrin hesabına baş verir ki, bu da, şübhəsiz, ölkədə sosial proqramların icrası üçün əlavə maliyyə imkanları yaradır.

Bəzən sahibkarlar qeyri-leqal gəlirlərinin rəsmiləşdirilməsini vergi yükü kimi dəyərləndirməyə çalışırlar. Lakin bu belə deyildir. Vergiləri ödəməkdən yayınmaq və vergi ödəyicisinin ödəməli olduğu vergiləri gizlətmək imkanlarının məhdudlaşdırılması onun vergi yükünün artdığı anlamına gəlmir. Əksinə, sahibkarlıq üçün təqdim edilən vergi güzəştlərindən istifadə edən hər bir vergi ödəyicisi qanuni yolla əldə etdiyi güzəştlər hesabına əvvəlkindən daha az vergi yükünə malikdir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra vergi ödəyicilərinin vergi yükünün aşağı salınmasını göstərən bir neçə misala diqqət yetirək:

Misal 1 (sadələşdirilmiş vergi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):
Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120.000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əməkhaqqı verir.

Belə olan halda, vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

  • Sadələşdirilmiş vergi: 120.000,0 (illik gəlir) * 4% (sadələşdirilmiş verginin dərəcəsi) = 4.800,0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14% * 12 ay = 2197,4 manat
  • Cəmi: 4.800,0 + 2.197,4 = 6.997,4 manat

Dəyişiklikdən sonra, yəni sadələşdirilmiş verginin dərəcəsi 4 faizdən 2 faizə, əməkhaqqından tutulan gəlir vergisi 8.000,0 manatadək olduqda 14 və 25 faizdən 0 faiz dərəcəyə endirildiyi üçün hesablama aşağıdakı qaydada olacaqdır:

  • Sadələşdirilmiş vergi: 120.000,0 (illik gəlir) * 2 % (sadələşdirilmiş verginin dərəcəsi) = 2.400.0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0% * 12 ay = 0,0 manat
  • Cəmi: 2.400,0 + 0,0 = 2400,0 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 6.997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 2.400,0 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 4597,4 manat azalması deməkdir.

Misal 2 (ƏDV ödəyicisi üzrə):

Ticarət sektorunda 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olan və 4 işçisi olan sahibkarın illik gəliri 300.000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əməkhaqqı verir. 01.01.2019-cu il tarixindən 6 faiz dərəcə üzrə sadələşdirilmiş vergi ləğv olunduğu üçün vergi ödəyici ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir.

Belə olan halda, vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

  • Sadələşdirilmiş vergi: 300.000,0 (illik gəlir) * 6% (sadələşdirilmiş verginin dərəcəsi) = 18.000,0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14% * 12 ay = 2.197,4 manat
  • Cəmi: 18.000,0 + 2.197,4 = 20.197,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydada olacaqdır:

  • Əlavə dəyər vergisi (vergi ödəyicisinin 300.000,0 manat gəlirindən 10% mənfəət ilə qazancını nəzərə alaraq): 30.000,0 * 18% (ƏDV dərəcəsi) = 5.400,0 manat
  • Mənfəət/gəlir vergisi: 30.000,0 (mənfəət) * 20% (MV/GV dərəcəsi) = 6.000,0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0% * 12 ay = 0,0 manat
  • Cəmi: 5.400,0 + 6.000,0 + 0,0 = 11.400,0 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 20.197,4 manat idisə, dəyişiklikdən sonra bu yük 11.400,0 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 8.797,4 manat azalması deməkdir.

Misal 3 (gəlir vergisi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120.000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əməkhaqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş verginin mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10%-dir.

Belə olan halda, vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablama aşağıdakı qaydada idi:

  • Sadələşdirilmiş vergi: 120.000,0 (illik gəlir) * 4% (sadələşdirilmiş vergi dərəcəsi) = 4.800,0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14% * 12 ay = 2.197,4 manat
  • Cəmi: 4.800,0 + 2.197,4 = 6.997,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:

  • Gəlir vergisi: (120.000,0 (illik gəlir) – 108.000,0 (illik xərc))*20%*25% (mikro sahibkarlara təqdim edilən 75%-lik güzəşt) = 600,0 manat
  • Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0% * 12 ay = 0,0 manat
  • Cəmi: 600,0 + 0,0 = 600,0 manat

Beləliklə, sahibkarın dəyişiklikdən əvvəl vergi yükü 6.997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600,0 manat olub ki, bu da nəticədə vergi yükünün 6.397,4 manat azalması deməkdir.

Beləliklə, göstərilən misallar bir daha təsdiq edir ki, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra vergi ödəyicilərinin, xüsusilə də ticarət sektorunda çalışan sahibkarların vergi yükü əsaslı şəkildə aşağı düşüb. Məsələ yalnız sahibkarların öz uçot sistemini qaydaya salması, mühasibatlığını düzgün aparmağa öyrənməsi, müvafiq olaraq gəlir və xərcləri sənədləşdirməsi, qanuni güzəştlər sistemindən istifadə etməklə vergi öhdəliklərini yerinə yetirməsindən ibarətdir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?