Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi yekunlaşır VİDEO
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, mövcud yolun uzunluğu 101 km, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır.
I texniki dərəcəyə malik yolun ilk 48 km-i 6, qalan 33.7 km-i isə 4 hərəkət zolağından ibarət olmaqla inşa olunub. Müvafiq olaraq yol yatağının eni 29,5 m və 21,5 m təşkil edir.
Yol boyu müxtəlif diametrli 191 dairəvi və düzbucaqlı suötürücü boru, 76 yeraltı və ehtiyat keçid, 1 qovşaq, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib.
Hazırda layihə boyu son tamamlanma işləri görülür, asfalt-beton örtüyünün aşınma layının döşənməsi işləri icra olunur. Bundan başqa, yol boyu dəmir-beton baryerlərin, əyrixətli metal sədd çəpərlərinin, işıqlandırma qurğularının və yol avadanlıqlarının quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi, istirahət və parkinq yerlərinin tikintisi davam etdirilir.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.