Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9% olub. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%, qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib. İllik baza inflyasiya 4.4% olub.