Dünyada bir ilk: azərbaycanlı startapçı parçalana bilən torpaq əlavəsi hazırlayıb
Azərbaycanlı startapçı Malik Sultanov dünya təcrübəsində ilk dəfə olaraq, kənd təsərrüfatında istifadə məqsədilə bioloji cəhətdən parçalana bilən torpaq əlavəsi hazırlayıb. Bu barədə kənd təsərrüfatı üçün torpaqda nəmtutucu materialın istehsalı və satışına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi alan M.Sultanov “vergiler.az”a müsahibəsində bildirib.
Startapçının sözlərinə görə, ölkəmizin bəzi ərazilərində quraqlıq əsas problemdir və bunun ucbatından fermerlərin məhsul götürməsində ciddi problemlər yaşanır: “Bu problemin həlli üçün dünyada ilk dəfə bizim texnologiya ilə bioloji cəhətdən parçalana bilən gübrə hazırlanıb. Buna oxşar məhsuldan müxtəlif dünya ölkələrində istifadə edilir, sadəcə, onların bir çoxu polimer əsaslıdır. Polimer isə torpağın altında uzun müddət parçalanmadan qala bilir. Bizim məhsulun digər məhsullardan əsas fərqi isə bioloji cəhətdən parçalana bilməsidir. Biz fərqli materaillardan istifadə edərək tamamilə parçalana bilən məhsul versiyasını ərsəyə gətirmişik. Məhsul torpağa toz şəklində əlavə olunur. Suvarma zamanı bitki müəyyən qədər suyu özü üçün istifadə edir, qalan su isə torpağın dərinliyinə gedir. Bu texnologiyanın üstünlüyü ondadır ki, torpaq itkiyə gedəcək suyu özündə toplayır və yenidən bitkiyə geri ötürür. Beləliklə də suvarma intensivliyi aşağı düşmüş olur. Biz bu texnologiyanı daha çox suvarma problemi olan, yalnız yağış suyu ilə qidalanan torpaqların olduğu yerlərdə istifadə etməyi planlaşdırırıq”.
M.Sultanov bildirib ki, KOBİA-dan layihə üçün aldıqları 19900 manat məbləğində qrant hesabına artıq işlərin bir çoxu görülüb: “İcarəyə götürdüyümüz laboratoriyada 2 versiyada məhsul hazırladıq, test etdik və müəyyən olundu ki, məhsullardan birinin sututumluluq qabiliyyəti daha çoxdur. O, öz çəkisindən 250-300 dəfə çox suyu özündə toplaya bilir. Bundan sonra layihəmizi həmin məhsulla davam etdirmək qərarına gəldik və bu məqsədlə Əkinçilik Elmi Tədqiqat İnstitutunda sınaqdan keçirib effektivliyini müəyyən etdik. Hazırkı dövrdə ilk planımız lisenziyanı alıb istehsala başlamaqdır. Bunun üçün müvafiq qurumlara müraciət edəcəyik”.
Startapçi əlavə edib ki, layihəyə ilkin mərhələdə 150-300 min dollar investisiya cəlb etməyi planlaşdırır. Əsas hədəf Azərbaycan bazarından başqa, qlobal bazara da çıxmaqdır: “Gürcüstan şirkəti bizim layihəmizlə maraqlanır və artıq onlarla müqavilə bağlamaq üzrəyik. Hazırda layihə investorları cəlb edir, amma satış olmadığı üçün investorlar yatırım etmirlər. Çalışırq ki, məhsulu gübrə kimi dövlət qeydiyyatından keçirək və daha sonra bu istiqamətdə fəaliyyətimizi davam etdirək”.
İlhamə İSABALAYEVA