14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şahin Nağıyev: “Rəqabət Məcəlləsinin tətbiqindən geniş ictimaiyyət faydalanacaq” MÜSAHİBƏ

Ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən Rəqabət Məcəlləsi tezliklə qüvvəyə minəcək. Haqsız rəqabət hallarının aradan qaldırılmasına şərait yaradacağı gözlənilən sənədin mahiyyəti ilə bağlı “vergiler.az”ın suallarını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev cavablandırıb.

- Şahin müəllim, Azərbaycanda haqsız rəqabət hallarına daha çox hansı sahələrdə yol verilir?

- İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan bazar araşdırmaları, həmçinin, quruma daxil olan müraciətlərin araşdırılması zamanı müxtəlif sahələr üzrə fəaliyyət göstərən bir sıra bazar subyektlərinin rəqabət qanunvericiliyinin tələblərinə tam əməl etmədiyi müəyyən olunub. Müşahidələr göstərir ki, istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsulları vasitəsilə haqsız rəqabətə yolvermə, istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə etməklə (əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən məlumatlar), habelə digər bazar subyektinin əmtəə nişanından qanunsuz yararlanmaqla haqsız rəqabətə yolvermə hallarına daha çox rast gəlinir.

Qeyd edim ki, 2023-cü ildə həyata keçirilən bazar araşdırmaları zamanı maliyyə (bank), turizm, tibbi xidmət, təmizləyici vasitələrin idxalı və satışı, gigiyenik vasitələrin satışı (krem), ət məhsulları (kolbasa, sosiska) və dondurma istehsalı bazarında fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən məhsulların istehsalı və satışı zamanı rəqabət qanunvericiliyinə uyğunluğu təhlil edilib. Toplanmış materiallar əsasında tərəfimizdən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və qanunamüvafiq tədbirlər görülüb. Sadalanan sahələr üzrə ən çox ət və dondurma məhsulları bazarında fəaliyyət göstərən təsərrüfat subyektləri haqsız rəqabət hallarına yol verirlər. Belə ki, mövcud qanunvericiliyi pozmaqla ət məhsullarının istehsalı və satışı ilə məşğul olan 14, dondurma istehsalı və satışını həyata keçirən 6 bazar subyekti barəsində qanunauyğun tədbirlər görülüb.

Xidmətə daxil olan müraciətlərin araşdırılması zamanı, həmçinin, un, yumurta, qənd, alkoqollu içki, maye sabun istehsalı və satışı, elektrik avadanlıqlarının satışı, sərnişindaşıma xidmətləri üzrə fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən haqsız rəqabət hallarına yol verildiyi müəyyən edilib. Göstərilən sahələr üzrə ən çox alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərinin qanunvericiliyi pozduğu məlum olub, araşdırma nəticəsində bu sahə üzrə 4 bazar subyekti barəsində müəyyən edilmiş tələblərə uyğun tədbirlər görülüb.

Ən çox ət və dondurma məhsulları bazarında fəaliyyət göstərən
təsərrüfat subyektləri haqsız rəqabət hallarına yol verirlər

- Mümkünsə, Rəqabət Məcəlləsinin əsas mahiyyəti barədə bir qədər geniş məlumat verərdiniz. Sizcə, bu sənədin tətbiqi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri tam olaraq haqsız rəqabət hərəkətlərinə yol verməkdən çəkindirəcəkmi?

- 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi azad rəqabət mühitinin təmin olunması baxımından ən müasir iqtisadi-hüquqi istiqamətləri özündə əks etdirir. Məcəllədə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər normativ hüquqi aktlar yeni və vahid sənəddə birləşdirilib. Bu isə həmin qanunvericilik aktlarında əks olunmuş bütün hüquqi məsələlərin, eyni zamanda azad rəqabətlə bağlı yeni yanaşma və prinsiplərin təkmil bir sənəddə cəmlənməsi deməkdir. Məcəllənin azad bazarda rəqabət məsələləri ilə bağlı bütün istiqamətləri tənzimləyəcək vahid bir sənəd kimi tərtib olunması qanunvericiliyə yeni anlayışların daxil edilməsi ilə nəticələnib. Bundan əlavə, sənəddə rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər (kartel sövdələşmələri), bazar payının müəyyən edilməsi, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə halları, iqtisadi təmərküzləşmələr və onların qiymətləndirilməsi, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, təbii inhisar sahələrinə dair yeni meyarlar və haqsız rəqabət hallarının qarşısının alınmasına dair müddəalar öz əksini tapıb.

Rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsinin bu sahədə dövlət siyasətinin əsas prinsiplərindən biri olması nəzərə alınaraq, Məcəllədə haqsız rəqabət formalarına yenidən baxılıb. Belə ki, mövcud qanunvericiliyə əsasən, rəqibin təsərrüfat fəaliyyətinin təqlidi, nüfuzdan salınması, onun fəaliyyətinə müdaxilə, haqsız sahibkarlıq fəaliyyəti, haqsız işgüzarlıq davranışı və istehlakçıların çaşdırılması haqsız rəqabət formaları kimi müəyyən edilib. Haqqında danışdığımız Məcəllədə isə haqsız rəqabət formaları daha da təkmilləşdirilib. Nüfuzdan salınma, sahibkarlıq fəaliyyətinin təqlidi və vətəndaşların çaşdırılması formaları ilə yanaşı, müştərilərə qarşı aqressiv davranış, kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması və digər haqsız rəqabət halları Rəqabət Məcəlləsində öz əksini tapıb.

Rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsinin bu sahədə
dövlət siyasətinin əsas prinsiplərindən biri olması nəzərə alınaraq,
Məcəllədə haqsız rəqabət formalarına yenidən baxılıb

Onu da vurğulayım ki, Rəqabət Məcəlləsinin kökündə cəzalandırma prinsipi dayanmır, məsuliyyət tədbirləri daha çox iqtisadi ədalət sisteminin təmin olunması və rəqabət mədəniyyətinin təşviqinə xidmət edir. Məcəllədə rəqabət qanunvericiliyinin tələblərinin pozulmasına görə məsuliyyət tədbirləri və maliyyə sanksiyalarının hədləri müəyyən edilib. Eyni zamanda, maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər, onlardan azadolma və güzəşt halları, məsuliyyətə cəlbetmə müddətləri, o cümlədən rəqabət orqanının qərar və göstərişlərindən, onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən şikayətin verilməsi qaydaları da əks olunub. Bu isə öz növbəsində qanunvericiliyin pozulmasına yol vermiş təsərrüfat subyektlərini pozuntunu könüllü aradan qaldırmağa və rəqabət orqanı ilə əməkdaşlıq etməyə təşviq edəcək, qadağan edilmiş haqsız rəqabət hərəkətlərindən, bir növ, çəkindirici funksiya daşıyacaq.

Ümumilikdə, Rəqabət Məcəlləsi ölkədə azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, bu sahədə tənzimlənməni, habelə məsuliyyəti müəyyən edir. Bu isə, öz növbəsində, sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradacaq və nəticə etibarilə bu prosesdən həm sahibkarlıq subyektləri, həm də geniş ictimaiyyət faydalanacaq.

Rəqabət Məcəlləsinin kökündə cəzalandırma prinsipi dayanmır,
məsuliyyət tədbirləri daha çox iqtisadi ədalət sisteminin təmin olunması və
rəqabət mədəniyyətinin təşviqinə xidmət edir

- Haqsız rəqabətin müşahidə edildiyi sahələrdən biri də reklam sahəsidir. Bəzən reklamlarda istehlakçını çaşdıran məlumatlardan istifadə edilir ki, bu da onun seçim sərbəstliyinə təsir göstərir. Rəqabət Məcəlləsinin tətbiqindən sonra bu kimi halların qarşısının alınması üçün dövlət nəzarəti tədbirləri indikindən nə ilə fərqlənəcək?

- Qüvvədə olan “Haqsız rəqabət haqqında” Qanun ilə müqayisədə Rəqabət Məcəlləsində qeyd olunan məsələyə daha ətraflı izahlar və anlayışlar verilib. Belə ki, Məcəlləyə əsasən, məhsulun satışı, yaxud danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması, müştərini çaşdıra bilən tərzdə öz məhsulunun rəqibin məhsulu ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim olunması, məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir. Həmçinin qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi qanunsuz hərəkətlər hesab olunur.

Rəqabət Məcəlləsi ölkədə azad və sağlam rəqabətin təmin olunması, qorunması və
inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə
dövlət nəzarətini, bu sahədə tənzimlənməni, habelə məsuliyyəti müəyyən edir

- Reklam demişkən, texnologiyanın hazırkı sürətli inkişafı ilə yeni reklam daşıyıcıları meydana gəlib. Bu isə bir növ müvafiq sahədə tənzimləmə işlərini çətinləşdirir. Bu sahədə yaxın gələcəkdə qanunvericilikdə hər hansı dəyişiklik edilməsi nəzərdə tutulurmu?

- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklam fəaliyyətinə dövlət nəzarətini (açıq məkan istisna olmaqla) həyata keçirir. Bu sahədə tərəfimizdən mütəmadi olaraq monitorinqlər həyata keçirilib, quruma daxil olan müraciətlər əsasında araşdırmalar aparılaraq pozuntu əlamətləri təhlil edilib. Nəticədə belə hallara daha çox reklam subyektləri tərəfindən rəqəmsal platformalarda (internet saytları və sosial şəbəkələr) yayımlanan reklamlar zamanı yol verildiyi müəyyən edilib. Belə ki, internet şəbəkəsi və texnologiyanın inkişafı səbəbindən yeni reklam daşıyıcılarının mövcud imkanlarla (reklam banerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər və s.) təchiz edilməsinə baxmayaraq, “Reklam haqqında” Qanunda sözügedən məsələləri tənzimləyən konkret xüsusi normaların olmaması bir çox hallarda reklam subyektlərində çaşqınlıq yaranmasına səbəb olur və bu sahədə dövlət nəzarətinin aparılmasında çətinlik yaradır. Bu kimi halların aradan qaldırılması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinə dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanıb. Layihənin hazırlanması zamanı beynəlxalq təcrübə, xüsusilə Avropa İttifaqının reqlament və direktivləri, Türkiyə, Rusiya və digər ölkələrin normativ aktları öyrənilib. Layihəyə əsasən, qanunvericiliyə rəqəmsal platforma və rəqəmsal platforma təsirçisi (“influenser”) də daxil olmaqla, yeni anlayışların daxil olunması, bir sıra normativ aktlara müvafiq dəyişikliklərin edilməsi, habelə internet informasiya ehtiyatlarında yayımlanan reklamların xüsusiyyətlərinin tənzimlənməsi üçün müvafiq normaların əlavə olunması nəzərdə tutulur. Hasab edirik ki, qanun layihəsinin qəbul edilməsi rəqəmsal platformalarda yayımlanan reklamlar zamanı reklam subyektlərinin hüquq və qanuni mənafelərinin daha effektiv qorunmasına, habelə reklam fəaliyyətinə dövlət nəzarətinin daha etibarlı təmin edilməsinə səbəb olacaq.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?